Məhkəmə qərarları › İş №2(003)-242/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-242/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-242/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 9025,0 manat maddi ziyanın əvəzi, 4000,0 manat mənəvi ziyanın əvəzinin və 130,0 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhəməsinin 01 aprel 2024-cü il tarixli hökmü ilə Cavabdeh1 Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. Belə ki, həmin hökmdən görünür ki, Cavabdeh1 yol hərəkəti haqqında qanunun tələblərini pozaraq ehtiyatsızlıqdan etibarnamə olmadan idarə etdiyi ekskavtorla məni vurmuş və nəticədə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlər almağıma səbəb olmuşdur. Müayinə və müalicə üçün təxminən 15000 manat məbləğində xərc çəkilmişdir. İddia ərizəsinə əlavə olunan ödəniş qəbzlərindən görünür ki, müalicə olunmağına 9025 manat məbləğində pul xərclənmişdir. Bundan başqa hələ bir çox tibbi xidmətinin və aptektlərdən alınmış dərmanların ödəniş çeklərini itirdiyinə görə təqdim edə bilmir. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 8000 manat mənəvi zərər çəkmişəm. Cavabehlər tərəfindən isə 4000 manat pul ödənilmişdir. Hazırda cavabdehlərdən 9025 manat maddi ziyana və 4000 manat isə mənəvi ziyana görə pul tələb edirəm. Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “Hidromek HMK-1028” markalı ekskavator yükləyici Cavabdeh2 məxsus olduğuna görə hər iki cavabdeh ona dəymiş maddi və mənəvi ziyanı birgə ödəməlidir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası hazırda da müalicəsini davam etdirir. Cavabdeh2 tərəfindən ona ümumilkdə 3900,0 manat pul verilmişdir. Atsının müalicə xərcləroi hələdə davam edir. lakin atası dövlət xəstəxanasında müalicə olunduğundan ona xərclərlə bağlı qəbzlər verilmir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, traktor ona məxsusdur və qısa müddətə Niyaməddinə verdi ki, parnikdə işləsin, həmin müddət bayram günlərinə təsadüf etdiyindən etibarnamə verə bilməmişdir. Hadisə baş verən zaman orada olmamışdır. İddiaçının müalicəsinə cəmi 3900,0 manat pul ödəmişdir. Yükün onun üstünə düşdüyünü qeyd etdi, maddi imkanı bütün yükü qarşılamağa çatmır. Bundan başqa hadisəni o törətməyib. Məhkəmə qərar qəbul edərkən bunları nəzərə alınmasını xahiş edir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-419/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 barəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Respublika Diaqnostika Mərkəzinin çek fakturalarından görünür ki, İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixlərdə müayinə üçün ümumilikdə 250,4 manat məbləğində ödəniş etmişdir. - X9 xx.xx.2023-cü il tarixli hesabat məlumatlarından görünür ki, İddiaçı ümumilikdə 3040,0 manat məbləğində ödəniş etmişdir. - Zəfəran Hospitalın xx.xx.2024-cü il tarixli qaimələrindən görünür ki, İddiaçı müxtəlif müayinələr üçün ümumilikdə 586,21 manat məbləğində ödəniş etmişdir. - HB Güvən Klinikasının xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı müxtəlif müayinələr üçün ümumilikdə 639,58 manat məbləğində ödəniş etmişdir. - İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı müayinələr üçün ümumilikdə 420,0 manat məbləğində ödəniş etmişdir. - Çeklərdən görünür ki, dərman almaq üçün ümumilikdə 273,11 manat pul xərclənmişdir. - qəbzdən görünür ki, iddiaçı tərəf 130,0 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1.ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1118.1 fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1108.2. yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdehlər bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 82.4 məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ona görə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Quliyev X3 Mahir natiq oğluna məxsus ekskavatorla yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almışdır. İddiaçını xəstəxanaya aparmışlar və əməliyyatına Cavabdeh2 3900,0 manat pul ödəmişdir. Hazırda iddiaçı müalicə üçün xərclədiyi pulu cavabdehlərdən alınıb ona ödənilməsini tələb edir. İddiaçının maddi zərərin ödənilməsi tələbi Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyi və məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmə tərəfindən araşdırılmış və iş üzrə təqdim edilmiş sübutlar əsasında qiymətləndirilərək, qeyd edilir ki, iddia “maddi zərərin ödənilməsi” hissəsində qismən təmin edilməlidir. Göründüyü kimi, İddiaçı müalicəsinə görə xərcləri çıxdığından, ona maddi ziyan dəymişdir və bu zərər məhz Cavabdeh1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan, İddiaçı maddi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə rəsmi hüquq verən etibarnaməsi olmadan idarə etdiyi ekskavator ilə piyada İddiaçı yolun hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olmasını görərək idarə etdiyi ekskavaorla hərəkətin təhlükəsizliyini təmin etmədən, Məİddiaçı ekskavatorun arxa tərəfindəki qönçə hissəsi ilə vuraraq, yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddaçının baş-beynin əzilməsi, sol alın payının beyindaxili və baş-beyin hörümçəktoruna bənzər qişaaltı hematoması, alın sümüyünün sol orbitaya keçən sınığı, üz sklet sümüklərinin, sağ sid sümüklərinin sınıqları, alınınsol əlin əzilmiş yaraları, hər iki göz orbitanın qançırları ilə nəticələnən həyat üçün təhlükəli ağır dərəcəli bədən xəsarətləri yetirməsi qanuni qüvvəyə minmiş Başı Şəhər Xəzər rayon Məhkəməinin 1(003)-419/2024 saylı, xx.xx.2024-ci il tarixli qərarı ilə müəyyən olunduğundan, hazırkı iş üzrə Cavabdeh1 İddiaçı maddi ziyan vurması hissəsində məhkəmə üçün məcburidir. Odur ki, hazırkı iş üzrə cavabdeh Niyamməddin Quliyevin İddiaçı ziyan vurması qanuni qüvvəyə Başı Şəhər Xəzər rayon Məhkəməinin 1(003)-419/2024 saylı, xx.xx.2024-ci il tarixli qərarı ilə müəyyən olunduğundan Cavabdeh1 İddiaçı maddi ziyan vurması işin mübahisəsiz halıdır. Buna görə də cavabdeh Niyaməddin təqsirli hərəkətləri ilə İddiaçı vurduğu ziyanı ödəməlidir. Bundan başqa məhkəmə digər Cavabdeh2da mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o da maddi ziyanın ödənilməsində Cavabdeh1lə birgə məsuliyyət daşıyır. Belə ki, Cavabdeh2 məhkəmədə verdiyi izahatında ekskavorun onun mülkiyyətinə olmasını və həmin nəqliyyat vasitəsini etibarnamə olmadan Cavabdeh1 verməsini bildirmişdi. İş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 faktiki olaraq zərəri vuran şəxs olsa da, o, Cavabdeh2 məxsus olan ekskavatoru etibarnamə olmadan idarə etmişdir. Bu halda ekskavatorun qanunsuz istifadəsinə yol vermişdir ki, bu da cavabdehlər arasında birgə məsuliyyətin tətbiqini zəruri edir. Belə ki, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin vurduğu zərərə görə məsuliyyət daşıyır. Ekskavator isə yüksək təhlükə mənbəyi hesab edildiyindən, onun sahibi olan Cavabdeh2 da məsuliyyətdən azad edilə bilməz. Belə ki, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə, işin hallarını, cavabdehlərin məsuliyyətinin əsaslarını və maddi zərərin həqiqi məbləğini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək 9025,0 manat məbləğində maddi zərərin ödənilməsini tələb etsə də, məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və iş materiallarına əlavə olunmuş qəbzlərin və çeklərin təhlili nəticəsində maddi zərərin yalnız 5209,3 (3040,0+250,4+420,0+273,4+586,21+639,58) manat həcmində olması müəyyən edilmişdir. Mübahisənin predmeti olan maddi zərərin cavabdehlər arasında bölüşdürülməsi məsələsi qanunvericilikdə nəzərdə tutulmuş birgə məsuliyyət prinsipinə əsaslanır. Hazırki iş üzrə Cavabdeh1 faktiki olaraq zərər vurmuş şəxs olsa da, Cavabdeh2 ekskavatoru Cavabdeh1 qanunsuz istifadəsinə verfdyi üçün onunla birgə müştərək qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddiaçıya vurulan ziyanın 5209,30 manatı öz təsdiqini tapdığından həmin ziyana görə cavabdehlər birgə məsuliyyət daşıyır. Lakin, tərəflərin məhkəməyə verdiyi izahatları ilə müəyyən edilir ki, cavabdehlərdən Cavabdeh2 dəymiş maddi ziyandan 3900,0 manatını idiaçıya ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazır ki, vaxtadək ona vurulmuş xəsarətlə əlaqədar müalicəsinə görə ona dəymiş maddi ziyan 1309,3 (5209,3 -3900,0) manat təşkil edir. Məhkəmə qeyd edir ki, cavabehlər dəymiş ziyana görə birgə məsuliyyət daşıdığından, cavabdehlərdən Cavabdeh2 dəymiş ziyandan 3900,0 manatını ödədiyindən qalıq maddi ziyanın məbləği digər Cavabdeh1 tutulmalıdır. Bu halda, məhkəmə ödənilmiş məbləği ümumi maddi zərərin məbləğindən çıxmaqla qalan 1309,59 manat hissədə digər cavabdehin məsuliyyətini müəyyən etməlidir. Müştərək məsuliyyət daşıyan şəxslərdən biri zərərin öz üzərinə düşən hissəsindən artıq məbləğ ödədikdə, o, digər cavabdehdən uyğun məbləği tələb edə bilər. Bu prinsipə əsasən, artıq ödəniş etmiş cavabdeh sonradan digər cavabdehə qarşı regres iddiası qaldıra bilər. Beləliklə, məhkəmə tərəfindən işin halları və hüquqi əsaslar nəzərə alınaraq hesab edir ki, iddia tələbi maddi ziyanın tələb edilməsi hissəsində qismən edilməklə Cavabdeh1 maddi zərərin əvəzi olaraq 1309,59 manat məbləğində tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə iddianın “mənəvi zərərin ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır. Mənəvi zərərin əvəzi məhkəmə tərəfindən işin konkret hallarına uyğun olaraq müəyyən edilməlidir. Bu zaman məhkəmə: - iddiaçının mənəvi iztirablarının xarakterini və dərəcəsini, - cavabdehlərin təqsir səviyyəsini, - işin xüsusatlarını və hər iki tərəfin sosial-iqtisadi vəziyyətini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçının səhhətinə ziyan vurulmasına səbəb olmuş ekskavator Cavabdeh2 mülkiyyətində olmaqla, qanuni əsas olmadan digər cavabdehin istifadəsinə verilməsi və Cavabdeh1 tərfindən iddiaçı ya xəsarət yetirilməsi təsdiq edilmişdir. Məhkəmə barəsində hüquqa zidd hərəkətlər törədilmiş iddiaçının ona mənəvi zərər vurulmasına dair dəlillərini əsaslı hesab edir, bununla yanaşı, mənəvi zərərin əvəzi olaraq tələb olunan pul vəsaiti üzrə onu qeyd etməyi zəruri sayır ki, məhkəmə mənəvi zərərin əvəzi üzrə tələb olunan 4000 manatı cavabdehin mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətinin təhlükəlilik dərəcəsinə, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına, cavabdehin təqsirinə və əmlak vəziyyətinə, iddiaçının fərdi xüsusiyyətinə uyğun hesab etmir və mənəvi zərərin əvəzi olaraq cavabdehlər X4 1000,0 manat və Cavabdeh1 1000,0 manat, iddiaçının xeyrinə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, cavabdehlər X6 və Cavabdeh1 hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi halı sübut edildiyindən iddia həmin hissədə qismən təmin edilərək cavabdeh X1 mənəvi zərərin əvəzi olaraq X4 1000,0 manat və Cavabdeh1 1000,0 pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin iddianın 129,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Buna görə də, ödənilmiş dövlət rüsumunun 32,5 manatı cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi olaraq 1309,53 manat məbləğində pul və 1000,0 manat məbləğində mənəvi zərər, digər Cavabdeh2 1000,0 manat məbləğində mənəvi zərər və hər iki cavabdehdən müştərək qaydada 32,5 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, dövlət rüsumunun 96,5 manat hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi olaraq 1309,30 manat və mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat olmaqla, ümumilikdə 2309,3 pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. 32,5 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. 96,5 manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar