Məhkəmə qərarları › İş №2(003)-240/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-240/2021

26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-240/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X4, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının vəkili X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı hasardan həyətə qanunsuz açılmış pəncərənin bağlanması tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı süni-mərmər sexinin sökülməsi və qadağan edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında həyətinə baxan Cavabdeh məxsus evin hasardan açılmış iki pəncərəsinin bağlanması və həyətində quraşdırılmış cavabdehə məxsus kondisionerin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin həyətində inşa edilən süni-mərmər sexinin sökülməsi və həmin bağ sahəsində süni-mərmər sexinin inşasının və həmin fəaliyyət növü ilə məşğul olmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında olan evinin həyətinə Cavabdeh tərəfindən hasardan həyətinə baxan 2 pəncərə qoyulmuş və sahəsində kondisioner quraşdırılmışdır. Həmin 2 pəncərənin onun həyətinə baxması və kondisionerin onun yaşadığı torpaq sahəsində quraşdırılması qanunsuz və əsassızdır. Bu barədə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə müraciət etsə də, mülki məsələ olduğundan məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Cavabdeh tərəfindən quraşdırılan həmin pəncərələr onun həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. O, öz torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmir. Həmçinin kondisioner onun həyətyanı sahəsində quraşdırıldığına görə ona darvazasının açılıb-bağlanmağında maneçilik yaradır. Cavabdeh tərəfindən bu cür maneələrin yaradılmasını təsdiq edən fotoşəkilləri iddia ərizəsinə əlavə etmişdir. Maraqlı tərəflər kimi hüquqi və ya fiziki şəxslər yalnız o halda özbaşına tikilinin sökülməsinə dair iddia qaldırmaq hüququnun subyekti kimi qəbul edilə bilərlər ki, həmin özbaşına tikilinin onların qanunla qorunan maraqlarına toxunması faktı aşkar müəyyən olunsun. Bu mənada, hesab edir ki, cavabdeh tərəfindən hasarda qoyulan həyətinə baxan pəncərələr və həyətində quraşdırılan kondisioner iddiaçı kimi onun qanunla qorunan mənafelərini pozduğu aşkar olduğuna görə iddia tələbində haqlıdır. Sözügedən pəncərələr və kondisioner iddiaçının özünə məxsus olan həyət sahəsindən istifadəsinə maneçilik törədir. Bunlar tərəflərin izahatları ilə yanaşı, işdə olan fotoşəkillərlə də öz təsdiqini tapır. Həmçinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilməli və həmin pəncərələrin və kondisionerin maneə törədib-törətmədiyi, tikinti-texniki normalara uyğun olub-olmadığı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 qarşılıqlı iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbini müdafiə etmiş, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının vəkili X8 ilkin iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı subyektiv hüququ olmayan şəxsdir. Belə ki, iddia ərizəsində göstərdiyi halları təsdiq edən sübutları, yəni torpaq sahəsinin mülkiyyətində və ya istifadəsində olmasına dair, eyni zamanda, göstərdiyi evin onun mülkiyyətində və ya istifadəsində olmasına dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh hansı hüquqlarının pozulduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.Torpaq sahəsinin icarəyə verilməsi haqqında Xəzər rayonu, Buzovna Bələdiyyəsi ilə onun arasında bağlanmış 025/201 saylı, 19.09.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Buzovna qəsəbəsində ünvan 1 ünvanında 570 kv.m. bağ torpaq sahəsi onun icarəsinə verilmişdir. O, həmin torpaq sahəsində bağ evi inşa edərək yay aylarında öz ailə üzvləri ilə birlikdə həmin bağ sahəsindən və bağ evindən istifadə edir. Bağ evi tikildikdən sonra iş üzrə cavabdehlə qonşuluq münasibətləri yaxşı olmuşdur. Cavabdeh onun bağına nəzarət edirdi və bunun müqabilində zəhmət haqqı alırdı. Bağ evi tikilərkən cavabdeh özü evin arxasından pəncərə və kondisioner quraşdırılmasına razılıq vermiş, hətta kondisionerin küçədə quraşdırılmasına razı olmamış, oğurlanma təhlükəsi olmasını bildirərək, evinin arxasında quraşdırılmasını təklif etmişdir. Cavabdehin ona qarşı iddia irəli sürməsinin səbəbi uzun müddətdir istifadəsində olan torpaq sahəsində qanunsuz olaraq lisenziya olmadan süni mərmər sexi inşa edərək süni mərmər istehsal etməsi nəticəsində kəskin aseton-yapışqan qoxusu, eləcə də mərmərin hazırlanmasında istifadə olunan digər kimyəvi maddələrin iyi və qoxusu, daşın emalı zamanı tozunun ona və ailəsinə çox pis təsir etməsi ilə əlaqədar aidiyyəti orqanlara şikayət yazmağı olmuşdur. O, artıq uzun müddətdir ki, bağ sahəsində istirahət edə bilmir. Bu səbəbdən də, aidiyyəti orqanlara müraciət etmişdir. Hələ 2016-cı ildə şikayətinə cavab olaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamenti 17/177-01 saylı, 22.07.2016-cı il tarixli cavab məktubunda göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh qeyd olunan ünvanda evinin həyətyanı sahəsində əvvəllər mərmər hazırlanması işləri həyata keçirmişdir. Lakin İddiaçı yazılı izahat verərək 2016-cı ilin 10 iyul tarixindən həyətyanı sahəsində bu fəaliyyətlə məşğul olmadığını və bu fəaliyyətin həyata keçirilməsi üçün inşa edilmiş tikilinin söküldüyünü bildirmişdir. Əraziyə keçirilən baxış zamanı həyətyanı sahədə mərmər-qranit hazırlanması işləri ilə məşğul olmadığı və bu məqsəd üçün inşa edilmiş tikilinin söküldüyü müəyyən edilmişdir. Qeyd olunan cavab məktubu ilə müəyyən olunur ki, cavabdeh həqiqətən də bağ sahəsində qadağan olunan qanunsuz fəaliyyət növü ilə məşğul olmuşdur, həmin sahə sökülsə də yenidən inşa olunaraq həmin sahədə cavabdeh zəhərli kimyəvi maddələrin qarışığı ilə süni mərmər-qranit daşı hazırlayır və satışını təşkil edir. Bu isə bağ istirahət zonasında qadağan olunur. Aidiyyəti orqanlar onun iştirakı olmadan şikayət olunan sahəyə özlərinin yazmasına görə baxış keçirirlər və pozuntu olmadığını, çirklənmənin norma daxilində olduğu barədə cavablar yazırlar. Halbuki, istirahət zonasında kimyəvi-zəhərli maddələrlə bağlı nəyinsə istehsalı qadağandır. Eyni zamanda, sexə işlək vəziyyətdə baxış keçirilməli idi. Qeyd olunanlara əsasən, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia təmin edilərək, cavabdehin həyətində inşa edilən süni-mərmər sexinin sökülməsi və həmin bağ sahəsində süni-mərmər sexinin inşasının və həmin fəaliyyət növü ilə məşğul olmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında 19 sentyabr 2011-ci il tarixli 025/2011 saylı müqavilənin surətindən görünür ki, Buzovna Bələdiyyəsi tərəfindən 570 kv.m. torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayonu Buzovna Bələdiyyəsinin 24.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 27 A ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamentinin 22.07.2016-cı il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Abşeron küçəsi ünvanında İddiaçı məxsus yaşayış evinin həyətyanı sahəsində əvvəllər mərmər hazırlanması işləri həyata keçirilmişdir. Lakin İddiaçı yazılı izahat verərək 2016-cı il 10 iyul tarixdən yaşadığı həyətyanı sahəsində bu fəaliyyətlə məşğul olmadığını və bu fəaliyyətin həyata keçirilməsi üçün inşa edilmiş tikilinin söküldüyünü bildirmişdir. Əraziyə keçirilən baxış zamanı həyətyanı sahədə mərmər-qranit hazırlanması işləri ilə məşğul olunmadığı və bu məqsəd üçün inşa edilmiş tikilinin söküldüyü müəyyən olunmuşdur. İş materiallarından görünür ki, X1 şikayəti əsasında Abdullayev X2 Bələdiyyəsinə dəvət olunmuş, İddiaçı fəaliyyəti ilə əlaqədar təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Milli Hidrometerologiya Xidmətinin aktlarına əsasən heç bir qanuna zidd hallar aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X9 Agentliyinin 23.09.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fiziki şəxs İddiaçı məxsus süni-mərmər hazırlayan sexinin fəaliyyəti ilə bağlı 30.08.2020-ci il tarixli müraciəti araşdırılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, 11x7 metr ölçüdə qapalı otaqda fəaliyyət göstərən süni-mərmər sexində ventilyasiya sistemi quraşdırılıb və işlək vəziyyətdədir. Baxış keçirilən zaman heç bir qayda pozuntusu aşkar olunmamışdır. 19 avqust 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən sexdə ekoloji monitorinq aparılmış və akt tərtib olunmuşdur. Akta əsasən yoxlama aparılan ərazidə səs və qoxu səviyyəsinin norma daxilində olduğu müəyyən edilmiş və insan həyatı üçün təhlükəli olacaq hər hansı qaz aşkar edilməmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2021-ci il tarixli 10/3825 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında yerləşən tikilinin iki qonşu sahələrinin sərhədində inşa edilmiş divara bitişik olmasını nəzərə alaraq, həmin tikilidən qonşu torpaq sahəsinə iki pəncərənin açılmasının və orada kondisioner quraşdırılmasının tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən olunur. İş üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 04 fevral 2021-ci il tarixli 01-73/17 saylı rəyindən görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus həyətdə fəaliyyət göstərən mərmər sexindən çıxan qaz, toz, qoxu və s. kimyəvi maddələr qonşuluqda yaşayan Cavabdeh sağlamlığına zərər vurulmasını öyrənmək məqsədilə laboratoriyaya məxsus avadanlıqlar vasitəsilə götürülmüş və sanitar gigiyenik laboratoriyada müayinə edilmişdir. Laboratoriya müayinələrinin nəticələri sanitar normalara uyğun gəlmişdir. Laboratoriya müayinələrinə əsasən belə nəticəyə gəlmək olar ki, sağlamlığına təsir göstərən mərmər sexindən çıxan kimyəvi maddələrin Cavabdeh sağlamlığına heç bir mənfi təsiri yoxdur. 02 aprel 2021-ci il tarixdə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X4, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının vəkili və nümayəndəsi X5 iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanına yerli baxış keçirilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 6 evin sağ hissədə yerləşən iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divara bitişik olması, qonşuya məxsus tikilidən onun sahəsinə iki pəncərənin açılması və ona məxsus divarda kondisioner quraşdırılması, evin sol hissəsində yerləşən torpaq sahələrinin sərhədində inşa edilmiş divara bitişik olması və həmin ərazidə mərmər sexinin olması müəyyən olunmuşdur. Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 6 ünvanda yerləşən iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divara bitişik olması, həmin tikilidən qonşu sahəsinə iki pəncərinin açılması müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş üzrə alınmış ekspert rəyi, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında iddiaçının həyətinə baxan Cavabdeh məxsus evin hasarından iki pəncərənin açılması və həyətində quraşdırılmış kondisionerin quraşdırılması tikinti norma və qaydalarını pozmuş, bununla da iddiaçı öz qanuni mülkiyyətində olan əmlakından sərbəst istifadə imkanından məhrum olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan pəncərələrin açılmasına və kondisionerin quraşdırılmasına ilkin iddia üzrə cavabdehin hüququ olmamışdır, həmin pəncərə və kondisioner iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehin vəsaiti hesabına pəncərələr bağlanmalı və kondisioner sökülməlidir. Qarşılıqlı iddia tələbi üzrə məhkəmə qeyd edir ki, iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həyətində inşa edilən süni-mərmər sexinin sökülməsi və həmin bağ sahəsində süni-mərmər sexinin inşasının və həmin fəaliyyət növü ilə məşğul olmasının cavabdehə qadağan edilməsi xahiş olunmuş, lakin iş üzrə alınmış ekspert rəyi, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, mübahisəli mərmər sexinin fəaliyyəti sanitar normalara uyğun olmaqla, mərmər sexindən çıxan kimyəvi maddələrin Cavabdeh sağlamlığına heç bir mənfi təsiri yoxdur. Bundan əlavə, həmin sex hal-hazırda fəaliyyət göstərmir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının öz tələbini əsaslandırdığı hallar öz təsdiqini tapmadığından, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında Cavabdeh məxsus evin hasardan açılmış İddiaçı evinə baxan iki pəncərəsi bağlanmalı və həyətində quraşdırılmış Cavabdeh məxsus kondisioner sökülməlidir. Qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat ilkin iddia üzrə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İlkin iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında Cavabdeh məxsus evin hasardan açılmış, İddiaçı evinə baxan iki pəncərəsi bağlansın və həyətində quraşdırılmış Cavabdeh məxsus kondisioner sökülsün. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar