Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1430/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı notariat ofisinə və "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı notariat ofisinə və "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi və iddia icraatına keçirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X2 xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif eidlmişdir ki, həmin sənədlər üzrə Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı FR/47871/72 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2899,72 manat tutulması, bundan əlavə təklif edilir ki, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat pul tutulması qərara alınmışdır. İcra qeydindən icra və probasiya şöbəsində olarkən xəbər tutmuş və rəsmi qaydada 22 fevral 2022-ci il tarixdə əldə etmişdir. İcra qeydi ləğv edilməklə işə məhkəmə qaydasında baxılmalıdır. Belə ki, o, 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Bank of Baku-dan 3331, manat kredit götürmüş və vaxtlı-vaxtında ödənişlər etmişdir. Buna baxmayaraq, cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisi onun barəsində 2919,72 manat pul tutulması barədə icra qeydi vermişdir. Hesab edir ki, ödənilmiş borclar nəzərə alınmamışdır və iş üzrə mühasibatlıq ekspertizası təyin edilməklə borcun məbləği dəqiqləşdirilməlidir. Belə ki, borcu restrukturizasiya olunmaqla 900 manat olmalıdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bank tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq göndərilməmişdir. İş materiallarında olan qaimədəki onun imzası deyildir. Bank ona xəbərdarlıq etmədən, birbaşa icra qeydinin verilməsi üçün müraciət etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirmişdir ki, icra qeydinin ləğv edilməsi üçün heç bir əsası yoxdur. İddiaçı ödənişlərini gecikmə ilə və qrafikdə göstərilən məbləğdən az ödəniş həyata keçirmişdir. Çıxarışdan da görünür ki, iddiaçı sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ödəniş etmiş və bundan 3 ay, məhkəməyə müraciət etdikdən sonra xx.xx.2022-ci il tarixdə 150 manat ödəniş etmişdir. Bu da bir daha onu göstərir ki, iddiaçı ödənişdən yayınmaq üçün iddia ilə məhəkməyə müraciət etmişdir. Hətta bildirişi şəxsən özü qəbul edərək imzalamışdır. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 25 saylı notariat kontoru məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh2 ASC ilə 21 noyabr 2019-cu il tarixdə İddiaçı arasında bağlanmış güzəştli kredit müqaviləsinə əsasən bank 3331.72 manat məbləğində krediti 5 il müddətinə borcluya vermişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı hər ay banka 482 manat (sonuncu ay 474 manat) ödəniş etməli idi. İş materiallarında olan Cavabdeh2 ASC xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanı üzrə İddiaçı borcun ödənilməsi haqqında bildiriş göndərmiş və borcun 20 gün ərzində ödənilmədiyi halda “Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcun tutulması barədə notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdar edilmişdir. İş materiallarında olan 093788 saylı qaimədən görünür ki, Cavabdeh2 ASC-nin xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanı üzrə İddiaçı borcun ödənilməsi haqqında göndərdiyi bildiriş imza edilməklə qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə icra qeydi aparılmışdır. İşdən görünür ki, cavabdeh iddiaya etiraz edərək, ona xəbərdarlıq məktubunun göndərilmədiyini, qaimədə olan imzanın ona məxsus olmadığını bildirmiş, bununla bağlı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2022-ci il tarixli 4/1102 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 093788 nömrəli qaimənin kserosurətində “İddiaçı” yazıları qarşısında əks olunmuş imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Beləliklə, Cavabdeh2 ASC tərəfindən borclu İddiaçı göndərilmiş bildirişin borclunun özünə təqdim edilmədiyi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 ASC ilə 21 noyabr 2019-cu il tarixdə İddiaçı arasında bağlanmış kredit sazişinə əsasən bank 3331,72 manat məbləğində krediti 5 il müddətinə borcluya vermişdir. Cavabdeh2 ASC xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanı üzrə İddiaçı borcun ödənilməsi haqqında bildiriş göndərmiş və borcun 20 gün ərzində ödənilmədiyi halda “Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcun tutulması barədə notarius tərəfindən icra qeydinin aparılması barədə xəbərdarlıq edilmiş, lakin məktub borcluya deyil başqa şəxsə təqdim edilmişdir. Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə icra qeydi aparılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İşdən də, müəyyən edildiyi kimi, Cavabdeh2 ASC qanunun tələblərinə riayət etməklə xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanı üzrə İddiaçı borcun ödənilməsi haqqında bildiriş göndərmiş, lakin məktub ona təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, Cavabdeh2 ASC tərəfindən İddiaçı 5 il müddətinə 3331,72 manat məbləğində krediti pul vəsaiti verilməsi və İddiaçı bank qarşısında kredit müqaviləsi əsasında öhdəliklər daşıması işin mübahisəsiz hallarına aiddir. Lakin nəzərə almaq lazımdır ki, borc pul vəsaitinin icra qeydi verilməklə tələb edilməsinin qaydaları qanunvericiliklə tənzimlənir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə icra qeydinin verilməsi üçün borcludan tələb edilən borc mübahisəsiz olmalı və təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində həmçinin göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İş materiallarından göründüyü kimi tələbkar tərəfindən borcluya bildiriş göndərilsə də, həmin bildiriş borcluya təqdim edilməmişdir. Halbuki, iddiaçı hazırda borcun düzgün hesablanmadığını və borcunun şişirdildiyini bildirir və məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini tələb edir. Göründüyü kimi borcludan tələb edilən borc məbləği iddiaçı tərəfindən mübahisələndirildiyindən və bildiriş borcluya rəsmi qaydada çatdırılmadığından Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin icra qeydinin ləğv edilərək mülki işin iddia icraatına keçirilməsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). İş materiallarında olan rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 138,0 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci Bakı şəhəri 25 saylı Notariat Ofisindən və Cavabdeh2 ASC-dən birgə qaydada birgə qaydada tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, 138,0 manat məhkəməxəttşünaslıq ekspertizasının xərcinin 69,0 manatı Bakı şəhəri 25 saylı Notariat Ofisindən, 69,0 manatı isə Cavabdeh2 ASC-dən birgə qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 138,0 manat xərcinin 69,0 manatı Bakı şəhəri 25 saylı Notariat Ofisindən, 69,0 manatı isə Cavabdeh2 ASC-dən birgə qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1430/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1430/2022
07.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver