Məhkəmə qərarları › İş №2(003)-1627/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1627/2023

19.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1627/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh və yetkinlik yaşına çatmamış uşağı X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, 12 saylı evdən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, 12 saylı ev X1nın mülkiyyətində olub. X1 30 iyul 2022-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, 12 saylı evi daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Sonra isə iddiaçı həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02 avqust 2022-ci il tarixli, ********** nömrəli çıxarış almışdır. Cavabdeh isə onların keçmiş gəlini olub. Cavabdeh, iddiaçının qardaşı X9 ilə 14 fevral 2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan onların bir övladları olmuşdur. Cavabdeh ilə qardaşı X9 arasında baş vermiş narazılıqlar əsasında aralarında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(007)-2990/2021 saylı qətnamə ilə pozulmuşdur. Həmin vaxtdan da cavabdeh X5 uşağı X7 ilə birlikdə anasını evinə, yəni Ramana qəsəbəsinə köçmüşdür. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh və yetkinlik yaşına çatmamış uşağı X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, 12 saylı evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, qeyd olunan ev arvadı Məmmədova Gözəlin adına olub. Qızıgil bu evi tikdirib yaşamaq üçün onlara verib. Daha sonra 2018-ci il tarixdə oğlu evlənib və 2019-cu il tarixdə gəlini Cavabdeh evə qeydiyyata düşüb. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, 12 saylı ev ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın xx.xx.2022-ci il tarixli bağışlanması haqında müqavilənin sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, 12 saylı ev X6 tərəfindən qızı İddiaçı bağışlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X8, X6, Cavabdeh, X7 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, 12 saylı evdə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(007)- 2990/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X9 arasında olan xx.xx.2018-cı il tarixli 391 saylı rəsmi nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ona məxsus evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmiş və ona məhkəmə orqanına müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının qardaşı və Cavabdeh xx.xx.2018-ci il il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra onlar cavabdehin qaynanasına məxsus olan mübahisəli mənzildə yaşamışlar. İddiaçının qardaşı və Cavabdeh arasındakı nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Cavabdeh uşağı ilə birlikdə ata evinə qayıtmışdır. Hal-hazırda cavabdeh övladı ilə mübahisəli evdə yaşamırlar. Mübahisəli ev xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirilmiş və xx.xx.2022-ci il tarixdə çıxarış alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda adı çəkilən mənzildə istifadə hüququnun yaranıb-yaranmaması halı müəyyən olunmalıdır. Belə ki, X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərarda qeyd edilən mövqe ilə göstərilmişdir ki, M.Bəylərov münasibətlərin yarandığı 2001-ci ildə mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə iddiaçının istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilməsi iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair mülkiyyətçi ilə digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzil 2022-ci il tarixdən iddiaçının mülkiyyətinə keçmişdir, ondan əvvəl isə anasının mülkiyyətində olmuşdur. Göründüyü kimi tərəflər arasında münasibət 2018-ci ildə yaransa da, yəni cavabdeh mübahisəli mənzilə 2018-ci ildə köçsə də qeyd olunan mənzil iddiaçının mülkiyyətində olmamış, həmin mənzil idaçının adına xüsusi mülkiyyət hüququ əsasında 2022-ci ilin avqust ayında dövlət qeydiyyatına alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli mənzil xx.xx.2022-ci il tarixədək iddiaçın anasının sahibliyində və istifadəsində olduğundan və xx.xx.2022-ci il tarixdən onun həmin mənzilə mülkiyyət hüquq yarandığından mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin bu cür halında iddiaçının mövcud iddia tələbi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmir. Odur ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh və yetkinlik yaşına çatmamış uşağı X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 18 oktyabr küçəsi, 12 saylı evdən istifadə hüququnun itirilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar