Məhkəmə qərarları › İş №2(003)-2126/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2126/2022

13.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2126/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itrilmiş hesab edilməsi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 mənim ögey qardaşlarıdır. Cavabdeh2 Cavabdeh1 həyat yoldaşı, Cavabdeh3 isə onun qızıdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onun şəxsi mülkiyyətində pasport qeydiyyatındadırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rusiya Federasiyasının vətəndaşlarıdır. Cavabdeh1 20 ilə, Cavabdeh4 isə 15 ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayırlar. Hazırda da onlar öz ailələri ilə birlikdə Rusiya Federasiyasında işləyib orada yaşayırlar. Bu səbəbdən uzun illərdir ölkəyə gəlib-getmirlər. Onların onun mənzilində qeydiyyatda qalması beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunvericilyi ilə ciddi qorunan mülkiyyət hüququmun məhdudlaşdırılmasından başqa bir şey deyil, cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar, belə ki, onların istifadə hüququları yoxdur, onlar sözügedən fərdi yaşayış evində yaşamasalar da onun mülkiyyət hüquqları məhdudlaşır, cavabdehlərin sözügedən fərdi yaşayış evində heç bir əşyaları yoxdur, istifadə hüquqları formal xarakter daşıyır. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərin məhkəməyə məlum olan sonuncu yaşayış yeri üzrə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayış İddiaçı, Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 ünvan 1 ünvanında pasport qeydiyyatında olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətndən görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 055-10749H-3222 nömrəli məktubda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Buzovna qəsəbə nümayəndəliyinin müavini X5, qonşuları ünvan 3 ünvanında yaşayan X1, ünvan 4 ünvanında yaşayan X2 iştiakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 15 ildən artıq ünvan 1 ünvanında yaşamadıqları qeyd edilmiş və akt Bakı şəhəri Buzovna qəsəbəsi ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmşdir. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehlər əvvəllər mübahisəli mənzildə yaşamış və son 15-20 ilə yaxın müddət ərizində mübahisəli mənzildə yaşamamış, həmçinin iddiaçının vermiş olduğu izahatına əsasən onların Rusiya Federasiyasının vətəndaşları olmaları və Rusiya Federasiyasında yaşamaları bildirilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş və Bakı şəhəri Buzovna qəsəbəsi ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmş aktdanda cavabdehlərin son 15 il ərizəndə ünvan 1 ünvanında yaşamadıqları aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Beləliklə, məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən təxmini 15 ildən artıq fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) olmasını göstərən hər hansı hərəkətinin olmaması, məhz onların həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və iddia tələbi təmin edilməklə cavabdehlərin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar