Məhkəmə qərarları › İş №2(003)-169/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-169/2022

02.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-169/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və orada yerləşən tikilidən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429 N saylı torpaq sahəsindən və üzərində olan 2 mərtəbəli evdən məcburi qaydada çıxarılmalarına, torpaq sahəsindən və evdən əsassız istifadəyə görə yaşadıqları hər ay üçün 500 manat olmaqla mart 2021-ci il tarixdən sentyabr 2021-ci il tarixədək 7 ay üçün cəmi 3500 manat pul vəsaitinin məcburi qaydada xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 Azərbaycan Respeblikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 mart 2021-ci il tarixli ********** nömrəli qeydiyyatı əsasında (Çıxarışına əsasən) iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən və üzərində olan 2 (iki) mərtəbəli evə qanunsuz olaraq daxil olmuşlar və iddiaçının hüququnu pozmaqla ona məxsus torpaq sahəsindən və evdən əsassız istifadə edirlər. Beləlikə də iddiaçı ona məxsus olan torpaq sahəsindən və evdən faktiki istifadə etmək imkanından məhrum olunmuşdur. Qeyd etmişdir ki, cavabdehlər ünvan 1 ünvanda qeydiyyatda olmaqla onlara məxsus yaşayış evi sökülərək yerində yeni yaşayış binası tikildiyi üçün onlar faktiki olaraq ünvan 2 ünvanda yaşayırlar. Odur ki, cavabdehlər ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna Qəsəbəsi 429N saylı torpaq sahəsindən və üzərində olan 2 (iki) mərtəbəli evdən məcburi qaydada çıxarılmalarına və torpaq sahəsindən və evdən əsassız istifadəyə görə yaşadıqları hər ay üçün 500 (beş) yüz manat olmaqla mart 2021-ci il tarixdən sentyabr 2021-ci il tarixədək 7 (yeddi) ay üçün cəmi:-3500 (üç min beş yüz) manat pul vəsaitinin məcburi qaydada xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli evdən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verməklə iddianın təmin olunmasını xahiş etdi. İzahatında əlavə olaraq bildirmişdir ki, mübahisə predmetinə daxil olan 2 mərtəbəli evin tikintisi ilə məşğul olan şəxs cavabdehləri aldatmış və həmin evi onlara satmışdır. Bu barədə hazırda polis orqanlarında araşdırma aparılır. Buna baxmayaraq iş üzrə cavabdehlər iddiaçıya məxsus əmlakı zəbt edərək oranı tərk etmək istəmirlər. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AA 606303 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsinin sahibi İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, iş üzrə cavabdehlər ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 4054/2022 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X2 qarşı İddiaçı adına Bakı şəhəri, Xəzər Rayonu, Buzovna qəsəbəsi 429N saylı sahə üzrə verilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəsi olan 17 mart 2021-ci il tarixli çıxarışın ləğv edilməsi və həmin ödəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Cavid Ağayevin toplanmış materialın istintaqının aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X1 ərizəsi əsasında toplanmış HK-1-901 saylı material istintaqı aidiyyəti üzrə Xəzər RPİ-nin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 429N saylı sahə (torpaq sahəsi) İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilməyə başlandığı vaxtadək orada 2 mərtəbəli ev (özbaşına tikili) mövcüd olmuşdur. İşin hallarından isə görünür ki, cavabdehlərin iddiaya etirazları ondan ibarətdir ki, mübahisə predmeti olan torpaq sahəsi, orada yerləşən tikili onlara satılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsinin mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlərin həmin daşınmaz əmlakdan istifadə etmələrinin hər hansı bir qanuni əsası müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Eyni zamanda məhkəmə, iddia tələbinin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsində olan iki mərtəbəli evdən çıxarılma hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsində yerləşən 2 mərtəbəli tikili, özbaşına tikili olmaqla iş üzrə cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməyə başladıqları vaxtadək mövcüd olmuş və həmin tikinti yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən yalnız üzərində yerləşdiyi torpaq sahəsinin mülkiyyətiçisi olan iddiaçının adına rəsmiləşdirilə bilər. Bu baxımdan iddiaçının həmin tikiliyə olan hüquqları əmlak hüquqları (sahiblik və istifadə hüquqları) vardır. Tikiliyə, onun qanuni sahiblik və istifadə hüququ olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından «qanuni gözləntiyə» malikdir. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və orada yerləşən tikilidən digər şəxslərin (cavabdehlərin) çıxarılmasını tələb etməkdə haqlıdır. Tikilinin hazırda torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmaması qarşılığında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və orada olan tikilidən digər şəxslərin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehlərin, mülkiyyət hüquqları olan iddiaçının iradəsi ziddinə orada yaşamaları qanuni və əsaslı hesab edilə bilməz və onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar. Eyni zamanda cavabdehlərin həmin tikilinin təmirində iştirak etmələri halı sübuta yetirilmir. Eyni zamanda (bu halın təsdiqini taparsa belə) həmin tikiliyə münasibətdə hüquqların yaranması kimi qiymətləndirilməsini məhkəmə qanuna uyğun hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli evdən (tikilidən) çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli evdən (tikilidən) çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar