Məhkəmə qərarları › İş №2(003)-1350/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1350/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1350/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış evindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi ev 36N saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi ev 36N saylı fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən iddiaçının mülkiyyətindədir. xx.xx.2016-cı il tarixli vərəsəlikdən miras payının bağışlanması barədə notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən mərhum yoldaşı X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi ev 36N fərdi yaşayış evi üzrə Cavabdeh və X5ra düşən 1/3 hissəni ona bağışlamışlar. O, iş üzrə Cavabdeh anasıdır. 2022-ci ilin dekabr ayında qızı, Cavabdeh onu evdən məcburi şəkildə çıxarmış, hazırda mülkiyyətində olan fərdi yaşayış evinə daxil ola bilmir. Cavabdeh onu mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməyə maneçilik törədir. Halbuki onun özünə məxsus fərdi yaşayış evi vardır. Onun evində formal qeydiyyatda olmaqla, ona məxsus fərdi yaşayış evindən qanunsuz formada istifadə edir. Cavabdehin mənzildə formal olaraq pasport qeydiyyatında qalması mülkiyyət hüququnu məhdudlaşdırır. Odur ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi ev 36N saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi ev 36N saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etməklə yanaşı izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində yerləşən 36N nömrəli fərdi yaşayış evi mərhum ərindən miras qalmışdır. İş üzrə cavabdeh onun qızıdır. Cavabdeh və digər qızı həmin yaşayış evinə olan miras paylarını ona bağışlamışlar. Hazırda cavabdeh onu və digər qızını evdən qovmuşdur. 5 ildir ki, evə daxil ola bilmir. Cavabdehin villası vardır və yaxşı yerdə işləyir. Birlikdə yaşadıqları vaxtı cavabdeh ona zülm vermiş, öz otağından çıxa bilməmişdir. Hazırda həmin evdə cavabdeh tək yaşayır. Həmçinin bildirmişdir ki, cavabdehin miras əmlakdan payının ona bağışlaması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi 36N nömrəli fərdi yaşayış evi atasından miras qalmışdır. Miras qalmış həmin evin ona məxsus olan 1/3 hissədə payını anasına bağışlamamışdır. O, həmin evi yalnız anasının adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Belə ki, notariat kontorunda miras payının anasına bağışlaması barədə məlumatı olmamışdır. O, anasını evdən qovmamışdır. 5 il əvvəl evə gələndə anasının və bacısının evdə olmadığını görmüşdür. Bu barədə onlardan soruşduqda isə ona başqa ev tutduqlarını və orada yaşayacaqlarını bildirmişlər. Buna baxmayaraq anası daimi gəlib evdə qalmışdır. Lakin, hazırki iddia ilə məhkəməyə müraciət etməzdən 1 ay əvvəl evdən çıxmış və qayıtmamışdır. Hazırda həmin evdə tək yaşayır və başqa yaşayış yeri yoxdur. Mülkiyyətində torpaq sahəsi var və həmin torpaq sahəsində ev tikir. Lakin, həmin evin yalnız divarları inşa olunmuş və yaşayış üçün yararlı deyil. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində yerləşən 36N nömrəli (66.1 kv.m olan) fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri, 25 saylı Notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş mərhum X6 adına açılmış 2V-281 nömrəli vərəsəlik işinin notarial qaydada təsdiq edilmiş materiallarından görünür ki, X8 xx.xx.2013-cü ildə ölmüş, FM seriyalı və 017308 nömrəli qeydiyyat vəsiqəsi əsasında ona məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov (K.Bolşevik) küçəsində yerləşən 66.1 kv.m olan 36 nömrəli fərdi yaşayış evinə dair arvadı İddiaçı, qızı Cavabdeh və qızı X7 hər birinə 1/3 hissədə xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin tarixli vərəsəlikdən miras payın bağışlanması haqqında müqavilə əsasında Cavabdeh və X10 miras qalmış əmlakdan onlara düşən 1/3 hissədə vərəsəlik paylarını İddiaçı bağışlamışlar. “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, Cavabdeh, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi ev 36-da pasport qeydiyyatındadır. Mülkiyyətində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi qəsəbində yerləşən 0,03 ha torpaq sahəsi vardır. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər yaxın qohumdurlar (ana və övladdır). Mübahisə predmetinə daxil olan fərdi yaşayış evi miras qalmış əmlak olmaqla, əvvəllər həmin əmlaka dair iş üzrə tərəflərin vərəsəlik qaydada miras payları müəyyən olunmuş, sonra isə cavabdeh və digər vərəsə öz paylarını analarına (iddiaçıya) bağışlamışlar. Həmin ev tam olaraq xx.xx.2017-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında isə göstərilmişdir ki, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Qeyd olunan qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Cavabdeh mübahisə predmetinə daxil olan fərdi yaşayış evinə dair miras payını iddiaçıya bağışlamaqla mülkiyyət hüququnu itirsə də, həmin evi tərk etməmiş və orada yaşamaqla istifadə hüququ (məhdud əşya hüququ) qalmışdır. Belə ki, o, mübahisə predmetinə daxil olan fərdi yaşayış evinin mülkiyyətçisi olmuş mərhum X2 olmaqla orada yaşamış, hazırda isə həmin evin mülkiyyətçisi olan İddiaçı da ailə üzvü (qızı) olmaqla həmin evdə yaşayır. Bundan başqa iddiaçı, cavabdehin mülkiyyətində başqa yaşayış sahəsinin olmasını iddia etsə də bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, bu hal işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Bununla da cavabdehin mübahisə predmetinə daxil olan yaşayış sahəsinə ehtiyacının aradan qalxması iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində yerləşən 36N saylı fərdi yaşayış evinə olan ehtiyacının aradan qalxmasının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, onun həmin evdən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi mümkün deyil və yaşayış evinə istifadə hüququ olan cavabdehin həmin evdən çıxarılması tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi ev 36N saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin evdən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar