Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1224/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qaytarılması və dəymiş maddi və mənəvi zərər əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hövsan Südçülük soxvozunda ona məxsus olan 0,08 hektar torpaq sahəsini onun razılığı olmadan satdıqları üçün həmin torpaq sahəsinin özünə qaytarılması, yaxud həmin torpaq sahəsinin hazırki bazar qiyməti ilə uyğunlaşdırılaraq pulunun verilməsi, həmçinin bu dövr ərzində ona vurduqları maddi və mənəvi ziyana görə ona 10000 (on min) manat təzminat verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mənzil sahəsinə olan tələbatının təmin olunması məqsədi ilə keçmiş Əzizbəyov hazırki Xəzər rayon İcra Başçısına ərizə ilə müraciət etmişdir. Abşeron rayon X2 üzrə Aqrar İslahat Komissiyasının 30.04.2005-ci il tarixli 05 saylı qərarından çıxarışda rayon İcra Hakimiyyətinin 21.02.2005-ci il tarixli Q-13 saylı məktubuna əsasən İ qrup Qarabağ müharibəsinin əlili kimi ona 0,08 hektar fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin dövrlərdə o müharibə veteranı kimi ağır xəstə olduğu üçün orada heç bir tikinti işi apara bilmədi. Günüm ancaq xəstəxanalarda keçirdi. Həmin vaxtlar Aqrar İslahat Komissiyasının sədri işləmiş Cavabdeh2 və Aqrar İslahat Komissiyasının üzvü olmuş X1 həmin torpaq sahəsi ona verildikdən sonra mütəmadi olaraq ona bildirirdilər ki, əgər bu torpaq sahəsini satmaq fikrin varsa onlara satsın. O onlara bildirdi ki, onun həmin torpağı satmaq fikri yoxdur. Elə oldu ki, onun vəziyyəti pisləşdiyi üçün o xəstəxanaya düşdü. Qayıdandan sonra ona bəlli oldu ki, bu şəxslər ona məxsus olan torpaq sahəsini başqa şəxslərə satmışlar. Onların əlində pul və hakimiyyət olduğu üçün onlar Abşeron rayon Dövlət arxiv idarəsinə də təsir edərək X2 Aqrar İslahat Komissiyasının sənədlərini ya Arxivə verməmiş, ya da Arxivdə it-bata salmışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat veərərk, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, məhkəmə mülki işə cavabdehlərin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hazırki halda iddiaçı iddianın əsaslığını sübut edən dəllilləri təqdim etmədiyindən iddia təmin edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən Hövsan Südçülük soxvozunda ona məxsus olan 0,08 hektar torpaq sahəsini onun razılığı olmadan satdıqları üçün həmin torpaq sahəsinin özünə qaytarılması, yaxud həmin torpaq sahəsinin hazırki bazar qiyməti ilə uyğunlaşdırılaraq pulunun verilməsi, həmçinin bu dövr ərzində ona vurduqları maddi və mənəvi ziyana görə ona 10000 (on min) manat təzminat verilməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən Hövsan Südçülük soxvozunda ona məxsus olan 0,08 hektar torpaq sahəsini onun razılığı olmadan satdıqları üçün həmin torpaq sahəsinin özünə qaytarılması, yaxud həmin torpaq sahəsinin hazırki bazar qiyməti ilə uyğunlaşdırılaraq pulunun verilməsi, həmçinin bu dövr ərzində ona vurduqları maddi və mənəvi ziyana görə ona 10000 (on min) manat təzminat verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1224/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1224/2022
27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver