Məhkəmə qərarları › İş №2(003)-2018/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2018/2020

08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2018/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 borclu Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən hər biri tərəfindən ödənilmiş 300 manat olmaqla, cəmi 600 manat pulun və cavabdehin qeyri-peşəkarlığı nəticəsində imtahandan keçə bilmədikləri üçün məruz qaldıqları mənəvi sıxıntı və stresə görə kompensasiya olaraq hər birinə 500 manat olmaqla, cəmi 1000 manat mənəvi zərərin əvəzinin tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar SET.AZ xaricdə təhsil mərkəzini idarə edən Cavabdeh MMC-nin (VÖEN: **********) rəhbəri olan Cavabdehli Cavabdeh Əliağa oğlu ilə xx xxxxx 2020-ci il tarixində PS № AA ******* saylı müqavilə bağlamışlar. Müqavilə rəsmi olaraq Cavabdeh MMC ilə aralarında bağlanmış və həmin tarixdə də hər biri 300 manat olmaqla, cəmi 600 manat cavabdehin ofisində şəxsən cavabdehin direktoruna ödəniş edilmişdir. Ödənişin edildiyinə dair müqaviləyə direktor tərəfindən təsdiqedici möhür də vurulmuşdur. Müqavilədəki formal şərtə görə Cavabdeh MMC-nin direktoru onlara təhsil aldıqları Rusiya Dövlət Turizm və Servis Universitetinin dövlət bələdiyyəsi idarəetməsi fakültəsi üzrə 1-ci semestr imtahanlarından keçənə qədər tələbəni (yəni hazırki müqavilə üzrə onları) imtahanlara hazırlamağı öz öhdəsinə götürmüşdür. Halbuki votsap üzərindən yazılı və səsli yazışmalarına görə onlar cavabdehin direktoruna tələbənin universitet elektron kabinetinin login parolunu təqdim etməklə cavabdehin idarə etdiyi SET.AZ təhsil mərkəzinin müəllimləri bütün imtahanları keçid balını keçməklə onların əvəzindən elektron qaydada verəcəkdilər. İmtahanların bitmə tarixi 26 Aprelə qədər idi. Bu barədə müqaviləyə də müvafiq qeyd daxil edilmişdi. Aralarındakı razılaşma bütün incə detallarına qədər votsap danışığında razılaşdırılmışdır. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara və xatırlatmalara baxmayaraq, cavabdehin idarə etdiyi təhsil mərkəzi xx xxxxx 2020-ci il tarixə vəd etdildiyi kimi onları imtahanlardan keçirə bilməmişdir. Hətta sonradan imtahanı vermək üçün son tarix xx xxx 2020-ci il tarixə kimi uzadılsa da, yenə də cavabdeh vəd etdiyi kimi onların imtahandan keçməkləri üçün razılaşdırılmış hərəkəti etməmişdir. Eyni zamanda xidmətin göstərilməsinin mümkünsüzlüyü və ya mane olan hallar barədə vaxtında müqavilədə də göstərildiyi kimi nə email, nə də sms vasitəsilə məlumatlandırılmamışlar. Beləliklə, nəticə etibarı ilə hazırda ikisi də universitetdə kəsr imtahanlarına qalmış olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən hesab edirlər ki, Cavabdeh MMC bununla da müqaviləyə görə üzərinə götürdüyü öhdəliyi birtərəfli qaydada kobud şəkildə pozmuşdur və buna görə də ödənilmiş xidmət haqqı geri qaytarılmalıdır. İstehlakçı olaraq hüquqları pozulmuşdur və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qeyd olunanlara əsasən, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən hər biri tərəfindən ödənilmiş 300 manat olmaqla, cəmi 600 manat pulun və cavabdehin qeyri-peşəkarlığı nəticəsində imtahandan keçə bilmədikləri üçün məruz qaldıqları mənəvi sıxıntı və stresə görə kompensasiya olaraq hər birinə 500 manat olmaqla, cəmi 1000 manat mənəvi zərərin əvəzinin tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş Cavabdehli Cavabdeh Əliağa oğlu ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli PS № AA0550820 saylı müqavilədən görünür ki, icraçı İddiaçı2 və İddiaçı1 Rusiya dövlət turizm və servis universiteti, dövlət bələdiyyə idarəetməsi fakültəsi üzrə 1-ci semestr imtahanlarından keçənə qədər imtahanlara hazırlamaq öhdəliyi götürmüşdür. Xidmətin dəyəri olaraq 600 manat ödənilmişdir. Lakin iş üzrə müəyyən olunur ki, cavabdeh tərəf öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, bununla da iddiaçılar imtahandan keçməmişlər. Həmin müqavilənin 4.1-ci maddəsindən görünür ki, müqavilənin öhdəlikləri icraçı tərəfindən pozularsa, icraçı zəruri tərcümə təsdiq və notarius xərcləri xaric olmaqla, məsləhət xidmətinə görə alınan məbləği geri qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrəöhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçılar müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması və bununla da iddiaçılara maddi zərər vurulması sübuta yetirildiyindən, iddiaçılar tərəfindən ödənilmiş cəmi 600 manat pul vəsaiti cavabdehdən tutulmalıdır. Eyni zamanda, iddiaçılar cavabdehin qeyri-peşəkarlığı nəticəsində imtahandan keçə bilmədikləri üçün məruz qaldıqları mənəvi sıxıntı və stresə görə kompensasiya olaraq hər birinə 500 manat olmaqla, cəmi 1000 manat mənəvi zərərin əvəzinin tutulub onlara verilməsini xahiş etmişlər, tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən hər birinə 300 manat olmaqla, cəmi 600 manat pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2xeyrinə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçıların hər birinə 300 manat olmaqla, cəmi 600 (altı yüz) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar