Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-239/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı açılmış pəncərənin sökülməsi və onun yerinin əvvəlki vəziyyətə qaytarılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanda açılmış və həyətə baxan iki ədəd pəncərənin cavabdehin hesabına sökülməsi və onun yerinin cavabdehin hesabına bağlanılaraq əvvəllki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, ev 30 ünvnanındakı fərdi yaşayış evi və torpaq sahəsi atası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Atası 18.02.2020-ci il tarixdə vəfat etmişdir. Həmin ünvanda anası, o, bacısı qeydiyyatda olmaqla yaşayırlar. ünvan 2 ünvanında qeydiyyatda olub yaşayan qonşusu Cavabdeh tərəfindən onun evindən onun həyətinə iki qanunsuz pəncərə açılmışdır. Onun yaşadığı ünvanın 11.06.2018-ci il tarixli texniki pasportundan görünür ki, həyətyanı tikililər və qurğuları texniki pasportda öz əksini tapmışdır. Lakin ünvan 2 ünvanında yaşayan qonşu Cavabdeh tərəfindən hasardan həyətinə iki pəncərə açılmışdır. Bu barədə polisə və icra hakimiyyətinə şikayətlər etsə də heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən hasarda quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. Evin texniki pasportundan da aydın görünür ki, qonşu ilə aralarında olan hasarda iki pəncərə yoxdur. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq quraşdırılmışdır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Həmçinin iş üzrə məhkəmə tikintitexniki ekspertizası keçirilməli və həmin pəncərələrin tikinti-texniki normalara uyğun olub-olmadığı müəyyən olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, izahatında göstərdi ki, yaşadığı ev ona atasından qalmışdır. Hazırda həmin evin ikinci mərtəbəsində qardaşı öz ailəsi ilə, birinci mərtəbədə isə o, öz ailəsi ilə birlikdə yaşayırlar. Hazırda oğlunu evləndirmək istəyir və ona görə də yaşadıqları otaqları təmir etdirir. Pəncərələrin açıldığı otaqlar yataq otaqlarıdır. Həmin pəncərələrin iddiaçıya heç bir maneəsi yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 102.5 kv.metr olan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında 12.06.2018-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli 10/51 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi 28 saylı evin arxa divarında olan cavabdeh tərəfindən açılmış nəfəslik oyuqları şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda nəzərdə tutulmadığına və nəfəslik oyuqları açılarkən aidiyyəti orqanlarla razılaşdırılmadığına görə, həmin nəfəslik oyuqlarınnın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 saylı qərarına əsasına tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olunmuşdur. Nəfəslik oyuqlarının açılmasının İddiaçı Alikoviçə maneə yaradıb-yaratmaması tikintitexniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığına görə bu sual cavablandırılmamışdır. Cavabdeh tərəfindən açılan nəfəslik oyuqları şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda öz əksini tapmadığına və nəfəslik oyuqları açılarkən aidiyyəti orqanlarla razılaşdırılmadığına görə həmin nəfəslik oyuqlarının texniki cəhətdən bağlanması mümkündür. Həmçinin qeyd olunmuşdur ki, nəfəslik oyuqlarının bağlanacağı təqdirdə oyuqların açıldığı otaqların yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyildir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə, ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilənlərə əsasən məhkəmə, ünvan 2 ünvanda yerləşən mübahisəli pəncərələrin açılması «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»na riayət olunmadan inşa olunduğunu, mübahisəli pəncərələrin yerləşdiyi otaqların işıqlandırılması və havalandırılması üçün həmin otaqların digər tərəfdən pəncərələrlə (ikinci işıqla) təmin olunduğunu, mübahisəli pəncərələrinin iddiaçının müvafiq texniki pasport üzrə nəzərdə tutulmuş həyətyanı torpaq sahəsinə tərəf açılmasını və bunun nəticəsində iddiaçının mülkiyyətində olan evinin həyətindən sərbəst istifadəsinə mane olduğunu nəzərə alaraq hesab edir ki, ünvan 2 ünvanda cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan evin həyətyanı sahəsinə açılmış 0.96x0.42 və 0.6x0.6m ölçüdə inşa edilmiş nəfəslik oyuqları cavabdehin öz hesabına bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1-ci maddəsində qeyd olunmuşdur ki, ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Məhkəmə hesab edir ki, ortaq divarlarda pəncərə boşluqlarının açılması da normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə yaşayış sahəsinin fasad divarında pəncərənin (nəfəsliklərin) quraşdırılması nəticəsində iddiaçının hüququ cavabdeh tərəfindən pozulmuşdur. Odur ki, iddiaçı qanunsuz inşa etdiyi pəncərənin (nəfəsliklərin) cavabdehin öz hesabına bağlanmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ev ilə İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ortaq divarında Cavabdeh tərəfindən inşa edilməklə evin həyətyanı sahəsinə açılmış 0.96x0.42 və 0.6x0.6m ölçüdə pəncərələr (nəfəsliklər) Cavabdeh öz hesabına bağlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ev ilə İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin ortaq divarında Cavabdeh tərəfindən inşa edilməklə evin həyətyanı sahəsinə açılmış 0.96x0.42 və 0.6x0.6m ölçüdə pəncərələr (nəfəsliklər) Cavabdeh öz hesabına bağlansın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh qızından alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-239/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-239/2021
03.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver