Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1444/2021 18.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətdən çıxarılmaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0.12 ha olan 1428 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinin tam boşaldılaraq iddiaçının sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, İŞ № 2(003)- 1732/2014 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,12 hektar olan 1428 saylı bağ sahəsinə vərəsəlik hüququ tanınıb. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verib və Bakı Apelyasiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyib və Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, İŞ № 2(003)-1732/2014 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılıb. AR Ali Məhkəməsinin 04 dekabr 2015-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyərək Bakı Apelyasiya Məhkəməsinin 14 may 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, İŞ № 2(003)- 1732/2014 saylı qətnaməsinin əsasında o, 06.11.2018ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki sahəsi 0,12 hektar olan 1428 saylı bağ sahəsinə mülkiyyət hüququ əldə edib. Cavabdeh babası olan X1 ilə aralarında böyük yaş fərqinin olmasına baxmayaraq, cavabdeh onun əmlakını əldə etmək üçün Hüseynov Qəni ilə birlikdə yaşayıb. Hüseynov Qəni vəfat etdikdən sonra isə mülkünü qeyri-qanuni ələ keçirib. Hazırda iddiaçı cavabdehdən torpaq sahəsindən çıxarılmasını dəfələrlə tələb etsə də, cavabdeh çıxmaqdan imtina edir. Ona görə də, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, № 2(003)-1732/2014 saylı qətnaməsindən görünür ki, həmin torpaq sahəsinin tam olaraq 12 sotuna iddiaçının vərəsəlik hüquqları tanınıb. Eyni zamanda Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki sahəsi 0,12 hektar olan 1428 saylı bağ sahəsi bütövlükdə iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, hazırda cavabdeh iddiaçının mülkiyyətindən çıxmaqdan imtina edir və iddiaçının mülkiyyətinə qeyri-qanuni sahiblik edir. Qeyd olunanlara əsasən, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0.12 ha olan 1428 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinin tam boşaldılaraq iddiaçının sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə mübahisəli bağ sahəsində yaşayırlar. Həmin evi həyat yoldaşı ilə birlikdə tikiblər. Bağ sahəsinin bütün işlərini, baxımını həmişə o özü həyata keçirib. İddiaçı bağ sahəsinə baxmayıb heç vaxt. Bağın işığı, suyu onun adınadır. Bundan əlavə, məhkəmə qətnaməsi ilə də vərəsəlik üzrə istifadə hüququ hər iki tərəfə müəyyən olunub. İddiaçının çıxarışı yalnız istifadə etmək hüququ verir, iddiaçı mülkiyyətçi deyil, onun evdən çıxarılmasını xahiş edə bilməz. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 183/2011 saylı 18 oktyabr 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsinə istifadə və icarə hüquqları əsasında vərəsəlik hüququnun tanınması qərara alınmışdır. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1732/2014 saylı 10 oktyabr 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsinə istifadə hüquqları əsasında İddiaçı vərəsəlik hüququnun tanınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı 06.11.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsi (yaşayış məntəqəsinin torpağı) İddiaçı xeyrinə yüklü edilərək istifadəsinə verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsindən çıxarılmasını tələb etmişdir. Cavabdeh həmin bağ sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamaqdadır. Həmin bağ sahəsinə dair 06.11.2018-ci il tarixində İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə edilmiş, həmin çıxarışla İddiaçı istifadə hüququ tanınmış, lakin mübahisəli fərdi yaşayış evinin hüquqi statusunda heç bir dəyişiklik baş verməmişdir. İşin mübahisəsiz hallarından görünür ki, hazırda cavabdehin faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1428 bağ sahəsinə iş üzrə hər iki tərəfin istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınmışdır. İddiaçı həmin bağ sahəsinin onun mülkiyyətində olduğunu əsas gətirərək, cavabdehin həmin əmlakdan çıxarılmasını tələb etsə də, öz tələbini əsaslandıran əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla həmin əmlaka onun mülkiyyət hüququ deyil, istifadə hüququ təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinin ona qaytarılmasına dair tələbi təmin edilə bilməz. Torpaq sahələri üzərində hüquqların yaranması əsasları qanunla konkret müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin maddənin 2-ci hissəsinə əsasən, Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İddiaçının tələb etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadığından, həmçinin cavabdehin həmin torpaq sahəsi üzərində istifadə hüququ qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinin ona qaytarılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının cavabdehi çıxarmaq istədiyi yaşayış sahəsi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun cavabdehə qarşı tələbi əsassızdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə İddiaçının Cavabdeh qarşı cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətdən çıxarılmaları tələbinə dair iddiası əsassız hesab edilərək, rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddiaçının Cavabdeh qarşı cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətdən çıxarılmaları tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1444/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1444/2021
18.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver