Məhkəmə qərarları › İş №2(003)-142/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-142/2023

14.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-142/2023 14.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakda payların müəyyən edilməsi və sair” tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “miras əmlakda payların müəyyən edilməsi, əmlakın paylara uyğun naturada bölgüsü, həyətyanı sahənin paylara uyğun bölünüb mərzlənərək yenidən hasarlanması, qanunsuz zəbt olunmuş otaqların boşaldılaraq qanuni sahibinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı miras əmlakda paylarının müəyyən edilməsi, həmin əmlakın paylara uyğun naturada bölgüsünə, həyətyanı sahənin paylara uyğun bölünüb mərzlənərək müştərək qaydada yenidən hasarlanması, qanunsuz zəbt olunmuş otaqların boşaldılaraq qanuni sahibinə qayarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X19 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Keçmiş Əzizbəyov rayon XDSİK-nin xx.xx.1959-cu il tarixli qərarı ilə X12 fərdi yaşayış evinin (indiki Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 4 ev 15-15A) tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Burada inşa edilmiş ümumi sahəsi 137.2 kv.m olan daşınmaz əmlakın 2 otağı 26.3 kv.m-i və qalan hissədən bir hissə iddiaçının mülkiyyətindədir. X2 Həqiqət Əbdüləhməd qızı ilə qanuni nikaha daxil olmuş, bu nikahdan onların Məryəm, Səlməxanım, Almaz və Zülfi adlı övladları olmuşdur. Ata vəfat etdikdən sonra onun qeyd edilən ünvanda yerləşən əmlakı üç övladı arasında bərabər nisbətdə bölünərək paylı mülkiyyətə çevrilmiş, daha sonra anası Məryəm, xalası Səlməxanım öz paylarını iddiaçıya vəsiyyət etmişlər. Lakin cavabdeh qanunsuz olaraq fərdi yaşayış evinin ona aid olmayan, 1-ci mərtəbədə yerləşən texniki sənəd üzrə 1-nömr\li sahəni zəbt edərək onunla birgə yaşayış qaydalarını mümkünsüz etmişdir. Hazırda tərəflərin, yəni İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payı mövcuddur. İş üzrə verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə uyğun olaraq mübahisəli fərdi evi təcrid şəklində naturada bölünməsinə razıdırlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, onun mübahisə predmeti olan yaşayış sahəsinə 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payı mövcuddur. Ekspert rəyinə etirazı yoxdur və bölgünün ekspert rəyində göstərilən qaydada naturada ayrılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda evin 1-ci mərtəbəsinin 1 nömrəli sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, həmin sahənin onun payına aid olduğunu bildirərək cavabdeh tərəfindən həmin sahənin boşaldılaraq ona təhvil verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X17 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ƏMDK-nin DƏDRX tərəfindən verilmiş çıxarışda ümumi sahəsi 137.2 kv.m olan daşınmaz əmlakın 2 otağı 26.3 kv.m-i və qalan hissədən bir hissə iddiaçının, qalan hissədən bir hissə isə cavabdehin mülkiyyətinə verilmişdir. Ekspert rəyində göstərilən bölgü ilə qismən razıdır. Belə ki, təsərrüfat otağı təyinatlı, sahəsi 15,1 kv.m olan 1-ci mərtəbənin 1 nömrəli sahəsi ilə bağlı olan hissədə razı deyildir. Həmin sahədən halhazırda cavabdeh faktiki olaraq istifadə edir. İddiaçı tərəf onlara məxsus torpaq sahəsini tutmuşdur. Məhkəmə, işdə iştirak edən şəxlsərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1083 saylı sərəncamından görünür ki, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 4 ev 15- 15A ünvanında yerləşən fərdi yaşayış sahəsi X8 adına verilmişdir. -08 may 1999-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 4 ev 15-15A saylı yaşayış sahəsindən onun payı olan üçdə bir hissəsini qızı İddiaçı vəsiyyət etmişdir. -08 may 1999-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X1 qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 4 ev 15-15A saylı yaşayış sahəsindən ona çatan payını (yəni evin üçdə bir hissəsini) İddiaçı vəsiyyət etmişdir. -xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə təsdiq edilmiş 2B/1-52 reyestr nömrəsi ilə qeydiyyata alınmış vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 4-də yerləşən 15-15A saylı fərdi yaşayış evi (0.0115 ha torpaq sahəsi) paylı mülkiyyətçilər Cavabdeh qalan hissədən bir hissə və İddiaçı isə 2 otaq - 26.3 kv.m və qalan hissədən bir hissə məxsusdur. Eyni zamanda həmin çıxarışa əsasən 0.0115 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla dövlət mülkiyyətindədir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6812 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 4-də yerləşən 15-15A saylı fərdi yaşayış evinin paylardan qismən kənara çıxmaqla naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 1, 2 və 5 nömrəsi ilə qeydə alınmış sahələr, 2-ci mərtəbədən isə texniki pasport sənədində 3, 4, 5 və 6 nömrəsi ilə qeydə alınmış sahələr iş üzrə iddiaçının, 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 və 4 nömrəsi ilə qeydə alınmış sahələr və 2-ci mərtəbədən isə texniki pasport sənədində 1 və 2 nömrəsi ilə qeydə alınmış sahələr iş üzrə cavabdehin istifadəsinə verilməlidir. Həyətyanı torpaq sahəsi faktiki olaraq mişar daşından inşa edilmiş hasar ilə bölünmüşdür və həmin bölgü variantı paylara uyğun şəkildədir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6812 saylı ekspert rəyinə əlavə edilmiş bölgü sxemə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 4-də yerləşən 15-15A saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 1 və 2, 2 və 5, 3 və 4 nömrəli sahələrin arasında qapı açılmalı, 1 və 2 nömrəli sahələrlə 3 nömrəli sahənin arasında olan qapı bağlanmalıdır. 2-ci mərtəbədə isə 2 və 3 nömrəli sahələrin arasında olan qapı və pəncərə bağlanmalı, 4 ilə 5 və 5 ilə 6 nömrəli sahələrin arasında, həmçinin 1 və 2 nömrəli sahələrin arasında qapı açılmalıdır. -Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, mübahisə predmetinə daxil olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 4-də yerləşən 15- 15A saylı fərdi yaşayış evinə dair tərəflərin payları daha əvvəldən müəyyən edilmişdir. Hazırda İddiaçı 2 otaq-26.3 kv.m və qalan hissədən bir hissə, Cavabdeh isə qalan hissədən bir hissə formasında payları mövcuddur. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan fərdi yaşayış evinin naturada təcrid şəklində bölünməsi mümkündür. Eyni zamanda həmin bölgü evin 1-ci mərtəbəsində yerləşən və cavabdehin istifadəsində olan 1 nömrəli sahə istisna edilməklə, evin real şəkildə bölgüsü ilə eynidir və tərəflər bu bölgü ilə razıdırlar. Bundan başqa 0.0115 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları olmaqla dövlət mülkiyyətindədir. İşin müəyyən edilmiş hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli və iş üzrə mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 4-də yerləşən 15-15A saylı fərdi yaşayış evi naturada təcrid şəklində bölünməklə evin 1-ci mərtəbəsində yerləşən 1 (sahəsi 15.1 kv.m), 2 (sahəsi 11.2 kv.m) və 5 (sahəsi 21.1 kv.m) nömrəli sahələr, 2-ci mərtəbəsində yerləşən 3 (sahəsi 14.7 kv.m), 4 (sahəsi 11.6 kv.m), 5 (sahəsi 14.8 kv.m) və 6 (sahəsi 4.2 kv.m) nömrəli sahələr iddiaçının, evin 1-ci mərtəbəsində yerləşən 3 (sahəsi 23.1 kv.m) və 4 (sahəsi 17.8 kv.m) nömrəli sahələr, 2-ci mərtəbəsində yerləşən 1 (sahəsi 19.4 kv.m) və 2 (sahəsi 23.1 kv.m) nömrəli sahələr cavabdehə ayrılmalıdır. Eyni zamanda ekspert rəyindən görünür ki, tədqiqat obyektinə baxış keçirilən zaman **********03-10301 reyestr nömrəli texniki pasportda qeyd olunan 1 və 2 nömrəli sahələrin faktiki olaraq 3, 4, 5 və 6 nömrəli sahələrdən təcrid şəkildə ayrıldığı, ayrılan sahələrə aid ayrıca giriş-çıxış qapılarının açıldığı, yaşayış və yardımçı sahələrdən ibarət olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi 4-cü döngədə yerləşən 15-15A nömrəli fərdi evin 1-ci mərtəbəsində açılmalı və bağlanmalı olan qapılar, 2-ci mərtəbəsində isə açılmalı və bağlanmalı olan qapı və pəncərələr ekspert rəyində göstərilən bölgü sxemə uyğun olaraq həll edilməlidir. Bundan başqa, məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış evinin 1-ci mərtəbəsinin 1 nömrəli sahəsindən cavabdeh hal-hazırda faktiki istifadə edir. Bu isə özü-özlüyündə ekspert rəyində göstərilən natura qaydasında bölgüyə uyğun deyildir və bu səbəbdən cavabdeh tərəfindən həmin sahə boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmalıdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi 4-cü döngədə yerləşən 15-15A nömrəli fərdi ev naturada təcrid şəklində bölünməklə evin 1-ci mərtəbəsində yerləşən 1 (sahəsi 15.1 kv.m), 2 (sahəsi 11.2 kv.m) və 5 (sahəsi 21.1 kv.m) nömrəli sahələr, 2-ci mərtəbəsində yerləşən 3 (sahəsi 14.7 kv.m), 4 (sahəsi 11.6 kv.m), 5 (sahəsi 14.8 kv.m) və 6 (sahəsi 4.2 kv.m) nömrəli sahələr iddiaçının, evin 1-ci mərtəbəsində yerləşən 3 (sahəsi 23.1 kv.m) və 4 (sahəsi 17.8 kv.m) nömrəli sahələr, 2-ci mərtəbəsində yerləşən 1 (sahəsi 19.4 kv.m) və 2 (sahəsi 23.1 kv.m) nömrəli sahələr cavabdehin istifadəsinə verilməli, Həmin evin 1-ci mərtəbəsində açılmalı və bağlanmalı olan qapılar, 2-ci mərtəbəsində isə açılmalı və bağlanmalı olan qapı və pəncərələr ekspert rəyində göstərilən bölgü sxemə uyğun olaraq həll edilməli, evin 1-ci mərtəbəsində yerləşən 1 nömrəli sahə (sahəsi 15.1 kv.m) cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməli və ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi 4-cü döngədə yerləşən 15-15A nömrəli fərdi ev naturada təcrid şəklində bölünməklə evin 1-ci mərtəbəsində yerləşən 1 (sahəsi 15.1 kv.m), 2 (sahəsi 11.2 kv.m) və 5 (sahəsi 21.1 kv.m) nömrəli sahələr, 2-ci mərtəbəsində yerləşən 3 (sahəsi 14.7 kv.m), 4 (sahəsi 11.6 kv.m), 5 (sahəsi 14.8 kv.m) və 6 (sahəsi 4.2 kv.m) nömrəli sahələr iddiaçının, evin 1-ci mərtəbəsində yerləşən 3 (sahəsi 23.1 kv.m) və 4 (sahəsi 17.8 kv.m) nömrəli sahələr, 2-ci mərtəbəsində yerləşən 1 (sahəsi 19.4 kv.m) və 2 (sahəsi 23.1 kv.m) nömrəli sahələr cavabdehin istifadəsinə verilsin. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi 4-cü döngədə yerləşən 15-15A nömrəli fərdi evin 1-ci mərtəbəsində açılmalı və bağlanmalı olan qapılar, 2-ci mərtəbəsində isə açılmalı və bağlanmalı olan qapı və pəncərələr ekspert rəyində göstərilən bölgü sxemə uyğun olaraq həll edilsin. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Dəmiryolçular küçəsi 4-cü döngədə yerləşən 15-15A nömrəli fərdi evin 1-ci mərtəbəsində yerləşən 1 nömrəli sahə (sahəsi 15.1 kv.m) cavabdeh tərəfindən boşaldılsın və iddiaçıya təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar