Məhkəmə qərarları › İş №2(003)-2209/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2209/2023

28.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2209/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehlər Cavabdeh4 və Cavabdeh7 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 qarşı “mənzilə istifadə hüqunun xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu. Rafael Cəfərov küçəsi, 7 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov küçəsi, 7 saylı ev onun xüsusi mülkiyyətindədir. Evi ******* saylı alqı-satqı müqaviləsi ilə almış və bu barədə ona qeydiyyat vəsiqəsi də verilmişdir. Həmin evdə ondan başqa cavabdehlər hələ də qeydiyyatdadırlar. Onlar həmin evdə qeydiyyatda olsalar da, evdə yaşamırlar və harada yaşamaları ona məlum deyildir. Cavabdehlərin onun evində qeydiyyatda qalmaları bir mülkiyyətçi kimi onun mənzil hüquqlarını pozur. Məcbur qalıb onların da yerinə kommunal xərcləri ödəyir. Bu da onun maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Hazırki iddia ərizəsinin məhkəməyə verilməsinə əsas ondan ibarət olmuşdur ki, həmin şəxslər iddiaçının evindən qeydiyyatdan çıxarılsınlar. Çünki iddiaçı onların da əvəzinə kommunal xərcləri ödəyir.Cavabdehlər iddiaçıya məxsus evdə heç vaxt yaşamasalar da, onların həmin ünvanda pasport qeydiyyatında qalmaları iddiaçının mülkiyyət hüququnu əhəmyyətli dərəcədə pozur. Hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia ərizəsinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının tələbində qeyd etdiyi evin onlara hər hansı bir aidiyyatı olmamışdır, belə ki, iddiaçının evinin yerləşdiyi ünvanda 4 ayrı-ayrı ev mövcuddur. Hər bir evin giriş-çıxışı ayrıdır. İllərdir ki, cavabdehlər özlərinə məxsus evlərdə yaşayırlar və iddiaçının evində heç vaxt yaşamamışlar. Həmçinin kommunal xidmətlər hər evə münasibətdə ayrı-ayrı olmaqla ödənişlərin iddiaçıya hər hansı bir aidiyyatı olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 iddia ərizəsinə etiraz edərək, digər cavabdehin izahatında bildirdiklərini təsdiq edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu. Rafael Cəfərov küçəsi, 7 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarından həmçinin müəyyən edilir ki, cavabdehlər qeyd olunan evdə qeydiyyatdadırlar. İddiaçı hazırda cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu. Rafael Cəfərov küçəsi, 7 saylı evə istifadə hüquqlarının itirilməsini tələb edir. Cavabdehlər isə bildirirlər ki, onlar iddiaçının evində yaşamamışlar, onların həmin evə aidiyyatları yoxdur, mübahisəli ünvanda 4 ayrı-ayrı tikili mövcuddur ki, cavabdehlər həmin yaşayış sahələrində yaşayırlar. Məhkəmə tərəfindən ünvan 1 ünvana yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçını qeyd etdiyi ünvanda bir-birindən təcrid edilmiş 4 tikili mövcuddur. Cavabdehlər mübahisəli mənzildə yaşamırlar. Həmçinin yerli baxış zamanı iddiaçı bildirmişdir ki, cavabdehlər ona məxsus evdə heç vaxt yaşamamışlar, lakin onlar 7 saylı ünvanda pasport qeydiyyatında olmaqla onun hüquqlarını pozur. Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin mübahisəsiz hallarından göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Rafael Cəfərov küçəsi, 7 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər qeyd olunan ünvanda qeydiyyatdadırlar. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər Bakı şəhəri, Xəzər rayonu, Rafael Cəfərov küçəsi, 7 saylı evdə yaşamamışlar. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Rafael Cəfərov küçəsi, 7 saylı ünvanda birbirindən təcrid edilmiş formada 4 tikili mövcuddur və cavabdehlər özlərinə məxsus evlərdə yaşayırlar. Məhkəmə işin müəyyən edilmiş hallarına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən dövlət mülkiyyət hüququ qanunla qorunur. «İnsan Hüquqlarının və X1 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs habelə dövlət öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehlər ümumiyyətlə iddiaçıya məxsus evdə yaşamamışlar və onların həmin evə dair istifadə hüquqları yaranmamışdır. Cavabdehlərin iddiaçıya məxsus evə dair istifadə hüquqları yaranmadığından, mövcud olmayan hüquqlara xitam verilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisələndirilən yaşayış evində pasport qeydiyyatında olmaları həmin evdə istifadə hüququnun yaranmasını təsdiq edən hal kimi qəbul edilə bilməz. Belə ki, qanunvericilik istifadə hüquqlarının tanınması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Başqa sözlə şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun istifadə hüquqlarının olması üçün əsas deyildir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Bundan başqa iddiaçının nümayəndəsi (vəkili) məhkəmə baxışı zamanı izahatında bildirmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Hazırki iddia ərizəsinin məhkəməyə verilməsinə əsas ondan ibarət olmuşdur ki, həmin şəxslər iddiaçının evindən qeydiyyatdan çıxarılsınlar. Çünki iddiaçı onların da əvəzinə kommunal xərcləri ödəyir. Hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Qeyd olunanlara münasibətdə məhkəmə bildirir ki, cavabdehlərin mübahisəli evə olan qeydiyyatının ləğv edilməsi hazırki mülki icraat çərçivəsində həyata keçirilə bilməz. Belə ki, həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına inzibati orqana müraciəti əsasında xitam verilməlidir, bu barədə inzibati orqan tərəfindən imtina edildikdə bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu baxımdan məhkəmə iddiaçıya izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, sənədlərlə müvafiq orqana, hazırki vəziyyətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (müvafiq polis idarəsinə) müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5. Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 qarşı “mənzilə istifadə hüqunun xitam verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5. Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 qarşı “mənzilə istifadə hüqunun xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar