Məhkəmə qərarları › İş №2(003)-236/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-236/2021

17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-236/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh Yaşar qızının iştirakları ilə, İddiaçı Cavabdeh Yaşar qızına qarşı əqdin etibarsız sayılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Yaşar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasımda bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2019-cu il tarixədək qaytarmaq şərtilə 11000 manat məbləğində kredit pul verilmişdir. Hesab edir ki, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi uydurma əqd ona olduğuna görə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Belə ki, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsində göstərildiyi kimi Cavabdeh tərəfindən ona 11000 manat pul verilməmişdir. Aramızda razılığa gəlmişdik ki, onun qeydiyyatda olduğu evin satılmağına razılıq verməsindən ötrü Cavabdeh ilə kredit müqaviləsi bağlayaraq guya ondan 11000 manat pul almağı barədə müqaviləni imzalamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Yaşar qızı bildirdi ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixədək qaytarılması şərti ilə ona 11000 manat məbləğində pul verilmişdir. Həmin borcdan 800 manat ödəniş etmiş, qalan borcun ayda 300 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin əqd üzrə ödəniş etməısi iddiaçı tərəfindən əqdin etibarsız olmamağına əyani subutdur. Qeyd edilənlərə əsasən iddia tələbini tam əsassız hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər 3 saylı Notariat ofisinin 3M-634 nömrəli xx.xx.2019-cu il tarixli notariat işindən görünür ki, Cavabdeh Yaşar qızı ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 11000 manat məbləğində borc pul verilmişdir. Borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Kapital Bank ASC-nin Kəpəz filialının xx.xx.2019-cu il tarixli, 116 nömrəli məktubundan görünür ki, 11000 manat pul İddiaçı verilməsi üçün bankın (AZ10AİİB********************) depozit hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından və tərəflərin vermiş olduğu izahatlarında müəyyən edilir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış və iddiaçıya 11000 manat pul verilmişdir. Həmçinin hazırkı mülki iş üzrə iddiaçı tərəfindən götürülmüş olan borcdan ötən müddət ərzində 800 manat cavabdehə ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, əqdin aldadılma nəticəsindən bağlandığı sübuta yetirilmir. Tərəflər arasında müqavilə bağlanarkən iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Yəni əqdin etibarsızlığına əsas verən qanunvericiliklə nəzərədə tutulmuş hər hansı bir hal mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Yaşar qızına qarşı onunla Cavabdeh arasımda bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Yaşar qızına qarşı onunla Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edisin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar