Məhkəmə qərarları › İş №2(003)-2290/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2290/2023

13.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2290/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılmaqla qeyd edilən torpaq sahəsini və 4 otaqdan ibarət tikilini ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 xx.xx.2015-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsi ərazisində Albalılıq yaşayış sahəsində yerləşən 550 kv.m torpaq sahəsini etibarnamə əsasında 3.000 manat pul verməklə almışdır. Bundan sonra həmin torpaq sahəsində onun tərəfindən tikinti və abadlıq işləri aparılaraq torpaq sahəsinə hər tərəfdən hasar çəkdirmiş, hamam və tualet yerləşən 4 otaqdan ibarət ev tikmişdir. Evin bütün kommunal, yəni qaz və işıq sayğacları onun öz adınadır. Cavabdeh onun doğma qardaşıdır və həmin şəxs Cavabdeh2 ilə rəsmi olaraq nigaha daxil olmuşdur. Cavabdehlərin yaşamaq üçün yerləri olmadığına görə iddiaçı onlara müvəqqəti olaraq ona məxsus olan evdə yaşamağa icazə vermişdir. İddiaçının həyat yoldaşı 1-ci qrup əlildir və təcili əməliyyat olunmalıdır. Həyat yoldaşının əməliyyat olunması ilə bağlı ona pul lazım olduğuna görə o, cavabdehlərə evi təcili olaraq satdığını bildirmiş və cavabdehlərdən onun evindən çıxıb evi ona təhvil vermələrini tələb etmişdir. Lakin cavabdehlər bunu etməkdən imtina etmi. və həmin evdən çıxmayacağını bildirmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, həmin torpaq sahəsində 2 ev yerləşir və həmin evlər onun qardaşının vəsaiti hesabına tikildiyi üçün qardaşına məxsusdur. O, ailə qurduqdan sonra yoldaşı Cavabdeh2 ilə kirayəyə verilmiş evdə qalmışdır. Qardaşı İsrail onun maddi vəziyyətinin pis olduğunu nəzərə alıb təxminən 2016-2017-ci illərdə onlara öz evində müvəqqəti yaşamağa icazə vermişdir. Həmin evi qardaşı tikdirmişdir. Cavabdeh2 həmin evə gəlin gəlməmişdir. Onlar orada müvəqqəti yaşayırlar. Cavabdeh2 rayonda qeydiyyatdadır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 780 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Musayev küçəsində yerləşən evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Abunə haqqında arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evə dair işiq sayğacı İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sisteminin portalından çıxarışdan görünür ki, Cavabdeh2 Lerik rayonunun Noda kəndində qeydiyyatdadır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə iddiaçı cavabdehləri müvəqqəti yaşamaları üçün evinə buraxmışdır. Cavabdeh1 iddianı qəbul etmişdir. Digər Cavabdeh2 isə başqa ünvanda qeydiyyatdadır. Mübahisəli daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətində olmasa da, faktiki olaraq ona məxsusdur. Hazırda iddiaçı öz qanuni mülkiyyətindən cavabdehin çıxmasını tələb edir. Cavabdeh evin qardaşına məxsus olduğunu bildirir və iddianı qəbul edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak iddiaçının faktiki sahibliyində olduğuna görə və əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğuna görə iddiaçı evinin özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğu və cavabdeh tərəfindən iddia etraf edildiyi üçün iddia təmin edilərək cavabdehlər ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılaraq qeyd edilən torpaq sahəsi və 4 otaqdan ibarət tikili ona təhvil verilməlidir. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan evdən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1ndə yerləşən evində yaşamış, sonradan iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin halhazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, hər bir halda qeyd olunan əmlakın iddiaçıya məxsus olmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehlərin bağ sahəsinə istifadə hüququ olmadığı üçün cavabdehlər iddiaçıya məxsus ünvan 1ndə yerləşən evindən çıxarılmalı, həmin ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evinin mülkiyyətçisi olduğundan, mübahisəli evinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan ünvan 1ndəki torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılsınlar. ünvan 1ndəki torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikili boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar