Məhkəmə qərarları › İş №2(003)-207/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-207/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-207/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2-nin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2-yə qarşı dəymiş maddi və mənəvi ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulan zərərdən ödənməmiş 4110 manatın və mənəvi zərər kimi 5**0 manatın, cəmi 9110 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.08.2021-ci il tarixdə saat 16:40-da Z.Bünyadov prospektində hərəkətdə olarkən Cavabdeh1 Huseynağa oğlunun idarə etdiyi Ford-fronzit ** JN *** dövlət nömrə nişanlı avtomaşın ona məxsus Toyota Kamri ** SR *** nomrəli avtomaşınını vurub əzməklə özünü də xəsarətləndirmişdir. Cavabdeh sürücü və avtomaşının mülkiyyətçisi şirkət sahibi, yəni cavabdehlər əvvəlcə ona vurduqları zərəri ödəyəcəkləri barədə söz versələr də, sonra sözlərinə əməl etməmişlər. Cavabdeh2-nin direktoru Günel Məcidova qeyd olunan avtomobili 05.05.2021-ci il tarixdə Cavabdeh1 Huseynağa oğluna 1 il müddətinə sürmək üçün etibarnamə vermişdir. Bu avtomaşınla Cavabdeh1 Cavabdeh2-yə sürücülük edərək xidmət göstərir. Avtomaşınının avtoqəza nəticəsində aldığı zədələrlə bağlı “Yusif motors” avtomobil servisi texniki baxış keçirmiş və 9110 manat məbləğində avtomaşına zərər vurulduğu müəyyən edilmişdir. Avtoqəza nəticəsində mənəvi və psixi sarsıntı keçirmiş. Bununla bağlı müayinə və müalicə almışdır. Vurulan zərərin 5**0 manatı sığorta təşkilatı ödəsə də, qalan 4110 manatı cavabdehlər ödəmirlər. O da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin başlığında səhvən olaraq cavabdeh kimi Günel Məcidova yazıldığını və X1 və Cavabdeh2 cavabdeh kimi tanınmalırını və ona vurulan zərərdən ödənməmiş 4110 manatın və mənəvi zərər kimi 5**0 manatın, cəmi 9110 manat pulun onlardan müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında əlavə olaraq bildirdi ki, ekspert rəyində göstərilən məbləğlə razı deyil. Baş vermiş avtoqəza nəticəsində iddiaçıya fiziki zərər dəymiş, xəstəxanada yatmış və bununla bağlı sarsıntı keçirmişdir. Nəticədə ona mənəvi ziyan dəymişdir. Odur ki, iddia tələbi əsaslıdır və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, avtoqəza nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən iddiaçıya 5**0 manat məbləğində ödəniş olmuşdur. Hesab edir ki, həmin məbləğ iddiaçının avtomobilinə dəymiş zərərin ödənilməsi üçün kifayət edir. Ona görə də iddia tələbini qəbul etmir. Həmçinin bildirmişdir ki, o, Cavabdeh2-də əmək müqaviləsi əsasında işləyir, hadisə zamanı və hazırda da həmin MMC-də işləyir. Baş vermiş avtoqəza vaxtı o, Cavabdeh2-nin işçisi kimi öz əmək funksiyasını yerinə yetirməklə MMC-nin malını daşımışdır. Məhkəmə iclasında Cavabdeh2-nin vəkili Vəkil izahatında bildirmişdir ki, Cavabdeh1 qanuni əsasla avtomobili idarə etmiş və nəticədə onun təqsiri səbəbindən avtoqəza baş vermişdir. Ona görə hesab edir ki, iddia tələbi Cavabdeh2-yə aid hissədə əsassızdır və təmin edilməməlidir. Həmçinin bildirmişdir ki, Cavabdeh1 avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materialları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AD 516010 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Camry” minik markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan “Yusif Motors” avtoservis tərəfindən tərtib edilmiş 25.08.2021ci il tarixli qüsur aktının surətindən görünür ki, “Toyota Camry” markalı ** SR *** dövlət qeydiyyyat nişanlı avtomobilə 9110 manat ziyan dəymişdir. İş materiallarında olan AC 982308 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” yük markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2-dir. İş materiallarında olan 05.05.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən “Ford Transit” yük markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili bir il müddətinə (05.05.2022-ci ilədək) idarə etmək etibar edilmişdir. İş materiallarında olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 03.08.2021-ci il tarixində saat 16:40-da Ziya Bünyadov prospekti ərazisində “Ford Transit” yük markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X2 qızıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 sürücü vəzifəsində işləyir və işəgötürən X2 qızıdır. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 9/9460 nömrəli, 21.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “Yusif Motors” avtoservisin 25.08.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2**8-ci “8 buraxılışlı “Toyota Camry” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6448,0 manat müəyyən edilir. Aparılmış tədqiqatının dəyəri 1** manat təşkil etmişdir. İş araşdırılmış hallarından müəyyən edilir ki, iş üzrə Cavabdeh1 digər Cavabdeh2-nin işçisi olmaqla həmin MMC qarşısında üzərinə götürdüyü vəzifələri (əmək funksiyasını) yerinə yetirərkən 03.08.2021-ci il tarixdə onun təqsiri nəticəsində avtoqəza hadisəsi baş vermiş və həmin hadisə zamanı İddiaçı əmlakına (avtomobilinə) zərər dəymişdir. Dəymiş zərərlə bağlı 5**0 manat məbləğində pul sığorta şirkəti tərəfindən İddiaçı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099-cı maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh1 hüquq zidd əməli (inzibati xəta törətməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulduğundan və o, həmin hüquqa zidd əməli Cavabdeh2-nin işçisi olmaqla əmək vəzifələrinin icrası zamanı törətdiyindən dəymiş ziyanın ödənilməsi ilə bağlı məsuliyyəti Cavabdeh2 ("xxxx" MMC) daşıyır. Həmçinin dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yolnəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin əvəzini “Yusif Motors” avtoservisin 25.08.2021-ci il tarixli qüsur aktı ilə müəyyən edilmiş 9110 manat zərərdən sığorta şirkəti tərəfindən ödənilmiş 5**0 manat məbləğində pul çıxılmaqla 4110 manat məbləğində qiymətləndirməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə iddiaçının əmlakına dəymiş zərərin müəyyən edilməsi üçün əsas götürülməli və Cavabdeh1 hüquqa zidd əməli nəticəsində iddiaçının əmlakına dəymiş ziyan 6448,0 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, işin mübahisəsiz halı olan sığorta şirkəti tərəfindən ödənilmiş 5**0 manat nəzərə alınmaqla Cavabdeh2 ("xxxx") MMC-dən 1448 manat (6448 manat – 5**0 manat) tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi maddi zərərəin tutulması ilə bağlı Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 5**0 manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutulması barədə hissəsinə dair aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2**2-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2**8-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərlə bağlı tələb, yol-nəqliyyat hadisəsi nəticəsində səhətinə dəymiş zərərlə bağlı iddiaçının müalicə və müayinə olunması nəticəsində psixi sarsıntı keçirməsi səbəbindən ona mənəvi ziyanın dəyməsi ilə əsaslandırılsa da həmin hallar işin araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mənəvi zərər dəyməsi barədə dəlillər əsassız olduğundan həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh2 ("xxxx") MMC-dən 1448 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin (1** manatın) ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin olunması nəzərə alınmaqla 60 manatı iddiaçıdan, 40 manatı isə Cavabdeh2 ("xxxx") MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ("xxxx") MMC-dən 1448 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1** manatın 60 manatı İddiaçı, 40 manatı Cavabdeh2 ("xxxx") MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN 17**326621, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar