Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-222/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə və üçüncü şəxs "xxxx" MMC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış 8İ-6432 nömrəli icra qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı1 arasında 2020-ci ilin sentyabr ayında 3 il müddətinə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə 50.000 manat borc pul götürülmüşdür. Həmin kredit müqaviləsi əsasında "xxxx" MMC ilə İddiaçı2 arasında isə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsilə Bakı şəhəri, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi 7A saylı fərdi yaşayış evi kredit müqaviləsinin təminatı olaraq girov qoyulmuşdur. Lakin, Kəpəz BOKT kredit müqaviləsinin müddəti bitməmiş vaxtından əvvəl notariusa müraciət edərək tutmanın ipoteka predmetinə yönəldilməsini 25 saylı notariat ofisindən xahiş etmişdir. 25 saylı Notariat ofisi tutmanın ipoteka predmetinə yönəldilməsi üçün Xəzər rayon İcra şöbəsinə icra qeydi vermişdir. Həmin icra qeydi qanunsuzdur, icra qeyd ləğv olunmalıdır. Belə ki, kredit müqaviləsi üzrə məbləğ 50.000 manat təşkil edib, həmin puldan 5 ay ödəniş edilib, ödənişin ümumi məbləği 2022-ci ilin yanvar ayı olmaqla tam şəkildə cədvəl üzrə öddənişlər yerinə yetirilib. Lakin, 2022-ci il fevral ayından tikintini tam şəkildə tamamlamağa maddi durum çatmadığı üçün digər şəxslərdən, 15 aylıq borc götürülüb. Obyekt tam fəaliyyətə başlaması üçün 2022-ci ilin noyabr ayından hazır olsa qış mövsümi, sonra isə ilin dini ayları ilə əlaqədar obyektdə xidmət olmayıb və bu səbəbdən ödənişlər yubanır. Bu haqda telefonla banka müntəzəm olaraq əlaqə olub və köməklik ediləcəyi, dəstək veriləcəyi şifahi olsa da deyilib. Lakin, 2 gün öncə məlum oldu ki, kredit müqaviləsinə əsassız olaraq 25.000 manat dəbbə pulu hesablanıb. Bu da iddiaçıların sahibkarlıq fəaliyyəti üçün külli miqdarda ziyan kimi və müflis vəziyyətə gəlməyinə, obyektin ölü kapitala çevrilməsinə təsir edir. Bu hal qarşı aylarda cədvəl üzrə ödənişlərə başlamaqlarına mənfi təsir göstərir. Bunlardan başqa, icra qeydi həm də ona görə qanunsuzdur ki, vaxtından əvvəl müddət gözlənilmədən icraya yönəldilib. Daha sonra, 25.000 manat qanunsuz dəbbə pulu göstərilib. Notarisun belə səlahiyyəti yoxdur. Kəpəz BOKT-un 25.000 manat dəbbə pulu da silinməlidr. Ona görə də hesab edirlər ki, icra qeydi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edın İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ona bu barədə heç bir bildiriş xəbərdarlıq göndərilməmişdir. Məhkəmənin əvvəlki prosesində iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, bildirdi ki, tələbkar tərəfindən ona bildiriş təqdim edilməmişdir və o, hesablanmış cərimə ilə razı deyil, belə ki, məbləğin şişirdilmiş olduğunu bildirdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən üçüncü şəxs Kəpəz BOKT MMC-nin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirişin iddiaçı tərəfə göndərildiyini bildirmiş, ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 939/2021 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Kəpəz BOKT MMC-dən illik 35.15% ödəmək şərti ilə 36 ay müddətinə 50,000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə edilmiş 2021/00939-İP saylı xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı2 İddiaçı1 Kəpəz BOKT MMC qarşısında xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən yaranan öhdəliklərin icrasının təmini məqsədi ilə ona məxsus Bakı şəhəri, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi 7A saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi 7A saylı fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Kəpəz BOKT MMC –nin xx.xx.2023-cü il tarixli 2066 saylı maliyyə arayışının sürətindən görünür ki, İddiaçı1 xx.xx.2021-ci il tarixli 939/2021 saylı kredit müqaviləsi üzrə 47398,69 manat əsas, 22271,22 manat faiz və 25000,0 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1736 saylı bildirişin sürətindən görünür ki, borc barədə borclulara məlumat verilmişdir və 5 gün sonra notarius icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi prosesinə başlayacaq. İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, Kəpəz BOKT MMC tərəfindən borclulara göndərilmiş bildirişlər “qəbul etmədilər” qeydi ilə geri qaytarılmışdır. İş materiallarından görünür ki, Kəpəz BOKT MMC xx.xx.2023-cü il tarixli 2081 saylı ərizə ilə Bakı şəhəri 25 saylı notariat ofisinə müraciət edərək, ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə icra qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın sürətindən görünür ki, Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə aparılmış 8İ-6432 nömrəli icra sənədi üzrə icra işi başladılmışdır. Məhkəmə tərəfindən iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı1 Kəpəz BOKT MMC-dən 50000,0 manat məbləğində kredit götürmüşdür. Sözügedən borcun tutulması barədə Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə icra qeydi aparılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İddiaçı2 ümumiyyətlə bildiriş göndərilməməsi, İddiaçı1 isə bildiriş göndərilməsi (imtina etdi) müəyyən olunmuşdur. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya 25 min manat dəbbə pulunun hesablanması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, dəbbə pulunun həddindən artıq yüksək qiymətlə tələb edilməsi icra qeydinin verilməsinə ziddir.Burada artıq mübahisəli məqam ortaya çıxır ki, bu da icra qeydinin verilməsinə imkan vermir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, dəbbə pulu həddindən artıq yüksək hesablanıb və iddiaçının mənafelərini pozur, mübahisə yaranır. Belə olan halda məhkəmə hesab edir ki, bu hal icra qeydinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, Kəpəz BOKT MMC tərəfindən İddiaçı1 36 ay müddətinə 50000,0 manat məbləğində krediti pul vəsaiti verilməsi və İddiaçı2 onun qarşısında kredit müqaviləsi əsasında öhdəliklər daşıması işin mübahisəsiz hallarına aiddir. Lakin nəzərə almaq lazımdır ki, borc pul vəsaitinin icra qeydi verilməklə tələb edilməsinin qaydaları qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə icra qeydinin verilməsi üçün borcludan tələb edilən borc mübahisəsiz olmalı və təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində həmçinin göstərilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İş materiallarından göründüyü kimi iddiaçı hazırda dəbbə məbləğinin şişirdilmiş xarakter daşıdığını bildirir. Göründüyü kimi borcludan tələb edilən borc məbləği iddiaçı tərəfindən mübahisələndirildiyindən həmçinin, hazırkı tələb üzrə iddia müddəti keçdiyindən Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli (reyestrdə 8İ-6432 nömrə ilə qeyd edilib) icra qeydi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-222/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-222/2024
21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver