Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2282/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3aın, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12nun mülkiyyətimdə olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi, 37, mənzil 16-ya istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi, 37, mənzil 16-nı keçmiş mülkiyyətçi X2 09 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri 52 saylı notariat kontorunda qeydə alınmış AN-1 ******* nömrəli alqısatqı müqaviləsinə əsasən almışam. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi, 37, mənzil 16 tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehlər mənzili ona satdıqları vaxtdan köçüb getmələrinə baxmayaraq, hazırki vaxtadək qeydiyyatdan çıxmayıblar. Dəfələrlə onlara mənzildən qeydiyyatdan çıxmaları barədə etdiyi müraciətlər nəticəsiz qalmış və heç bir əsas olmadan cavabdehlər mənzildən könüllü surətdə qeydiyyatdan çıxmaq istəmirlər. Bu hal isə onun mənzil üzərində mülkiyyət hüquqlarımı pozur. Belə ki, mən cavabdehlərə görə əlavə kommunal xərclər ödəyir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdir.Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması”nı müəyyən edən 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 493 saylı, xx.xx.1996-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, hazırki iddia əsasında iş üzrə icraata xitam verilməlidir. Ona görə ki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən də, Azərbaycan Respublikası İnzibati Prosessual Qanunvericiliyə əsasən həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyindən, mövcud iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, həmçinin iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq İdarəsinə müraciət etmək hüququnun olması, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə isə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Odur ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və qeydiyyatından çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya cavabdehlərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə)Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2282/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2282/2025
29.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver