Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1666/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 75 min manat (yetmiş beş min) pulun, ödənmiş 315 manat dövlət rüsumunun, 350 manat vəkil orderi üçün çəkilən xərcin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü il mart ayının sonlarında bacısı Cavabdeh1 ona müraciət edərək, digər bacısı Cavabdeh2 Bakı şəhərindən ev almaq istədiyini, bunun üçün 75 min manat pula ehtiyacı olduğunu bildirdi. Xahiş etdi ki, bacısına kömək etsin, 75 min manat pul versin Cavabdeh2 ev alsınlar, 2-3 ay ərzində bacısı Cavabdeh2 rayondakı evini sataraq, pulunu geri qaytaracaqlar. Sonra o digər bacısı Cavabdeh2 ilə də danışdı, oda eyni ilə köməklik etməyini xahiş etdi və söz verdiki 2-3 aya rayondakı evini satıb pulunu geri qaytaracaq. O, onlara etibar edib, razı oldu və Cavabdeh1 75 min manat (yetmiş beş min manat) pul verdi. Pulu Cavabdeh1 onun evində Bakı şəh., Binə Qəs., F. . Aynulov küç., ev.36 -da vermişdir. Pulun verilməsində şahid qismində X4 (, X7, X5, X8 iştirak ediblər. Bundan sonra həmin pulla bacısı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən evi alıblar. Hətta evi almaqları şərəfinə qonaqlıqda veriblər, Ancaq, bu günə qədər ona bir qəpik belə pul qaytarmayıblar. Artıq bir il olacaq ki, dəfələrlə tələb etsə də pulunu geri qaytarmırlar. Cavabdeh2 nə rayondakı evlərini satmaq fikirlərinin, nə də pulunu geri qaytarmaq fikirlərinin olmadığını bildirir. Rayondakı evi kirayə verib ordanda gəlir əldə edirlər. Bu yaxınlarda Cavabdeh2 əri X1 markalı maşın da satın alıb. Cavabdeh2 pul verməyini ilk xahiş edən və pulu birbaşa verdiyi Cavabdeh1 isə bildirir ki, o pulla Cavabdeh2 ev almışlar, pulu qaytarmır. Beləliklə, cavabdehlər əsassız olaraq onun hesabına varlanıblar, mülk, əmlak əldə ediblər. O isə hazırda maddi cəhətdən olduqca ziyana düşmüşdür, əgər o həmin vaxt 75 minə ev alsaydı indi 95 minə sata bilərdi. Bu o deməkdir ki, hətta onun minlərlə manat əldən çıxmış faydası var. Buna görə də artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdehlər onun bacılarıdır, 2020-ci ilədək münasibətləri normal idi. 2024-cü ilin mart ayında bacısının qızı Afaq ona dedi ki, Radə üçün ev lazımdır. O səbəbdən kənddə olan evini satmaq istəyir. Ona təklif edildi. O da bildirdi ki, borc olaraq verir pulu evi almaq istəmir. X18 evində verib. 75.000 manatın 50.000 manatı onun özümdə var idi, 25.000 manatı borc alıb verib. Rübabə bacısının hər şeydən xəbəri var. Özü işləmir, Nərimanovda yaşayır. Ev alıb təmir edib satır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, 75.000 pul verib həmin evi alıb. Alqı-satqı eləməyə Mehriban getmədi. Evin çıxarışı yoxdur. Qaz və su onun adınadır. Pulu verəndə evdə o, qızı və yoldaşı olub. O da pulu Radəyə verdi. Həmçinin etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü il mart ayının sonlarında bacısı Cavabdeh1 mənə müraciət edərək, digər bacısı Cavabdeh2 Bakı şəhərindən ev almaq istədiyini, bunun üçün 75 min manat pula ehtiyacı olduğunu bildirdi. Tamailə düzgün olmayan bir tələbdir. İddiaçı pulu ona o səbəbdən verib ki, iddiaçıya o Ağcabədi rayonunda yerləşən evimizi satmışdır və onun sahibliyinə və istifadəsinə verilmişdir. Lakin, sonradan iddiaçı onun evi aldığı məbləğdən baha sata bilmədiyi üçün, evi geri qaytarıb alqı-satqı üçün verdiyi pulu geri tələb edir. Əslində iddiaçı onu çətin vəziyyətə salmışdır. Onlar Ağcəbədi rayonunda olan evini tələm-tələsik ucuz qiymətə aldı ki, gəlir əldə etsin lakin öz günahı ucbatından hər hansı bir problemi yaranıbsa özünun günahı ucbatından olmuşdur. Öz problemilə onu və digər cavabdeh bacısı Cavabdeh1 narahat etməməlidir. İddiaçı bir daha ərizəsində qeyd edir ki, ona verdiyi pulla o, ünvan 2 ünvanında yerləşən evi almışdır və bu günə qədər ona bir qəpik belə pul qaytarmır, artıq bir il olacaq ki, dəfələrlə tələb etsə də pulu geri qaytar. O bir daha aydınlıq gətirir ki, rayonda yerləşən evi iddiaçıya satmış və iddiaçı heç bir halda ona borc pul verməyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbin qəbul etmədi və bildirdi ki, o evi 2024-cü ilin mart ayında satdı Mehribana. Həmin tarixədək o özü o evdə yaşamışdır. O ev hazırda kirayədədir. Aylıq 250 manat kirayədədir və noyabr ayından Cavabdeh2 alır kirayəni. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X5 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, o telefon söhbətinə şahid olmuşdur. Həmin vaxt Mehribangilin bağında idi, bacısı Rəna ilə danışırdı. Dedi ki, Radə evi satmaq istəyir amma Mehriban razılaşmadı. Mehriban təklif elədi ki, pulu borc kimi versin. Telfondakı Şakir bəy idi, borc pul istəyirdi, bildirdi ki, Radəyə nəsə olsa o, cavabdehlik daşıyır. Mehribanın münasibəti Radə ilə soyuq olsa da digərləri bağa gedib gəlirdilər. Radənin uşaqları ilə problemi var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, Mehriban pulu borc olaraq yox evi almaq üçün verib. Ailə içində söhbət elədilər, bir dəfə dedilər, o da razılaşdı. 75.000 pul verib həmin evi alıb, sonra niyə problem oldu bilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən irəli sürülmüş tələb cavabdehlər Cavabdeh2 Səttar qızının və Cavabdeh1 Səttar qızının onun hesabına əsassız surətdə varlanması ilə əlaqədar 75.000 manat pulun geri qaytarılmasına, habelə çəkilmiş 315 manat dövlət rüsumunun və 350 manat vəkil haqqının tutulmasına yönəlmişdir. İş üzrə sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xahişi ilə sonuncuların Bakı şəhərində yaşayış evi əldə etməsinə kömək məqsədilə 75.000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti vermişdir. Bu vəsaitin verilməsi faktını tərəflərin izahatları və işdə dindirilmiş şahidlərin ifadələri təsdiqləyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Səttar qızının izahatı da iddiaçının göstərdiyi hallarla üst-üstə düşür. Belə ki, cavabdeh açıq şəkildə təsdiq etmişdir ki, 75.000 manat pul alınmış və bu vəsaitlə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ev alınıb. Pulun əvvəlcə ona verildiyini, daha sonra isə bacısı Cavabdeh2 Səttar qızına çatdırıldığını qeyd etmişdir. Bu izahatda göstərilir ki, iddiaçı alqı-satqı prosesində iştirak etməsə də, vəsaitin verilməsi və evin alınması gerçək faktlardır. Eyni zamanda, həmin evin kommunal xidmətlərinə dair sənədlərin onun adında olması, iddiaçı tərəfindən bu əmlakın real istifadəsini təkzib edir. Digər Cavabdeh2 Səttar qızı isə iddianı qəbul etməyərək bildirmişdir ki, əslində rayonda yerləşən evini iddiaçıya satmış, pulu isə bu satışdan almışdır. Bu izahatda qeyd edilir ki, Bakı şəhərindəki ev həmin satış müqabilində alınmış və bu günə qədər də Ağcabədi rayonundakı evini kirayəyə verilərək aylıq 250 manat gəlir gətirir. Lakin, cavabdeh eyni zamanda etiraf edir ki, həmin kirayə gəlirini hal-hazırda özü alır və bu faktla əmlaka sahibliyini təsdiqləmiş olur. Bununla cavabdehin həm mülkiyyətdən istifadə etdiyi, həm də ondan fayda götürdüyü aşkar edilmişdir. İddiaçı tərəfindən pulun borc kimi verildiyi iddiası şahid ifadələri ilə də təsdiqlənmişdir. X3 telefon danışıqlarının iştirakçısı olduğunu bildirmiş, Mehribanın pulu borc verməklə razılaşdığını, “əgər Radəyə nəsə olsa, məsuliyyət daşıyacağını” bildirdiyini şahid kimi təsdiqləmişdir. Digər şahid X11 isə ilkin mərhələdə pulun ev almaq məqsədilə verildiyini, lakin ailədaxili danışıq və razılıq nəticəsində Mehribanın bu təklifi qəbul etdiyini, sonradan yaranmış problemi isə anlaya bilmədiyini bildirmişdir. Bu isə pulu verməkdə iddiaçının öz iradəsinin borc verməyə yönəldiyini təsdiq edən digər dolayısı sübut kimi qiymətləndirilə bilər. Eyni zamanda, cavabdehlərin iddiaçının həmin məbləği borc deyil, əvəzsiz və ya əvəzli əmlak alışı məqsədilə verdiyini sübut edə bilməməsi, əksinə, pulun verilməsi, qarşılığında vədin verilməsi, evin alınması və hazırda istifadəsi hallarının təsdiqi iddianın əsassız varlanma tələbi üzrə təmin olunmasını şərtləndirir. Cavabdehlər tərəfindən təqdim edilən “rayondakı evin satışına dair” izahatlar isə sübutlarla təsdiq olunmamış, hər hansı alqı-satqı müqaviləsi, bank köçürməsi və ya notarial təsdiqli sənəd təqdim edilməmişdir. Sadəcə ümumi izah və fərziyyə xarakterli müdafiə mövqeyi nümayiş etdirilmişdir. Cavabdehlərin öz izahatlarında da vəsaitin alındığı, evin bu vəsaitlə alındığı və bu gün həmin əmlakdan istifadə edildiyi aydın şəkildə bəlli olur. Bu isə Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq “əsassız varlanma” anlayışının bütün hüquqi əlamətlərini daşıyır. Bundan əlavə, iddiaçının göstərdiyi kimi, əgər həmin məbləğlə özü ev alsaydı, bir ildən sonra onu baha sataraq əlavə gəlir də əldə edə bilərdi ki, bu da onun faktiki əldən çıxmış faydasını göstərir. Bu baxımdan, iddiaçının vəsaiti borc olaraq verdiyini təsdiq edən şahid ifadələri, tərəflərin öz etirafları və cavabdehlərin ziddiyyətli və sübutsuz müdafiəsi müqabilində iddianın təmin olunması qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Ona görə ki, cavabdehlər məhkəmə iclasında hazırda idiaçıdan 75000,0 manat pul aldıqlarını etiraf etmişlər. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehlər tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdeh iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 iddiaçıdan pulu alıb Cavabdeh2 verib və bu işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 münasibətdə iddiası təmin edilməməlidir. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin olunmalı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 75000 manat (yetmiş beş min) pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 315,0 manat dövlət rüsumu tələbi hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 315,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 350 manat xərcin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddiaçın tələb etdiyi 350,0 manat nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcə dair rəsmi sənəd (order) iş materiallarında müəyyən edildiyindən iddia tələbinin bu hissəsi də təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 75000 manat (yetmiş beş min) pulun, ödənmiş 315 manat dövlət rüsumunun, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 350 manat xərc olmaqla, ümumilikdə 75665,0 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 75000,0 manat pulun, ödənmiş 315,0 manat dövlət rüsumunun, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 350,0 manat xərc olmaqla, ümumilikdə 75665,0 (yetmiş beş min altı yüz altmış beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1666/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1666/2025
02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver