Məhkəmə qərarları › İş №2(003)-2375/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2375/2025

25.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2375/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi, İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi müraciət edərək, Cavabdeh ünvan 1-a istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz, İldırım küçəsi, bina 15, mənzil 9-a 24 dekabr 2019-cu il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi tərəfindən mənim mülkiyyət hüququ tanınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz,İldırım küçəsi, bina 15, mənzil 9, mərhum atası X3 adından vərəsliklə anası X1 mülkiyyətinə keçmişdir. Anası və qardaşı X7 və bacısı onun xeyrinə özlərinə düşən miras paydan imtina etdikləri üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********nömrəli çıxarışa və Texniki Pasporta əsasən (Reyestr nömrəsi **********7705101-093017) Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz, İldırım küçəsi, bina 15,mənzil 9 tamlıqla onun mülkiyyətinə verilmişdir. Hal-hazırda o həmin mənzili satmaq qərarına gəlmişdir. Digər qeydiyyatda olan şəxslər notarial qaydada ərizə verərək mənzilin satılmasına heç bir etiraz bildirmirlər. Lakin, mənzil onun istifadəsinə keçdiyi vaxtdan hal hazırki vaxtadək cavabdeh qeydiyyatdan çıxmamışdır, faktiki olaraq əri ilə ona məlum olmayan ünvanda yaşayır. Dəfələrlə ona etdiyi müraciət nəticəsiz qalmış və heç bir əsas olmadan mənzildən könüllü surətdə çıxmaq istəmir. Bu hal isə onun mənzil üzərində mülkiyyət, sərəncam vermək və sahiblik hüququnu pozur. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, Cavabdeh ünvan 1-a istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Bildirdi ki, cavabdeh həmin evdə atası ev aldıqdan sonra uşaq vaxtı ailəsi ilə birlkidə köçüb, uzun müddətdir mübahisə predmetinə aid olan evdə yaşamır, həmin evə qonaq kimi gəlib getmiş, cavabdehin atasından qalma ev var, həmin evin əlavə torpağı var. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, yaşamağa başqa yeri yoxdu. Keçən il ailə qurub lakin ayrılıb. Atası ilə yola getmirdilər, ona görə də 14-15 yaşına kimi mübahisə predmetinə aid olan evdə, nənəsinin himayəsində yaşayıb, sonra öz atasının yanına köçüb. Ailə qurmamışdan əvvəz atasının evində yaşayıb. Hal-hazırda Qubada iş tapıb və orada yaşayır, lakin sezon işidir. Məhkəmədə şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, o ərizəçinin qonşusudur. Rəhiməxanımı ora qonaq gələrkən görüb, lakin daimi yaşamayıb. Ərizəçinin qardaşı Müstəqim evlənəndən donra həmin ünvandan köçdü. Məhkəmədə şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, o ərizəçinin qonşusudur. O həmin ünvanda doğulub böyüyüb. Uşaqlıqdan ərizəçigilnən birlikdə böyüyüb. Bildirdi ki, həmin ünvanda ərizəçidən və onun ailəsindən başqa yalnız ərizəçinin bacısını görüb. Məhkəmədə şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, o ərizəçinin qonşusudur. Uşaqlıqdan ərizəçigilnən birlikdə böyüyüb. O ünvanda Müstəqim bir müddət yaşadı lakin sonradan həyət aldı köçdü. Ağasadığın anası onunla yaşayırdı. Rəhiməxanım və anası gəlib gedirdilər. Həmin ünvanda ərizəçidən və onun ailəsindən başqa ərizəçinin bacısını görüb. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli çıxarışın sürətindən görünür ki ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. ərizələrin sürətindən görünür ki, X5, X11, X4, X2, X7, X13, X12, X16 ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş üzrə toplanmış sübutlar - mülkiyyət hüququnu təsdiq edən çıxarış, texniki pasport, tərəflərin izahatları və şahid ifadələri – məhkəməyə iddianın mahiyyətini obyektiv şəkildə qiymətləndirməyə imkan vermişdir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli ********** saylı çıxarış ilə İddiaçı adına rəsmiləşdirilmişdir. Qanuni miras yolu ilə əldə edilmiş bu əmlak üzrə iddiaçının hüquqları dövlət qeydiyyatına alınmış və qeydiyyatda olan digər şəxslər notarial qaydada mənzilin satışına etiraz etmədiklərini təsdiqləmişlər. Cavabdeh həmin mənzildə qeydiyyatda qalmasına baxmayaraq, faktiki olaraq uzun müddətdir orada yaşamaması sübut edilmişdir. Onun özü izahatında da qeyd etmişdir ki, 14-15 yaşına kimi nəvəsinin himayəsində həmin ünvanda yaşayıb, daha sonra isə valideyininin evində yaşamış, sonradan ailə quraraq həmin mənzildən də köçmüşdür. Hal-hazırda isə başqa rayonda – Quba şəhərində mövsümi xarakterli işlə məşğuldur. Cavabdehin ifadəsi, şahidlərin (Zərifə Hüseynova, Mehdi Mehdiyev və Allahverdi Quliyev) məhkəmədə verdiyi ifadələrlə təsdiq olunmuşdur. Şahidlər bildirmişlər ki, cavabdeh yalnız epizodik olaraq mənzilə qonaq kimi gəlib-gedib, lakin orada daimi yaşamayıb. Məhkəmə ilk növbədə qeyd edir ki, əgər cavabdeh faktiki olaraq mənzildə yaşamırsa və uzun müddət bu mənzildən istifadə etmirsə, bu, onun yaşayış sahəsindən istifadə hüququnun ləğv edilməsinə əsas verir. Əgər cavabdeh yeni ailə qurub və başqa ünvanda yaşayırsa, bu, onun əvvəlki mənzildə yaşamaq və istifadə hüququnu itirməsinə dəlalət edir. Qanunvericiliyə əsasən, yaşayış sahəsinə olan istifadə hüququ şəxsə daimi yaşamaq məqsədilə verilir. Göstərilənlərə əsasən, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması və istifadə hüququ faktiki vəziyyətə və hüquqi əsaslara uyğun deyil. Onun həmin mənzildə qalması iddiaçının mülkiyyət, sərəncam və sahiblik hüquqlarını məhdudlaşdırır, bu isə qanunla qadağandır. Bundan başqa iddiaçı mənzilin yeganə mülkiyyətçisidir və cavabdehin mübahisə predmetinə aid olan mənzildə faktiki olaraq yaşamaması, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas olmamalıdır. Cavabdehin uzun illərdir başqa ünvanda yaşaması belə qənaətə gəlməyə imkan verir ki, onun daimi yaşayış yeri var idi və həmin mənzilə ehtiyacı yox idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında yaşayış sahəsinə istifadə hüququnun qorunması və onun xitamı ilə bağlı mühüm hüquqi müddəalara əsasən, yaşayış sahəsinə istifadə hüququ şəxsin orada faktiki yaşaması və həmin mülkiyyətçinin razılığı ilə əldə edilmiş hüququna əsaslanır. Lakin müəyyən hallarda bu hüquq mülkiyyətçinin mənafelərinin qorunması və hüquqlarının müdafiəsi məqsədilə xitam edilə bilər. Qərarda vurğulanmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə mülkiyyət hüququ olan şəxs üçüncü şəxslərə həmin sahədən istifadə hüququ verə bilər. Lakin bu hüquq qeyri-məhdud müddətə davam edə bilməz və müəyyən şərtlər daxilində xitam edilə bilər. Məhkəmənin qərarında göstərildiyi kimi, əgər istifadəçi (cavabdeh) uzun müddət ərzində yaşayış sahəsində faktiki yaşamırsa və həmin yerdə qeydiyyatda olsa belə, faktiki olaraq yaşayış sahəsinə ehtiyacı qalmayıbsa, mülkiyyətçinin məhkəməyə müraciət edərək həmin şəxsin istifadəsinə xitam verilməsi tələbi qanuni əsaslı hesab edilməlidir. Qərarda həmçinin vurğulanır ki, ailə münasibətlərinin pozulması və nikahın ləğvi keçmiş həyat yoldaşının yaşayış sahəsinə daimi istifadə hüququnun saxlanılması üçün əsas təşkil etmir. Əgər cavabdeh nikahın pozulmasından sonra həmin mənzildə yaşamır və başqa ünvanda məskunlaşıbsa, xüsusilə də yeni ailə quraraq fərqli yaşayış şəraitinə malik olubsa, onun əvvəlki yaşayış sahəsinə olan hüququna xitam verilməsi qanunauyğun hesab edilir. Bu səbəblərə əsasən, iddianın təmin edilməsi və cavabdehin mənzildən istifadə hüququnun ləğv edilməsi qanuni və əsaslı hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ qorunur və bu hüquq məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, mülkiyyətçinin razılığı olmadan digər şəxsin mülkiyyətində olan mənzildən qeyri-məhdud müddətdə istifadə etməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Bu baxımdan, iddiaçının keçmiş həyat yoldaşının yaşayış sahəsindən istifadə hüququnun xitam edilməsinə dair tələbinin təmin edilməsi hüquqi əsaslara malikdir və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanına dair istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanına istifadə hüququna xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar