Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1777/2020 11.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.2.4-ci maddəsi ilə dələduzluq cinayəti ilə təqsirləndirilməyinə dair cinayət işinə baxaraq barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmənin həmin hökmü ilə barəsində istintaq orqanı tərəfindən xx xxxxxx 2016-cı ildə seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilmişdir. Xəzər rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi xx xxxx 2017-ci il tarixdə şikayətə baxaraq təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə X1 müdafiəçisi tərəfindən buraxılmış şikayət müddətinin bərpası xahiş edilməklə kassasiya şikayəti verilmiş, müddətin bərpası təmin edilməmişdir. Xəzər rayon Məhkəməsinin barəsində olan xx xxxx 2017-ci il tarixli bəraət hökmü qüvvədədir. Barəsində cinayət işi X2 şikayəti əsasında xx xxxxxx 2012-ci ildə Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi tərəfindən başlamışdır. xx xxxxxx 2013-cü ildə şübhəli şəxs kimi saxlanılmışdır. xx xxxxxx 2013-cü ildə azad edilmişdir. xx xxxxxx 2016-cı ildə cinayət məsuliyyətinə cəlb olunmuşdur. xx xxxxxx 2016-cı ildə barəsində ‘‘başqa yerə getməmək haqqında" qətimkan tədbiri seçilib. Həmin qətimkan tədbiri xx xxxx 2017-ci il tarixə kimi qüvvədə qalıb. İttihamın məzmununa görə guya o, 2008-ci ilin may ayında yaşadığı evdə X3 aldadaraq 10.000 (on min) manat pulunu ələ keçirmişdir. İstintaq orqanı tərəfindən əsassız və qanunsuz olaraq barəsində cinayət məsuliyyətinə cəlb olunmağına dair qərar qəbul olunması, barəsində 2 (iki) gün şübhəli şəxs kimi tutma qərarı qəbul edilməsi ilə azadlığının əlindən alınması, barəsində uzun müddətə 125 gün ərzində hüquq məhdudlaşdırma tədbiri olan “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməsi, aparılan istintaq, məhkəmə prosesləri də və həbsdə saxlandığı dövrdə yaxın qohumları tərəfindən çəkilən xərclərlə bağlı ona ziyan vurulmuşdur. Müdafiəçinin hüquqi yardımından istintaq və məhkəmə instansiyasında istifadə etməyə məcbur olmaqla, yaxınları ilə görüş və ona gətirilən bağlamalara görə əlavə xərclər çəkməli olmuş. Odur ki, əsassız yerə cinayət əməli törətməkdə təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb olunmağı, şübhəli şəxs kimi tutulmağı ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyana görə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə kompensasiya tələb etməkdə qərarlıdır. Barəsində olan cinayət işinin istintaq və məhkəmə instansiyalarında aparılması üçün müdafiə haqqı kimi 2500 (iki min beş yüz) manat, istintaq təcridxanasında saxlanıldığı 2 gün müddətində qohumları tərəfindən çəkilən xərc 200 (iki yüz) manat, yol xərci məsrəfləri 100 (yüz) manat olmaqla 2800 (iki min səkkiz yüz). Bundan başqa cinayət əməli törötməkdə əsassız şübhəli bilinərək 2(iki) gün müddətinə həbsdə saxlanmağı, cəmiyyətdə mənfi cinayətkar obrazının formalaşması, çirkin bir əmələ görə cinayətin törədilməsi şaiyəsi, ona və ailə üzvlərinə ciddi mənəvi zərbə vurmuşdur. Müəllimə işləyir. İstintaq orqanının qanunsuz qərar qəbul etməsi ictimayi nüfuzuna, şərəf və ləyaqətinə ciddi mənfi təsir göstərib. Şərəf və ləyaqəti təhqir olunub, aşağılanıb. Ağır əsəb gərginliyi keçirmişdir. Hal-hazırda da müalicə alır. Sağlamlığını itirmişdir. Qanunsuz olaraq 2 gün həbsdə saxlanmağını müəllimə kimi özü üçün həyatının ən böyük təhqiri hesab edir. Vurulmuş mənəvi zərərin dəyərini 20.000 (iyirmi min) manat məbləğində dəyərləndirir. Beləliklə istintaq və məhkəmə orqanlarının qanunsuz və əsassız qərarları nəticəsində ona bəraət hökmü çıxarılan günə kimi 2800 (iki min səkkiz yüz) manat maddi və 20.000 (iyirmi min) manat mənəvi ziyan dəymişdir. Həmin ziyan ona ödənilməlidir. Cəmi ziyan məbləği 22.800 (iyirmi iki min səkkiz yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən, əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmağına və həbsdə saxlanılmağına görə ona dəymiş maddi və mənəvi ziyana görə 22800 manat məbləğində kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına İddiaçı dair tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli ittiham aktı əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(003)-11/2017 saylı hökmünün surətindən görünür ki, İddiaçı elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2017-ci il tarixli 1(103)-990/17 saylı qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin İddiaçı barəsindəki xx xxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin araşdırılan hallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 1(003)-11/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə İddiaçı bəraət verilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İddiaçı barəsində olan bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı ilkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin azadlıq hüququndan məhrum olması bir sıra siyasi, sosial, iqtisadi və digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu qeyri-əlverişsiz vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur. Başqa sözlə ifadə etsək, azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşayiət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Azadlıq hər kəsin təbii haqqı və konstitusyon hüququdur. Azadlıq hüququ – cəmiyyətin sosial-iqtisadi əsasları ilə müəyyən edilən normativ hüquqi aktlarda öz əksini tapan və təmin edilən, başqalarının və cəmiyyətin azadlığını pozmamaq şərti ilə sosial normalar çərçivəsində vətəndaşların öz arzuları və iradəsinə görə davranmaq imkanlarıdır. Azərbayacan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 2 bəndinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fıziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanununun 7-ci maddəsində göstərilir ki, təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56.0 və 56.0.1-ci maddələrinə əsasən, bəraət almış təsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhfi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanı ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Həmin Məcəllənin 63-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008ci il tarixli Qərarının 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqularının və X5 haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. 10cu maddəsində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəzvi sarsıntı və iztirblara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi İddiaçı şübhəli şəxs kimi tutma qərarı ilə 2 gün azadlıqdan məhrum edilmiş, daha sonra barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri seçilmiş və o, xx xxxx 2017-ci il tarixdə bəraət alaraq qətimkan tədbirindən azad edilmiş və iddiaçıya 125 gün müddətində “başqa yerə getməmək” haqqında qətimkan tədbiri tətbiq edilmişdir. İddia tələbindən görünür ki, İddiaçı hüquqlarının qorunması ilə bağlı çəkmiş olduğu xərclərə görə 2500 manat, yol xərclərinə görə 100 manat ödənilməsini xahiş etmiş, lakin müdafiə haqqı kimi həmin vəsaiti ödəməsinə dair və tələb olunan məbləğdə yol xərclərinin çəkilməsinə dair hər hansı rəsmi sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə həmin rəqəmləri inandırıcı saymır. Məhkəmə vəkil üçün ödənilmiş məbləğin 100 manat, yol xərclərinin 50 manat müəyyən olunmasını ağlabatan hesab edir. Həmçinin, iddiaçının qohumları tərəfindən ona bağlamaların gətirilməsi nəticəsində 200 manat xərc çəkildiyini iddia edərək, həmin məbləğin ona ödənilməsini xahiş etmiş, lakin öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, şübhəli şəxs kimi tutulmuş şəxsin saxlanılması və zəruri ehtiyaclarının ödənilməsi dövlət tərəfindən təmin edilir. Məhkəmə hesab edir ki, vurulmuş maddi ziyana görə 150 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının barəsində qətimkan tədbiri seçilməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 850 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 150 (bir yüz əlli) manat və mənəvi zərərə görə 850 (səkkiz yüz əlli) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1777/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1777/2020
11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver