Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2145/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əldən çıxmış faydaya görə maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əldən çıxmış faydaya görə 8000,0 manat, maddi ziyana görə 400,0 manat, mənəvi ziyana görə 1000,0 manat, cəmi 9400,0 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2021-ci ildə özü üçün torpaq sahəsi almaq qərarına gəldiyi zaman tanış olmuş, öncədən isə onları tanımamışdır. Belə ki, ev alqı-satqısı ilə məşğul olan cavabdehlər 08 avqust 2021-ci il tarixdə ona Hövsan Südçülük sovxozunda yerləşən 334 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən torpaq sahəsini göstərərək sənədləri ilə birlikdə sotunu 5000 manata satdıqlarını bildirmişlər. Həmin 4040 kv.metr torpaq sahəsi üçün o, cavabdehlərə ümumilikdə 22400 manat məbləğində pul vermişdir. Pulu verdikdən bir gün sonra cavabdehlər ona tanımadığı Nizami adlı şəxsin adından etibarnamə və başqa şəxsə aid olan sərəncamın surətini vermişlər. Cavabdehlərdən torpaq sahəsi üçün rəsmi sənəd tələb etdikdə onlar onu aldatmış, Aydın adlı şəxsin həmin torpaq sahəsinin təyinatını bir ay müddətində dəyişdirəcəyini söz versələr də, vədlərinə əməl etməmişlər. Dəfələrlə cavabdehlərlə görüşərək bu mövzuda danışsa da, onlar nə torpaq sahəsinin sənədlərini düzəldərək ona təqdim etməmiş, nə də aldıqları pulu geri qaytarmamışlar. Ona görə də o məcbur olub cavabdehlərin hərəkətlərindən 21 aprel 2023-cü il tarixdə DİN-nin 102 zəng mərkəzinə şikayətlə müraciət etmişdir. Şikayətinə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində baxılmış, aparılan araşdırma zamanı cavabdehlərdən izahat alınmış, hər ikisi həqiqətən də ondan 22400 manat məbləğində pul vəsaiti aldıqlarını, torpaq sahəsinin sənədlərini düzəldəcəklərinə söz vermələrinə baxmayaraq, sənədləri düzəldib ona təqdim edə bilmədiklərini təsdiqləmişlər. Araşdırma getdiyi müddətdə Cavabdeh1 torpaq almaq üçün ona verdiyi 22400 manat məbləğində pulu geri qaytardığı üçün həmin hissədə cavabdehlərdən şikayət və tələbinin olmaması, araşdırmanın icrasının dayandırılması barədə ərizə ilə polisə müraciət etmişdir. Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin 01 may 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, gələcəkdə iddiası olacağı təqdirdə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlər ondan aldıqları 22400,0 məbləğində pul vəsaitini hüquq-mühafizə orqanına müraciət etdikdən sonra geri qaytarsalar da, onlar tərəfindən ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehlər onun etibarını qazanaraq, onlara olan inamından sui-istifadə edərək torpaq sahəsi almaq adı ilə ondan 22400 manat məbləğində pul vəsaitini almağa nail olmuş, aldandığını anladıqdan sonra dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, 22400 manat məbləğində pul vəsaitini geri qaytarmayaraq qanunsuz olaraq özlərində saxlamış, müraciətlərinə uzun müddət və davamlı rədd cavabları vermişlər. Nəticə etibarilə, bütün bunlar iddiaçının mənəvi sarsıntı və iztirab keçirməmə səbəb olmuş, bu hallar onun şüurunda müəyyən mənfi psixi reaksiya əmələ gətirmiş və fiziki əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehlərin ona məxsus olan pul vəsaitini uzun müddət özlərində saxlayaraq yararlanması onun həmin müddət ərzində əldə edəcəyi gəlirlərdən və qazana biləcəyi faydadan məhrum olmasına səbəb olmuşdur. Belə ki, 22400 manat məbləğində pul vəsaiti ilə onun 2021-ci ildə 4,4 sot torpaq sahəsi almağı mümkün idisə, hazırda 2023-cü ildəki iqtisadi vəziyyətdə, pul vəsaitinin qaytarılmasından təxminən 20 ay sonra onun həmin pul vəsaitindən eyni şəkildə yararlanıb torpaq sahəsi almaqla faydalanması mümkün deyil. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, 8000 manat məbləğində əldə edəcəyi gəlirdən məhrum olmuş, keçirmiş olduğu mənəvi və fiziki iztirablara görə ona dəymiş mənəvi ziyanı isə 1000 manat məbləğində qiymətləndirir. Eyni zamanda bildirir ki, cavabdehlərə inanıb güvənərək 22400 manat məbləğində pul ödəyib aldığı torpaq sahəsində tikinti aparmaq üçün 400 manat dəyərində aldığı daş və qum cavabdehlərin satdığı torpaq sahəsindən götürülmüş və nəticədə ona 400 manat məbləğində də maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək qeyd etdi ki, həmin torpağı aldığı zaman qiymətlər ucuz olduğundan cavabdehlərə verdiyi pulu vaxtında qaytarmış olsaydı, həmin pula istədiyi torpaq sahəsini alardı, lakin indiki dövrdə həmin pula artıq elə bir torpaq sahəsi ala bilmir. Bundan əlavə o cavabdehlərə inanaraq 1 il 9 ay sənədin düzəlməsini gözləmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, o, iddiaçı ilə bir razılığa gəlib, onu aldatmayıb, sənədi düzəltdirməyə çalışıblar, lakin alınmayıb. O, zorla iddiaçıya məxsus pulu mənimsəməyib və tələb etdiyində pulu ona geri qaytarıblar. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, onlar iddiaçıya məxsus pulu mənimsəməyib və tələb etdiyində pulu ona geri qaytarıblar. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı verdiyi məlumat əsasında HK1-981 sayla qeydiyyata alınaraq toplanılmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı, cavabdehlərdən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edərək, 9400,0 manat pulun sonunculardan tutulmasını xahiş etmiş, öz tələbini cavabdehlərin pulu özlərində saxlayaraq, iddiaçıya qaytarmadıqlarından iddiaçı tərəfindən istifadə edə bilmədiyi üçün maddi gəlirlərindən məhrum olması ilə əsaslandırmışdır. İddiaçı, ona ziyan vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu kimi, maddı ziyana görə 400,0 manat və 8000,0 manat pul vəsaitini əldən çıxmış fayda kimi qiymətləndirmişdir. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus pulun zorla, iddiaçının qaytarmasını tələb etməyinə baxmayaraq özlərində saxlamaları halı müəyyən edilməmişdir. Əksinə iş materiallarından da müəyyən olunur ki, cavabdehlərin iddiaçının tələbi əsasında pulu ona geri qaytarmıçlar. Məhkəmə qeyd edir ki, cavabdehlər həmin pulu iddiaçının razılığı əsasında (satdıqları torpağın sənədini düzəltdirmək üçün) özlərində saxlamışlar, bununla da iddiaçıların hər hansı hüququnu pozmamaqla maddi zərər vurmamışdır. Məhkəmə mübahisələri gedən zaman cavabdehlərin həmin pulu qaytarmış olmalarını nəzərə alaraq iddiaçının mülkiyyət hüquqlarını pozmamaqla bu hal əsas götürülməklə ondan zərər kimi pul tələb edilməsi də qanuni və əsaslı hesab edilə bilməz və iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin "vurulmuş mənəvi zərərə görə” 1000,0 manat pul tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırki halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına dair iddiaçının dəlilləri inandırıcı və iş hallarına uyğun deyil. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya zərərin vurulması halı sübuta yetirilməməklə mövcud olmadığından iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hər hansı qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı olması halı müəyyən edilmədiyindən iddia tələbinin mənəvi zərərə aid hissəsi də təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 qarşı əldən çıxmış faydaya görə maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əldən çıxmış faydaya görə maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2145/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2145/2023
12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver