Məhkəmə qərarları › İş №2(003)-204/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-204/2024

18.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-204/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın payına uyğun naturada bölünməsi, əmlakdan istifadəyə və təmir-tikinti işlərinə edilən maneələrin qadağan edilməsi, dəymiş maddi və mənəvi zərər tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın payına uyğun naturada bölünməsi, əmlakdan istifadəyə və təmir-tikinti işlərinə edilən maneələrin qadağan edilməsi, dəymiş maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerlşən 0.0335 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən 95,30 kvadrat fərdi yaşayış evinin payına uyğun 1/3 hissədə naturada bölünməsi, ayrılmış əmlak payından istifadəyə cavabdehlər və ailə üzvləri tərəfindən maneələrə qadağa qoyulması, ümumi istifadədə qalan əmlakın istifadə qaydasının müəyyən edilməsi, ümumi giriş qapısının açılması, öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, iddiaçının fərdi yaşayış evinin ona ayrılmış hissəsində təmir-tikinti və bərpa işlərinin aparılmasına maneənin cavabdehlərə və ailə üzvlərinə qadağa qoyulması, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan sökülən yaşayış otaqlarının cavabdehin vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması, iddiaçının istifadəsində olan yaşayış otaqlarının və sanitar qovşaqların sökülməsi nəticəsində vurulmuş 8000 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil atası Feruz Novruzovdan miras qalmışdır. Qeyd edilən mənzilin naturada bölgüsü ilə əlaqədar məhkəməyə müraciət etsə də miras əmlakda paylar müəyyən edilmədiyindən xx.xx.2020ci il tarixli, 2(003)-2696/2020 saylı qətnamə ilə iddia təmin edilməmişdir. Hazırda iddaçı olaraq mənzildə 1/3 hissədə payı müəyyən edilmişdir. Lakin cavabdeh mənzilin ümumi giriş hissəsini bağlayaraq özü yeni mənzil tikmiş, istifadəsində olan hissəsini istifadəyə yararsız hala salmış, vurulmuş ziyanı aradan qaldırmaqdan imtina edir, eyni zamanda mənzildən sərbəst istifadə üçün şərait yaratmayaraq mübahisə yaradır. Bu fakt əvvəl baxılan məhkəmə işində də öz təsdiqin tapmışdır. Hazırda nə faktiki, nə də hüquqi bölgü olmadığından mənzildən istifadə edə bilmir. Bundan başqa cavabdeh əvvəllər onun istifadəsində olan evin ona aid hissəsini sökərək yararsız hala salmış, qapı və pəncərələri sökmüş, sonradan tikdiyi sanitar qovşaqları ləğv etmişdir. Hazırda istifadəsində olan otaqların və sanitar qovşaq yararsız omaqla yalnız müəyyən hissəsi qalmışdır. Nəticədə ona 8000 manat maddi ziyan dəymişdir Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq əlavə olaraq ümumi 5875 manat dəyən maddi ziyanın və 2500 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, eyni zamanda cavabdeh qanunsuz hərəkətləri nəticəsində əlavə giriş üçün qapının açılması və digər tikinti işləri aparılması üçün tikinti materiallarına, təmirə xərc çəkmişdir. Tikinti materialları: taxta - 300 manat, işıq sistemi - 400 manat, torpaq iki maşın - 200 manat, fəhlə- 100 manat, sement - 20 ədəd -150 manat, atcep- 5 kub -130 manat, qaz sayğacı-400 manat, işıq sayğacı-400 manat, qazıntı 22 kub (70 manat)- 1.540 manat, daş 800 ədəd (0.50 qəpik) 400 manat, armatur 250 metr ( 5,50 qəpik) 8,75 manat, hörgü 70 kv ( 3 manat) 210 manat , atcep 7 kub ( 23 manat) -210 manat, zibil tullantıları üçün maşın-200 manat, şirə torpaq 5 kub- 100 manat, şkatur usta 60 kv (3 manat)-180 manat, qapı-200 manat, plastik qapı-100 manat, su sistemi- 400 manat, usta santexnik-200 manat, su çəni- 400 manat, qidrafor mator-150 manat, artizan mator-200 manat. Ev əşyaları: televizor- 400 manat, dividi maqnitafon-120 manat, ev əşyaları- 100 manat, pəncərə 1 ədəd-150 manat, qapı 1 ədəd -100 manat, qaz sistemi - 200 manat. Ümumi olaraq 5875 manat ona dəyən maddi ziyan və 2500 manat mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o evin payına uyğun bölünməsini tələb edir. Bundan başqa cavabdeh əvvəllər evə daxil olmasına maneələr yaratmış, qapını kilidləmişdir. O da məcbur olaraq küçədən özü üçün qapı qoymuşdur. 4 ildir Ramana qəsəbəsində yaşayır, orada evi var. Hazırda cavabdeh tərəfindən mübahisə predmetinə daxil olan evdən istifadə etməsinə maneələr yaradılmır. Ümumi istifadədə hər hansı bir əmlak yoxdur. Evə giriş qapısı əvvəllər cavabdeh tərəfindən bağlanmışdır. Məhkəməyə müraciət edildiyi vaxtdan evin qapısı daimi açıq saxlanılır. Hazırda miras qalmış əmlakda hər hansı bir tikinti və təmir işləri aparmır, bunun üçün tikinti materialları əraziyə yerləşdirməmiş və bununla bağlı cavabdeh tərəfindən manelər yaradılmamışdır. Cavabdeh tərəfindən miras qalmış evin otaqları sökülmüşdür. Həmin söküntünün bərpa edilməsini tələb edir. Otaqların döşəməsi və tavanı cavabdeh tərəfindən sökülmüş, şiferləri sındırılmışdır. Özünün istifadəsində olan otağı təmir etdirmişdir, əlavə sanitar qovşağı tikmişdir. Belə ki, əvvəlki sanitar qovşağı cavabdeh tərəfindən sökülərək yararsız vəziyyətə salınmışdır. İstifadəsində olan otağında aparmış olduğu təmirlə bağlı, əlavə sanitar qovşağının tikintisi, kanalizasiya quyusunun qazılması ilə bağlı onun tərəfindən xərc çəkilmişdir. İddia tələbinin həcminin artırılmasına dair tələbi həmin əlavə gördüyü bu işlərlə bağlı çəkilmiş xərc tələbindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iş üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışına hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Onlar ailədə 4 uşaqdırlar. Mübahisə predmetinə daxil olan evin 1/3 hissəyə bölünməsinə etirazı yoxdur. İddiaçıya maneə yaratmır. İddiaçıya görə örada özü təmir-tikinti işlərini apar bilmir. Ata-anası öləndən sonra evin bütün materialları çürümüşdür, orada heç bir söküntü işləri aparmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən 24 saylı evə X2 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən 24 saylı evə dair İddiaçı 1/3 hisədə payı xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır, X2 adına olan 2/3 hissə açıq qalır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2696/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı evdə yaşamağa maneçilik törədilməsinin cavabdehə qadağan edilməsinə və torpaq sahəsinin cavabdehlə aralarında bərabər bölünməsi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, X2 xx.xx.2019-cu ildə ölməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən 24 saylı evin daşınmaz əmlakın dövlət reyestrində hər hansı tərəfin adına qeydə alınmaması müəyyən edilmişdir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3278 saylı, xx.xx.2024cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən 24 nömrəli fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus 1/3 hissə payın naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərinə və Məhkəmə Tikinti- X1 Metodlarında göstərilərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisə predmeti olan ev yerində müayinə olunmuş və yerində müayinədə müəyyən edilmişdir ki, mübahisə predmetinə daxil olan evin həyətinə daxil olmaq üçün kiçik dəmir qapıdan istifadə olunur. Həmin qapıdan daxil olduqda sol tərəfdə mübahisə predmetinə daxil olan ev yerləşir, evin qarşısında təxminən 1.5 metr ara məsafədə qonşuya aid tikili mövcuddur. Mübahisə predmeti olan evin sonunda və evə bitişik yeni tikili inşa olunmaqdadır. Həmçinin torpaq sahəsində mübahisə predmetinə daxil olmayan və cavabdehin yaşadığı başqa bir tikili də mövcuddur. Həmçinin müəyyən olunmuşdur ki, iş üzrə iddiaçı küçədə mübahisə predmetinə daxil olan evə ayrıca qapı qoymuş və qapıdan içəri daxil olan kimi evə bitişik sanitar qovşağı inşa etmişdir. Bundan başqa mübahisə predmeti olan evin iki otağı hazırda iddiaçının sahibliyində və istifadəsindədir. Evin bir otağının isə tavanı və döşəməsi olmamaqla yaşayış üçün yararsız vəziyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. -101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1 və 115.0.6-cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericiliyin tələblərinə nəzərə alaraq aşağıdakı sadalanlara əsasən məhkəmə heasb edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin araşdırılmış hallarından müəyyən edilir ki: -mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən 24 saylı ev iş üzrə tərəflərin atalarından qalmış miras əmlak olmaqla hazırda iddiaçının həmin əmlaka dair 1/3 hissədə payı müəyyən edilmiş, digər hissədə miras əmlaka pay hissəsi açıq qalmışdır. -Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən 24 nömrəli fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən iddiaçıya məxsus 1/3 hissə payın naturada ayrılması mümkün deyil. -miras qalmış əmlakdan istifadə edilməsinə cavabdeh tərəfindən hər hansı bir maneələr yaradılmır. Bundan başqa miras qalmış əmlakın cavabdeh tərəfindən sökülərək ziyan vurulması ilə bağlı iddiaçı tərəfindən sübutlar təqdim edilməmiş və bununla bağlı işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Əksinə işin hallarından görünür ki, miras qalmış evin iki otağı iddiaçının istifadəsindədir. O, həmin otaqları təmir etdirməklə əlavə tikinti işləri (sanitar qovşağı tikmiş) aparmış, həmçinin öz istifadəsində olan otaqlara daxil olması üçün küçədən ayrıca qapı qoymuşdur. İddiaçı başqa ünvanda yaşayır, payı müəyyən edilmiş evdə hazırda hər hansı bir təmir və tikinti işlərini aparmaq niyyətində deyil, mübahisə predmetinə daxil olan evdə təmir-tikinti işlərinin aparılmasına və ora girişə cavabdeh tərəfindən maneələr yaradılmır. Bu hallar iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqi tapmışdır. İddia tələbinin həcminin artırılmış hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, miras qalmış yaşayış evinin vərəsələr arasında paylarına uyğun öz aralarında olan razılaşma əsasında və ya məhkəmə qaydasında naturada bölgüsü aparılmadan bir hissəsində apardığı təmir-tikinti işlərinə çəkmiş olduğu xərclərin cavabehdən tələb edilməsi əsassızdır. Belə ki, bu təmir-tikinti işlərinin aparılması cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və bu işlərə görə əldə olunmuş faydadan cavabdehə görə məhrum edilməsi işin araşdırılmış hallarından müəyyən olunmur. Ev əşyaları ilə bağlı dəymiş maddi ziyanın tələb edilməsi hissəsinin nədən yaranması əsaslandırılmamaqla bu barədə də hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı cavabdehdən 2500 manat mənəvi zərər tələb etsə də bununla bağlı iddia tələbi əsaslandırılmamaqla bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırılması zamanı da cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər yetirilməsi müəyyən edilməmişdir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın payına uyğun naturada bölünməsi, əmlakdan istifadəyə və təmir-tikinti işlərinə edilən maneələrin qadağan edilməsi, dəymiş maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Həmçinin iddia tələbinin təmin edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın payına uyğun naturada bölünməsi, əmlakdan istifadəyə və təmir-tikinti işlərinə edilən maneələrin qadağan edilməsi, dəymiş maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar