Məhkəmə qərarları › İş №2(003)-1662/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1662/2022

16.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1662/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Vaqif qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pulun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətlərində olan “Ford Tranzit” yük markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş dəyərin tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə ilk dəfə 24.11,2009-cu il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar, aralarındakı nikah qeydi 2013-cü ildə ləğv edilmiş olsa da, onlar 2014-cü ildə yenidən barışaraq xx.xx.2014-cü il tarixdə təkrar nikaha daxil olmuşlar. Cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.3015-ci il təvəllüdlü X4 adında üç övladları olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 1568/2021 saylı qətnaməsi ilə Cavabdeh qarşı qaldırdığı iddia tələbləri qismən təmin edilmiş, cavabdehlə aralarında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah ləğv edilmiş,birgə nikah münasibətlərimizdən anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və 26.08 2015-ci il təvəllüdlü X2 himayəmdə saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər uşağa görə hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq mənə ödənilməsi qət edilmiş,həmin qətnamə ilə birgə nikah dövründə əldə edilmiş və cavabdehin adına dövlət qeydiyyatından keçmiş ”FORD TRANZİT YÜK” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomaşının 1/2 hissədə onun, 1/2 hissədə isə Cavabdeh payı müəyyən edilmiş, iddiası qalan hissədə təmin edilməmişdir. İstinad edilmiş qətnamənin alimentlə bağlı hissəsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6474/2021 saylı qətnaməsi ilə qismən təmin edilmiş, hər uşağa görə hər ay cavabdehdən 150 manat, cəmi 450 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir.B una baxmayaraq cavabdehlə paylı mülkiyyətlərində olan ’FORD TRANZİT YÜK” markalı 90-ZH- 985 dövlət qeydiyyat nişanlı avtomaşın cavabdehin sahibliyində, sərəncamında və istifadəsində qaldığından o, həmin avtomaşının ona düşən hissəsində nə istifadə edə bilir, nə də sahiblik edə bilmir. Bu isə qanunla qorunan mülkiyyət, sahiblik və istifadə hüquqlarının birbaşa pozulmasına səbəb olmuşdur. Mübahisəni cavabdehlə öncə öz aralarında, daha sonra isə mediasiya qaydasında həll etməyə çalışsada bu günədək bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Vaqif qızı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, “Ford Tranzit” yük markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin paylı mülkiyyətindədir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1538/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin avtomobilə dair İddiaçı payı ½ hissədə, Cavabdeh payı ½ hissədə müəyyən edilmişdir. Hazırda həmin avtomobil iş üzrə cavabdehin istifadəsindədir. Həmin əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçı tərəfindən məhkəmədən kənar qaydada ona düşən paya münasibətdə dəyərinin ödənilməsi tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən imtina edilmişdir. Bu barədə mediasiya qaydasında da razılıq əldə edilməsinə cəhd edilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etdiyindən mübahisəni həll etmək mümkün olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyək izahatında bildirdi ki, avtomobilin paylı mülkiyyətdə olmasına baxmayaraq həmin avtomobil ona məxsus deyil və satılmasına etiraz edir. Ona görə də iddiaçı ilə onun arasında razılıq mümkün deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1538/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində xx.xx.2014cü il tarixdə 179 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra anaları-İddiaçı yanında saxlanılmaları, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulması, “X10” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı payı ½ hissədə, Cavabdeh payı ½ hissədə müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6774/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1538/2021 saylı qətnaməsi mübahisələndirilən-aliment miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilmiş, aliment miqdarı hər uşağa görə hər ay 150 manat müəyyən edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “birgə nikah dövründə əldə olunmuş avtomobilin dəyərinin tərəflər arasında bölünməsi” tələbinə dair mübahisə üzrə təyin edilmiş vaxtda Cavabdeh iştirak etmədiyindən ilkin mediasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, mübahisə predmeti olan “X10” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə tərəflərin paylı mülkiyyətindədir və məhkəmənin qətnaməsi əsasında hər birinin ½ hissədə payı mövcüddur. Avtomobilin paylara uyğun naturada bölünməsi mümkün deyil (bölünməz əşyadır). Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən onun payına uyğun ona kompensasiyanın ödənilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən kompensasiyanın verilməsindən imtina edilmişdir (mümkün olmamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzimüddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, paylı mülkiyyət olan daşınar əmlak (avtomobil) paylara uyğun qaydada naturada bölünməsi mümkün olmayan (bölünməz) əşya olduğundan, cavabdeh tərəfindən isə iddiaçının payına uyğun kompensasiyanın verilməsindən imtina edildiyindən iddia tələbi əsaslıdır və həmin avtomobil açıq hərracdan satılmalı və satışdan əldə edilən pul tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2. və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “X10” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalı, satışdan əldə edilən pulun iş üzrə tərəflərin paylarına mütənasib qaydada, yəni bərabər şəkildə bölünməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “X10” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılsın və satışdan əldə edilən pul İddiaçı və Cavabdeh paylarına mütənasib qaydada, yəni bərabər şəkildə aralarında bölünsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar