Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1199/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Malıyeviçin iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X8 ilə birlikdə ona məxsus olan Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi 8 saylı evdən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı ******* saylı çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 149,5 kv.m yaşayış sahəsi 40,7 kv.m, yardımçı sahəsi 108,8 kv.m, 2 yaşayış otağı olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin ünvanda iddiaçı ilə yanaşı iddiaçının oğlu, xx.xx.1991-ci il təvəllüdlü X3 və iddiaçının qızı, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh pasport qeydiyyatındadır. İddiaçının qızı Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi qaydada ərə gedərək ərinin evinə köçmüş, orada xx.xx.2022-ci il təvəllüdlü Amil adlı oğlan uşağı olmuş və köçdüyü tarixdən faktiki olaraq iddiaçının evində yaşamır. Cavabdeh yaşayış sahəsindən 2 ilə yaxındır ki, istifadə etmir, onunla iddiaçı arasında ailə münasibətləri kəsilmişdir. Həmin evdə cavabdeh heç bir təsərrüfat işləri aparmır. Hazırda, cavabdeh daimi surətdə başqa yerdə yaşayır. Onun bu yaşayış sahəsinə ehtiyacı yoxdur. Cavabdehlə iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş hər hansı saziş mövcud deyil. Hesab edir ki, cavabdehin iddiaçının evindən istifadə etmək hüququ artıq sona çatmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz göndərərək iddia tələbinin rədd edilməsi xahiş edərək bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ər evinə köçsə də, hazırda həyat yoldaşı ilə yaşadığı evə dair mülkiyyət hüquqlarını təsdiq edən heç bir sənəd yoxdur. İddiaçı eyni zamanda onun anasını da 2022-ci ilin dekabr ayından evdən çıxarmışdır. Hazırda anası onunla birlikdə yaşayır. Halbuki, atasına məxsus fərdi yaşayış evinə dair mülkiyyət hüquqları xx.xx.2014cü il tarixdə qeydə alınan zaman atası və anası rəsmi nikahda olmuşlar və bu da onu göstərir ki, həmin fərdi yaşayış evinə dair anasının ½ hissədə mülkiyyət hüquqları vardır. Mübahisə predmeti olan fərdi yaşayış evində doğulduğu xx.xx.1994-cü il tarixdən evdən getdiyi xx.xx.2021-ci il tarixə qədər yaşamışdır. Bu baxımdan hazırkı mübahisəyə xx.xx.2009-cu il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin etirazını tədqiq edib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında sahəsi 0,01768 ha dövlət mülkiyyəti növündə torpağın üzərində inşa edilmiş 2 mərtəbəli, ümumi sahəsi 149.5 kv.m, yaşayış sahəsi 40,7 kv.m, yardımçı sahəsi 108,8 kv.m və yaşayış otaqlarının sayı 2 olan fərdi yaşayış evi tam paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 275 nömrəli reyestr kitabının 25584 nömrəli vərəqində qeydiyyata alınmışdır. -5 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh və xx.xx.1991-ci il təvəllüdlü X1r. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 560 saylı arayışın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvan 2 ünvanda yaşayan digər şəxslər onun əri X4, oğlu X6r. - 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 434348 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2021-ci ilin aprel ayının 01-də 893 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşıyev, arvada Baxşıyeva soyadları verilmişdir. - "E-məhkəmə" informasiya sistemindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X9 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh doğulduğu xx.xx.1994-cü il tarixdən etibarən rəsmi nikah bağladığı xx.xx.2021-ci il tarixə qədər həmin ünvanda yaşamışdır. Rəsmi nikah bağlayıb könüllü olaraq qeyd edilən mənzildən ərinin yaşadığı ünvana köçmüşdür. Cavabdeh mübahisə predmeti olan evdə 2 ilə yaxındır ki, yaşamır. Cavabdeh həmin mənzilə daimi qeydiyyata alınsa da, hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir ondan asılı olmayan səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh ailə qurduqdan sonra mübahisəli mənzildən köçmüş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisə predmeti olan mənzilə dair istifadə hüququ anadan olduğu tarixdən- yəni 1994cü idən yarandığına görə hazırkı mübahisə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123, 60 və 87-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Bununla da müəyyən edilir ki, cavabdeh mübahisə predmeti olan mənzildən daimi olaraq başqa yerə köçmüş və o, altı aydan çox keçən müddət ərzində həmin mənzilə qayıtmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sözügedən evə dair cavabdehin rəsmi nikah bağlayaraq oradan köçməsi və 06 aydan artıq müddətdə (təxminən iki il ərzində) həmin ünvana yaşamaması ilə mübahisəli ev üzərində cavabdehin hüquqları itirilmişdir. Buna görə də, cavabdehin mübahisəli mənzildə istifadə hüququ qala bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, on dörd yaşına çatmamış yetkinlik yaşına çatmayan şəxslərin yaşayış yeri onların valideynlərinin yaşayış yeri hesab edildiyindən, Cavabdeh hazırkı iddia predmeti olan evə istifadə hüquqları itirildiyindən, onun azyaşıl uşağı X5 da həmin ünvandan istifadə hüquqları itirilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mülkiyyətində olan evdən cavabdehin istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh və azyaşlı uşağı X5 Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 8 saylı evdən istifadə hüquqları itirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1199/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1199/2023
25.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver