Məhkəmə qərarları › İş №2(003)-2206/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2206/2021

31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2206/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən verilmiş 26.02.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC-nin Xəzər rayon Filialından bol kart almış və ona Kapital bankdan kart vermişlər. O da hər ay həmin məbləğdən artıqlaması ilə ödəmiş və ona demişlər ki, borcu yoxdur. Lakin sonradan Cavabdeh1 ASC-nin Xəzər rayon filialı onu məhkəməyə vermiş və bildirmişdir ki, onun 1242.15 manat borcu vardır. Xəzər Rayon Məhkəməsi Cavabdeh1 ASC-nin iddia ərizəsini təmin edərək, ondan 1242.15 manat borc və 20 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarmışdır. Xəzər rayon İcra şöbəsinin icra məmuru Neymətzadə Şəfəq tərəfindən qəbul edilmiş 04.03.2021-ci il tarixli qərarı ilə ondan 1242.15 manat əsas borc və 20 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulması qərara alınmışdır. Halbuki, o, bolkartla Bankdan 1000 manat almış, 2365 manat ödəmişdir. Onun bu barədə qəbzləri də vardır. Qeyd olunanlara əsasən, Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən verilmiş 26.02.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, qanunvericilikdə icra qeydinin ləğvi deyilən anlayış yoxdur. İcra qeydinin hüquqi statusu “Notariat haqqında” AR qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərin tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi, icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən “icra qeydinin ləğvi” mümkün olsa belə icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. İndiki halda isə iddiaçı sadəcə Banka qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. Borclu hesab edə bilər ki, onunla bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da borc artıq hesablanmışdır və s. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşıdır, notariusa və ya icra qeydinə aidiyyəti yoxdur. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməli idi. Məhz onda həmin tələb məhkəmə baxışının predmeti ola bilərdi. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən tərtib edilmiş 26 fevral 2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı 41.50 manat cərimə, 20 manat dövlət rüsumu, 1200.65 manat əsas borc olmaqla, cəmi 1262.15 manat pulun tutulması qərara alınmışdır. İş materiallarına İddiaçı tərəfindən edilən ödənişlərə dair Cavabdeh1 tərəfindən verilmiş çıxarış əlavə edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-yə olan borcunu ödədiyini bildirmiş, lakin həmin borcun ondan tutulmasına dair məhkəmə qətnaməsini mübahisələndirmək yerinə, məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən verilmiş icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Həmin maddədə, eyni zamanda, qeyd edilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılmasının qayda və şərtlərini müəyyən etmiş, işin məhkəmə iclasında araşdırılması zamanı iddiaçı mübahisələndirilən icra qeydinin qanunvericilikdə nəzərdə tutulan qayda və şərtlərə uyğun gəlməməsinə dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar