Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1794/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və qeyrilərinin onlara məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Binə 2-ci sahə ünvanda yerləşən evdən və torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri 1997-ci ildən Tərtər rayonunun Əslipara kəndindən köçərək Bakı şəhərinə gəlmişlər. Uzun müddət Bakı şəhərinin müxtəlif ərazilərində kirayə qalmışlar. 2014-cü ildən bu yana Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Binə 2- ci sahə (Təmənis) adlanan ərazisində kirayədə yaşamışlar. Hələ, 2009-cu ildə, onlar Sabunçu rayonunda kirayədə yaşayarkən həmin rayonun ərazisində məskunlaşan Ağdam rayonundan məcburi köçkün Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladları olmuşdur. 18 fevral 2017ci ildə cavabdehin ailəsinin mütəmadi müdaxilələri nəticəsində onlar rəsmi olaraq, məhkəmə qaydasında boşanmışlar. Xəzər rayonunda yaşadıqları illər ərzində, hətta o, ailəli olduğu müddətdə də kirayədə yaşamışlar, özlərinə məxsus evləri olmamışdır. Lakin, 22 may 2017-ci il tarixli, ƏN-İ-577858 saylı etibarnamə əsasında, Buzovna Tərəvəzçilik- Südçülük Sovxozu tərəfindən 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrindən çıxarışa əsasən, həmin müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün X2 verilən 0, 10 ha hesabı ilə 3-417 kodlu torpaq sahəsinin 0.02 hektarını 9.000 Azərbaycan manatı ödəyərək almışlar. Onlar torpağı alan zaman orada yarımçıq tikili vardı. Lakin, torpağı alandan sonra anası maaşından az-az ödəməklə və bir qədər də borc etməklə həmin yarımçıq tikilini birtəhər tamamlamış və təmir olunmağını da gözləmədən ora köçmüşlər. Çünki artıq kirayələrdə yaşamaqdan bezmişdilər. 2020-ci ildə uşaqlarının xatirinə, onun və keçmiş həyat yoldaşının ailəsinin razılığı ilə onlar yenidən barışmış və bir müddət bir yerdə yaşamışlar, amma hələ aralarında yenidən rəsmi nikah bağlanmamışdır. Həmin vaxt anası kəndin mağazasında satıcı, o, da fəhlə işləmişdir. Onlar səhər saat 7-də evdən çıxıb, bir də gecə saat 9-10-dan sonra evə qayıtmışlar. Cavabdeh da yaşadıqları ərazidə özəl bir müəssisədə işləmişdir. 2020-ci il noyabr ayının 8-də o və anası işdən gələndə qapının açıq olduğunu və evdə heç kimin, nə cavabdehin, nə də uşaqların olmadığını görmüşlər. Cavabdehin telefonuna zəng etmişlər, lakin zənglərinə cavab verməmişdir. Sonra valideynləri ilə əlaqə saxlamış, lakin məlum olmuşdur ki, onların da qızları barədə heç bir məlumatları yoxdur. Bundan sonra AR DİN-nin “102” xidmətinə zəng etmişlər, Cavabdeh və uşaqlarının naməlum şəraitdə itkin düşdüyü və tapılmadığı haqda məlumat vermişlər. Bir necə saatdan sonra onları Xəzər Rayon Pİ-nin 2-ci Polis Bölməsinə dəvət etmişlər. Anası ilə o, ora getmiş və cavabdehin telefon nömrəsini polis əməkdaşlarına vermişlər. Həmin gecə polisin uzun sürən axtarışlarından sonra nəhayət, telefona Qazax rayonunda yaşayan Nizami adlı bir kişi cavab vermiş və polis əməkdaşına demişdir ki, onlar Elminazla bir-birilərini sevirlər, ona görə də bir yerdə yaşamağa qərar vermişlər. Sonra polisin təkidi ilə telefonu Elminaza vermiş və o da həmin sözləri təkrarlamışdır və əlavə olaraq bildirmişdir ki, o, sərbəst adamdır, öz həyatını yaşayır, kimsə onun həyatına qarışa bilməz. Bundan sonra o, uşaqlarını tələb etmişdir. Lakin cavabdeh uşaqları da ona verməyəcəyini bildirmişdir. Bütün bu danışıqları polis bölməsində olan hər kəs eşitmişdir, çünki telefonun mikrofonu açıq olmuşdur, danışığa hər biri qoşula bilirdi. Beləliklə, cavabdeh həmin vaxtdan Qazax rayonunda öz dediyinə görə ailə qurduğu Nizami adlı şəxsin evində yaşamışdır. Lakin, təxminən 4 aya yaxın bir müddətdə başqa bir kişi ilə ailə qurub onunla birgə, bir evdə yaşayan Cavabdeh necə gün bundan əvvəl yenə işdən qayıtdıqları zaman uşaqlarla birlikdə evdə olduğunu görmüşlər. Evə girmək istədikdə qapının bağlı olduğunu görüb qapını açmasını tələb etmişlər. Lakin o, evə girəcəkləri təqdirdə özünü yandırıb öldürəcəyini, uksus içəcəyini bildirmişi və onları hədələyərək öz evindən qovmuşdur. Həmin gündən bəri cavabdehin anası da ora gəlib və orda birlikdə yaşamışlar. Anası ilə onu isə, borc-xərc, minbir əziyyətlə tikdikləri evə qoymurlar. Evə yaxınlaşanda cavabdeh elə bir səs-küy, vay-şüvən qopardır ki, onlar həqiqətən də ona yaxınlaşmağa, evə girməyə qorxurlar ki, özünə qəsd edər. Buna görə də onlar, hal-hazırda qohumun-qonşunun evində gecələməyə məcbur olmuşlar. Göründüyü kimi onun mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulmuş, ona məxsus ev və torpaq sahəsi faktiki olaraq zəbt edilmişdir. Bununla da cavabdeh, faktiki olaraq onu və anasını öz mülkiyyətindən məhrum etmişdir. Məhkəmədə İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə yanaşı izahatında bildirdi ki, oğlu ilə cavabdehin aralarında olan mübahisədən sonra evdən getmişdir. 3 il müddətində valideynlərinin evində yaşamışdır. Həmin müddət ərzində mübahisəli evi almışlar. Daha sonra barışdıqdan sonra bir yerdə yaşamağa başlamışlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə yanaşı izahatında bildirdi ki, boşanmadan sonra Röyal etibarnamə əsasında 2 sot torpaq almışdır. Barışdıqları üçün cavabdeh həmin evə gəlib yaşamışdır. Məhkəmədə cavabdehin nümayəndəsi X6 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildidi ki, ev alınan zaman cəmi 1 otaqdan ibarət olmuşdur. Sonra təmir etdirilib və onun təmirinə cavabdeh tərəf kömək etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar qeyd etmişlər ki, guya həmin torpaq sahəsini 9.000 manata almışlar, lakin bu barədə iddia ərizəsində torpağın alınmasını sübut edən hər hansı bir ödəniş qəbzinə rast gəlinmir. İddia ərizəsinə əlavə olunmuş 22 may 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X8 adlı şəxs 0.10 ha torpaq sahəsindən 0.02 ha torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, tikinti işləri aparmağı digər bir şəxsə etibar edir. Hesab etmişdir ki, hər hansı bir səlahiyyətin bir şəxsdən digər bir şəxsə verilməsi torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd statusuna malik deyildir. Buna görə də, etibarnamənin mövcudluğu sözü gedən torpaq sahəsinin mülkiyyətçisinin iddiaçılar, yəni İddiaçı1 və İddiaçı2 olmaları demək deyildir. Əlavə olaraq bildirmək istəmişdir ki, İddiaçı1 ilə Cavabdeh faktiki olaraq nikahda olmuşlar, birgə nikahdan 2 övladları doğulmuşdur. Onun hazırki iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Təmənis yaşayış massivində “Socar” yanacaq doldurma məntəqəsi yaxınlığında yerləşən 5 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evinə köçürülmə tələbində dair tərəfindən Xəzər rayon Məhkəməsində iddia qaldırılmış, Xəzər rayon Məhkəməsinin 2(003)-3767/2016 nömrəli 06.09.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı övladları - 16 may 2010-cu il təvəllüdlü X11 və 13 noyabr 2012-ci il təvəllüdlü X9 ilə birlikdə cavabdeh İddiaçı1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Təmənis yaşayış massivində “Socar” yanacaq doldurma məntəqəsi yaxınlığında yerləşən 5 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən narazı qalaraq Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsilə Xəzər rayon Məhkəməsinin 2(003)-3767/2016 nömrəli 06.09.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, apelyasiya şikayəti isə ləğv edilmişdir. Həmin qətnamə üzrə iddiaçı ilə Cavabdeh və azyaşlı övladları 16 may 2010-cu il təvəllüdlü X11 və 13 noyabr 2012-ci il təvəllüdlü X5 həmin qətnamədə göstərilən ünvana köçürülməsinin qarşısını almaq məqsədilə qarşılıqlı razılıq əsasında hazırki iş üzrə cavabdehin yaşadığı torpaq sahəsi Cavabdeh təklif olunduğu üçün həmin qətnamədə bu günə qədər icra olunmamışdır. Həmin qətnamənin icra olunması üçün Xəzər rayon Məhkəməsinə təkrar olaraq icra vərəqəsinin verilməsinə görə tərəfindən müraciət olunmuşdur. Həmçinin qeyd etmişdir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ yalnız həmin əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra mümkündür. Bu halda, iddiaçının torpaq sahəsi üzərində sərəncam vermək hüququnun yaranma əsası olmadan faktiki olaraq həmin əmlaka dair sərəncam verə bilməzdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında olan nikah 18.02.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.09.2016-cı il tarixli 2(003)-3767/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh azyaşlı övladları 16.05.2010-cu il təəvllüdlü X11 və 13.11.2012-ci il təvəllüdlü X10 ilə birlikdə İddiaçı1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Təmənis yaşayış massivində “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən 5 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan S.Quliyeva, N.Zeynalov, Ş.İbrahimov və N.Əliyev tərəfindən tərtib edilmiş 28.05.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Binə 2-ci sahə adlanan yerdə 2 sot torpaq içində yerləşən evi İddiaçı1 və İddiaçı2 almış və orada yaşamışlar. 2017-ci il tarixdə Cavabdeh ilə barışmış və onlar iki azyaşlı uşaqları ilə birlikdə həmin evdə bir yerdə yaşamışlar. 2020-ci ilin noyabr ayının 8də Elminaz Əhmdova iki uşağını da götürüb başqa bir kişi ilə qaçmış, yaşadığı evi tərk etmişdir. Bu hadisədən təxminən 3 ay sonra Elminaz yenidən geri qayıtmış və Röyal ilə Həcərə həmin evə daxil olmağa imkan verməmişdir. Hazırda Elminaz həmin evdə anası və uşaqları ilə birlikdə yaşayır. Özünü öldürmək hədəsi ilə Röyal və Həcəri evə buraxmır. İş materiallarında olan 22.05.2017-ci il tarixli etibarnamədən görünür ki, X4 (səlahiyyətləri ötürmüş X8) İddiaçı1 həmin etibarnamə Abşeron rayonu İH-nin 15.04.1999cu il tarixli 096 saylı sərəncamından çıxarışa əsasənona ayrılmış Bakı şəhəri, Buzovna qəsəbəsi, tərəvəzçilik südçülük sovxozu ərazisində yerləşən 0.10 hektar torpaq sahəsindən 0.02 ha torpaq sahəsinin sənədləşdirməsini, özəlləşdirməsini, tikinti işlərinin tamamlanması ilə birlikdə torpağı özəlləşdirməyi, sənədləri təhvil verib qəbul etməyi, DTXK-dən kadastr planı və DƏDRX-nin Bakı şəhər İdarəsindən çıxarış texniki pasport 1 saylı arayış almağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etməsi haqqında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfaı Müəssisəsinin 21.05.2003-cü il tarixli 28 saylı əmrdən çıxarışın surətindən görünür ki, həmin əmr Abşeron rayonu İH-nin 15.04.1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu Həmkarlar Təşkilatının 17.05.2003-cü il tarixli 02 saylı protoklunu nəzərə alaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X1 0.10 hektar həyətyanı torpaq sahəsinin ayrılması haqqında verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçıların, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin və evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçılara məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıları hazırki iddia tələbinin predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki onlar mübahisəli torpaq sahəsinin və üzərində olan evin qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıların mübahisəsini etdikləri ev və torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqları olmadığı üçün iddiaçıların sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən torpaq sahəsindən çıxarılma barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən torpaq sahəsindən çıxarılma barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1794/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1794/2021
03.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver