Məhkəmə qərarları › İş №2(003)-2480/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2480/2020

17.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2480/2020 17.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 80000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan xx xxxxxx 2017-ci tarixdə 30000 manat, xx xxxx 2018-ci tarixdə 50000 manat hissə-hissə borc pul almış, xx xxxxxx 2018-ci il tarixə qədər ödəyəcəyinə söz vermişdir. Bundan əvvəllər də cavabdeh ondan dəfələrlə böyük məbləğdə pullar götürmüş və vaxtından tez qaytarmışdır. O, cavabdehə inandığı üçün pul verərkən həmişə, eləcə də bu dəfə öz aralarında razılaşmaları olmuş və cavabdeh ona qəbz vermişdir. Cavabdeh borclu olduğu pulu ona söz verdiyi vaxtdan bir ildən çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırır. Cavabdehə pul verərkən bilirdi ki, həyətyanı torpağında satmaq üçün ev tikir, sement işinə baxırdı, qazancı yaxşı idi. Cavabdehin dediyinə görə payladığı sementin pulunu yığa bilməmiş, bir neçə mağaza bağlanmış, pulunu ala bilməmiş, beləliklə böyük məbləğdə ziyana düşmüş, tikdiyi evin isə sənədi olmadığı üçün sata bilmir. Qeyd olunanlara əsasən, cavabdehdən 80000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmiş və bildirmişdir ki, iddiaçıya olan 80000 manat borcunu maddi çətinliyi olduğu üçün qaytarmamışdır. Borcunu imkanı olduqda qaytaracaqdır. Odur ki, iddia tələbi təmin edilərək, ondan iddiaçının xeyrinə 80000 manat pulun tutulmasına etiraz etməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərəkhesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018 və xx.xx.2017-ci il tarixlərdə yazılmış qəbzlərdə qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı 50000 və 30000 manat olmaqla, ümumilikdə 80000 manat borc pul götürmüşdür. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarından və tərəflərin izahatından görünür ki, Cavabdeh iddiaçıdan aldığı borcun 80000 manat məbləğini geri ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh aralarındakı müqavilə üzrəöhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh İddiaçı xeyrinə 80000 manat məbləğində pul vəsaitinin tutulması təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 80000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 80000 (səksən min) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar