Məhkəmə qərarları › İş №2(003)-1540/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1540/2023

14.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1540/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X10 və əşyaları ilə birgə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 121 saylı sahədə 0,07 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 121 saylı sahədə 0,07 ha torpaq sahəsindən ibarət daşınmaz əmlak xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh 27 avqust 2009-cu il tarixdə onun oğlu, X11 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-cı il təvəllüdlü X10 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə oğlu, Elnur Qələndərov ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və alimentin tutulması qət edilmişdir. Bundan sonra Cavabdeh ona məxsus torpaq sahəsindən çıxmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş və məhkəmədən Cavabdeh azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X10 ilə birgə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 121 saylı sahədə yerləşən torpaq sahəsi və evdən çıxarılması və evin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 saylı sahə iddiaçıya məxsusdur və bu barədə Dövlət reyestrindən müvafiq çıxarış da verilmişdir. Cavabdeh hazırda heç bir əsas olmadan həmin torpaq sahəsində yerləşən evdə yaşayır və iddiaçını tikiliyə buraxmır. İddiaçı öz əmlakından sahiblik və istifadə edə bilmir. İzahatında həmçinin bildirmişdir ki, cavabdehin evə köçürülmə ilə bağlı qətnamədə iddiaçının adı keçmir. Həmin qətnamədə cavabdeh bu iş üzrə cavabdehin əri olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X12 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, cavabdeh Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında həmin evə köçürülmüşdür və hal-hazıradək iki azyaşlı uşaqları ilə birlikdə daimi olaraq orada yaşayır və başqa yaşayış yerləri yoxdur. Cavabdehin iddiaçının oğlu Elnur ilə evli olmuşdur. Cavabdeh 2009-cu ildən 2018-ci ilin iyul ayınadək daimi həmin evdə yaşamışdır. 2018-ci ildə Elnur onu həmin evdən qovduğuna görə cavabdeh evə köçürülmə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra isə məhkəmə qətnaməsi əsasında həmin evə köçürülmüşdür. Torpaq sahəsinə dair iddiaçının adına çıxarış olmasına baxmayaraq, tikili özbaşına tikilidir və iddiaçının həmin tikiliyə mülkiyyət hüququ yoxdur. Torpaq sahəsi əvvəllər bələdiyyə torpağı olmuşdur. Torpaq sahəsini 3 nəfər şəxs almışdır. Hazırda da torpaq sahəsində 3 tikili var. Buna baxmayaraq iddiaçı həmin şəxslərə qarşı iddia qaldırmamış, yalnız cavabdehə qarşı iddia irəli sürmüşdür. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, cavabdeh onun qızıdır. Qızı 13 ildir ki həmin evdə yaşayır. Hal-hazırda da uşaqları ilə birlikdə orada yaşayır. Qızı 2008-ci ildə evləndikdən sonra Suraxanıda əri ilə birlikdə qaynanasının evində 1 il 6 ərzində yaşamışdır. Onların toyundan qalan pula torpaq sahəsi hədiyyə olaraq alınmışdır. Ondan sonra 4-5 ay müddətində çətinliklə hazırki evi tikmişlər. Evin tikintisində o da köməklik etmişdir. Qızının əri Elnur bir neçə dəfə qızını döyüb xəsarət yetirmişdir. Elnurun da həmin evə yaşamaq hüququ var. Lakin o, içdikdən sonra qızını döydüyündən onu evdən aparmışlar. Qızının və azyaşlı nəvələrinin mübahisə predmeti olan hazırkı evdən başqa yaşamağa yerləri yoxdur. Onlar həmin evdən çıxarılacağı təqdirdə küçədə qalacaqlar. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 121 saylı sahə (0.07 ha torpaq sahəsi) xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X9 xx.xx.2022-ci il tarixdə ona verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 121 saylı sahəni (0.07 ha torpaq sahəsini) 15000 manata İddiaçı satmışdır. İş materiallarında olan Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-247/2019 saylı qətnaməsinin surətindən görünür ki, X11 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 Cavabdeh yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh xeyrinə hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-3689/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh (xx.xx.2009cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X10 ilə birlikdə) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi təzə sahədə yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X1 Nuranə Asif qızı ilə 2008-ci ildə faktiki nikaha, daha sonra xx.xx.2009cu ildə isə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahları dövründə 2008-2009-cu illərdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi təzə sahədə yerləşən fərdi yaşayış evi inşa olunmuş və tərəflər həmin evə köçərək orada iki azyaşlı uşağı ilə birlikdə yaşamış, ümumi birgə təsərrüfat aparmış, yaşayış sahəsindən birlikdə bərabər istifadə etmişlər. Ev özbaşına tikilidir. Həmçinin həmin qətnamədən görünür ki, Əliyeva X5 Elnur Əli oğlu ilə birgə nikahları dövründə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, təzə sahədə yerləşən fərdi yaşayış evində yaşadığından, ümumi təsərrüfat apardığından və yaşayış sahəsindən birlikdə bərabər istifadə etdiyindən, onun və iki azyaşlı uşağının cavabdehin istifadəsində olan evə köçürülməsi başqa şəxsin hüquqlarını pozmamaqla mümkün olduğundan Cavabdeh azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməli olduğu qənaətinə gəlinmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı əsasında X4 Binə qəsəbəsində 121 nömrəli sahədə 700 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında xx.xx.2022-ci il tarixdə X2 adına Dövlət reyestrindən çıxarış verilmişdir. İşin araşdırılmış hallarından görünür ki, mübahisə predmetinə daxil olan torpaq sahəsinin mülkiyyətçisi X9 olmuşdur. Həmin torpaq sahəsində olan, hazırda cavabdehin yaşadığı tikili, 2008-2009-cu illərdə tikilmiş və cavabdeh həmin vaxtdan orada yaşayır. Həmçinin cavabdehin mübahisə predmeti olan torpaq sahəsində yerləşən tikilidə köçürülüb yaşaması barədə qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi mövcuddur. İş üzrə iddiaçı isə mübahisə predmetinə daxil olan torpaq sahəsini xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almış və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Hazırki iş üzrə iddiaçının mübahisə predmetinə daxil olan torpaq sahəsinin mülkiyyətiçisi olmasını, eyni zamanda həmin torpaq sahəsində yerləşən tikilinin özbaşına tikili olmasını və həmin tikiliyə gələcəkdə yalnız iddiaçının mülkiyyət hüquqlarının tanınmasının mümkün olmasını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının mübahisə predmeti olan tikilidən cavabdehin çıxarılmasını tələb etmək hüququ vardır. Lakin, məhkəmə hesab edir ki, bu hüququnun həyata keçirilməsi mütənasib olmalı və cavabdehin hüquqlarını pozmamalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçının mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ yarananadək iş üzrə Cavabdeh 2008-2009-cu illərdən orada yaşamağa başlamış, 2018-ci ildə tikilidən çıxarılmış, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən o, həmin tikiliyə yenidən köçürülmüş və hal-hazırda iki azyaşlı uşaqları ilə birlikdə orada yaşayır. Bununla da məhkəmə hesab edir ki, cavabdehin həmin tikilidən istifadə hüququ yaranmışdır. Eyni zamanda qeyd olunur ki, iş üzrə cavabdehin başqa yaşayış yerinin olması barədə iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İstifadə hüququ ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarlarına əsasən bu hüquq məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, servitutdur. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan tikiliyə məhdud əşya hüququ (servitut hüququ) olan cavabdehin həmin hüquqa müvafiq qaydada xitam verilmədən çıxırılması tələbinin irəli sürülməsi əsaslı olmamaqla təmin edilməsi qanuna ziddir. Həmçinin məhkəmə, iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 121 saylı sahədə yerləşən torpaq sahəsindən çıxarılmasına dair hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması və həmin torpaq sahəsində iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin törədilməsi işin araşdırılmış halları ilə müəyyən edilmir. İddiaçı isə bu hallarla bağlı iddia ərizəsini əsaslandırmamış və işin araşdırılması zamanı da bu barədə faktlar və sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da görünür ki, iddiaçının cavabdehin torpaq sahəsindən çıxarılması tələbi formal xarakter daşıyır, hər hansı bir fakta əsaslanmır və mübahisə məhz cavabdehin azyaşlıq uşaqları ilə birlikdə həmin torpaq sahəsində yerləşən evdən çıxarılması ilə bağlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, konstitusiya məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna görə də yaşayış evindən istifadə hüququ olan cavabdehin həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə etmədən bu hüququnu həyata keçirməsi mümkün deyildir. Məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X10 ilə birgə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 121 saylı sahədə yerləşən torpaq sahəsi və evdən çıxarılması və evin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar