Məhkəmə qərarları › İş №2(003)-225/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-225/2025

21.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-225/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh1 nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yataqxanasında 2006-cı ildə onun istifadəsinə və sahibliyinə verilmiş və 2011-ci ildən pasport qeydiyyatına alındığı iki otaqdan, cavabdehlər-oğlu, Cavabdeh2 və gəlini, Cavabdeh1 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yataqxanasında iki otaq istifadə və sahiblik hüququ əsasında ona məxsusdur. Cavabdeh2 onun oğludur, Cavabdeh1 isə oğlu, Cavabdeh2 həyat yoldaşı və onun gəlnidir. 2022-ci ilin sentyabr ayından cavabdehlər ondan, onların müvəqqəti olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yataqxanasında onun istifadə və sahiblik hüququ əsasında ona məxsus iki otaqda yaşamaları üçün icazə istəmişlər. O da buna razılıq vermişdir. Cavabdehlər ondan icazəsiz və razılığı olmadan gizli formada həmin otaqlara pasport qeydiyyatına düşmüşlər. O iki otağında yaşamaq istəyir. Lakin oğlu, Cavabdeh2 və gəlini, Cavabdeh1 əsassız və qanunsuz olaraq "xxxx"Açıq Səhmdar Cəmiyyətinin yataqxanasında, iş yerindən onun istifadə və sahibliyinə verilmiş iki otağını zəbt etmişlər və o ayrı-ayrı yerlərdə yaşamaq və gecələmək məcburiyyətində qalmışdır. O, cavabdehlərə müraciət edərək sahiblik və istifadə hüququnda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yataqxanasında olan ona məxsus iki otağın könüllü surətdə boşaldılmasını dəfələrlə xahiş və tələb etsə də sonuncular onun qanuni tələbini rədd edirlər. Hal-hazırda o, onun-bunun evində yaşamaq məcburiyyətində olsa da, yataqxanadakı otaqlarını boşaltmırlar. Məhkəmənin diqqətinə çatdırmışdır ki, onun istifadə və sahiblik hüququnda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yataqxanasındakı iki otağından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 başqa pasport qeydiyyatında olan yoxdur. Cavabdehlər də həmin yataqxanadakı otaqlarda faktiki olaraq onun icazəsi və razılığı olmadan pasport qeydiyyatındadırlar. Onların pasport qeydiyyatında qalması onun istifadəçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehlər onun istifadə və sahiblik hüquqlarını tam həyata keçirməyə imkan vermirlər və maneçilik törətməklə hüquqları məhdudlaşır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etməklə yanaşı izahatında bildirdi ki, tələb etdiyi mənzillərlə bağlı sənədləri yoxdur. Lakin mənzillər onun adınadır. Mənzillərin olduğu ev yataqxana olmuş, sonra sökülərək yenidən tikilmiş və kim yaşamışdırsa həmin şəxslərə mənzillər verilmişdir. Yataqxanada əvvəllər iki otağı olmuşdur. Hazırda isə oğlu, bir otağı zəbt etdiyindən sonradan cavabdehlərə də otaq verilmişdir. Cavabdehlərin isə həmin evə nə zaman pasport qeydiyyatına düşmələri barədə məlumatı yoxdur. Oğlu, 2011-ci ildə ailə qurmuş, 2018-ci ildə isə yataqxanada otağın birində yaşamağa başlamışlar. 2018-ci ilədək cavabdehlər Şamaxı rayonunda yaşamışlar, dalaşdıqlarına görə ayrılmamaları üçün mübahisə predmətinə daxil olan otağın birini onlara vermişdir. Otaqları ona hökümət vermişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək izahatında bildirdi ki, otağı qaytarmağa etirazı yoxdur. Ev anasına məxsus olmuş, 2006-cı ildə həmin evi anası almış, onlar isə oraya 2018-ci ildə köçmüşlər. Ayrı-ayrı otaqlar olmuşdur. Bu səbəbdən evi anasına qaytarmağa etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçının bu iddianı qaldırmağa heç bir hüququ yoxdur. Saxta arayışla ev tələb edir. Evə dair iddiaçının heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Yataqxana olmuş, ayrı-ayrı otaqlar olmuşdur. O, uşaqları ilə birlikdə orada yaşamış, sonradan söküldükdən sonra orada yaşadığına görə fond tərəfindən yeni mənzil verilmişdir. Ailə qurduqdan sonra orada yaşamağa başlamışlar. Orada olan 29-cu mənzil iddiaçıya məxsusdur və oranı kirayəyə vermişdir. İddiaçının 3 evi var, buna baxmayaraq heç bir sənədi olmayan mənzildən çıxarılmasını tələb edir. Həmçinin həmin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi vardır. Yataqxanada heç kimin sənədi yoxdur. Orada kim yaşamışdırsa həmin şəxslərə mənzillər verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin Xəzər Rayon Məhkəməsinə ünvanladığı 288 nömrəli, xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı, 2006-cı ildən "xxxx" ASC-nin yataqxanasında yaşayır. 2011-ci ildən pasport qeydiyyatındadır və onun iki otağı vardır. İş materiallarına əlavə edilmiş: -Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-658/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı iddia təmin edilərək Cavabdeh1 ünvan 2 ünvanında yerləşən BAKQAZMAŞ ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. -Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən Cavabdeh2, Cavabdeh1 sağlamlığına yüngül dərəcəli xəsarətlər yetirməsi ittihamı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, mühəndislərin 111 saylı MKİS-nin işçiləri ilə birgə araşdırması zamanı İddiaçı 2006-cı ildə "xxxx" ASC tərəfindən 2 otağın verildiyi barədə xx.xx.2023-cü il tarixli, 288 saylı arayış verildiyi məlum olunmuş, həmin otağın birində İddiaçı, digər otağında oğlu, Cavabdeh2 yaşayır. -"xxxx" ASC-nin iclasının 2 nömrəli protokolundan 28.01.20-ci il tarixli çıxarışının surətindən görünür ki, Buzovna qəsəbəsində "xxxx" ASC-nin yataqxanasında yaşayan İddiaçı ailəsi ilə yataqxaya qeydiyyata salmaq qərarına gəlinmişdir. Ailə tərkibi: xx.xx.1990cı ildə andan olan oğlu, Cavabdeh2 Saşık oğlu. -111 saylı Mənzil-Kommunal İstismar sahəsinin 257 nömrəli, xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh1, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" zavodunun yataqxanası, 25 nömrəli mənzildə qeydiyyatdadır və o, orada 2 övladı: X5 və X2 ilə birlikdə yaşayırlar. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 288 nömrəli cavab məktubundan görünür ki, "xxxx" ASC-nin nəzdində olan yaşayış fondları Bakı şəhəri MKTD-nın xx.xx.2009-cı 11 tarixli 67 saylı sərəncamına və 15 aprel 2016-ci 11 tarixli akta əsasən yataqxana binasında yaşayan sakinlərin qeydiyyat forması və digər sənədlərlə birlikdə 1 saylı XPMKTB-nın tabeçiliyində olan Xəzər rayonunda yerləşən 111 saylı MKİS-nın istismarına verilmişdir. Ona görə də "xxxx" ASC-də yataqxanada yaşayanlar haqqında heç bir sənəd yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 111 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 29 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" zavodunun yataqxanası qəzalı vəziyyətdə olduğu üçün 2019-cu ildə sökülən zaman komissiya tərtib olunmuş, həmin yataqxada faktiki yaşayanlar siyahıya alınmışdır. 2020-ci ildə mənzillər paylanan zaman yenə həmin komissiya üzvlərinin iştirakı ilə siyahıya alınmış sakinlər mənzillərlə təmin olunmuşdur. Siyahıya alınma və mənzillərin verilməsi prosessində H.Əliyev adına fondun nümayəndəsi, Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər şəxslər iştirak etmişdir. Bu prosesdə 111 saylı MKİS-nin heç bir rolu olmamışdır. Adı gedən yataqxana 111 saylı MKİS-nə təhvil-təslim olunmadığı üçün yalnız yaşayan sakinlərin siyahısı verilmişdir. Sıyahıdan çıxarış əsasən mənzil 25-də Cavabdeh2 (xx.xx.1990), Cavabdeh1 (xx.xx.1990), X5 (xx.xx.2012) və X2 (xx.xx.2014). Mənzil 29da İddiaçı (xx.xx.1964), X4 (xx.xx.1959) adlı şəxslərin adları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddia tələbinin əsası ondan ibarətdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yataqxanasında olan iki otaq iddiaçıya verilmiş və həmin otaqlar iddiaçının sahibliyindədir. İşin araşdırılmış hallarından isə müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nəzdində olan yataqxanada iş üzrə cavabdehlər yaşamışlar. Həmin yataqxana söküldükdən sonra orada yaşayan şəxslərin siyahısı nəzərə alınmaqla həmin şəxslərə 2019-cu ildə yeni tikilmiş binada mənzillər verilmişdir. Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 111 saylı Mənzil- Kommunal İstismar sahəsinin məlumatından və arayışından isə görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" ASC-nin nəzdində olmuş yataqxananın 25 saylı mənzili cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsinə verilmiş və hazırda həmin mənzildə Cavabdeh1 uşaqları ilə birlikdə yaşayır, yataqxananın 29 saylı mənzili isə İddiaçı və X1 (iddiaçının ərinin) istifadəsinə verilmişdir. Eyni zamanda müəyyən olunur ki, cavabdehlərin istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" ASC-nin nəzdində olan yataqxananın 25 saylı mənzilinə dair iddiaçının sahibliyinə, istifadəsinə verilməsi ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Bu zaman həmçinin məhkəmə vurğulayır ki, mülki prosessual qanunvericiyin tələblərinə əsasən bu halın təsdiq etməsi iddiaçının üzərinə düşür. Əlavə olaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" ASC-nin nəzdində olan yataqxananın 25 saylı mənzilin müvafiq dövlət orqanları tərəfindən cavabdehlərin istifadəsinə verilməsi halı ilə yanaşı, həmin evə köçürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcuddur. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunur ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara əsaslanaraq qeyd edir ki, iddiaçının mübahisə predmetinə daxil olan, yəni cavabdehlərin istifadələrində olan mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qanuni əsasların (müvafiq orqan, müəssisə tərəfidən verilmiş hüquqmüəyyənedici sənədlərin) olmaması səbəbindən onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "xxxx" ASC-nin nəzdində olan yataqxananın 25 saylı mənzilə dair iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməsi mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ümumiyyətlə onun hüuquqlarının cavabdehlər tərəfindən pozulub-pozulmaması məsələsinə qiymət verilməsi hazırki iş üzrə əsassızdır. Baxmayaraq ki, iş üzrə cavabdehlərdən iddiaçının oğlu olan, Cavabdeh2 tərəfindən iddia tələbi etiraf edilir. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar