Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-26/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri, Mərədəkan qəsəbəsi, bağ evi 1094A saylı fərdi yaşayış evindən çıxarılmalarına və evin qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddiaçının vəfat etməsi və hüquqi varisinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini və əmlak üzərinə qoyulmuş qadağanın götürülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 041821 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “digər bakterial pnevmoniyalar” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölümün qeyd edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 201 sayla qeyd edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-995/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraat İddiaçı hüquq varisinin müəyyən edilənədək dayandırılması qərara alınmışdır. - Cavabdeh1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi bağ evi 1094A ünvanında yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qoyulan qadağanın götürülməsini xahiş etmişdir. - Mərhum iddiaçının arvadı X1 tərəfindən verilmiş ərizədən məlum olur ki, sonuncu hazırki iş üzrə iddiaçının prosessual hüquq varisi kimi işə cəlb edilməkdən imtina etmişdir. - Mərhum iddiaçının qızı X2 tərəfindən verilmiş ərizədən məlum olur ki, sonuncu hazırki iş üzrə iddiaçının prosessual hüquq varisi kimi işə cəlb edilməkdən imtina etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsinin rəisi M.Abbasov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mətubdan görünür ki, İddiaçı əmlakına dair vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iş üzrə İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüşdür. Daha sonra məhkəmənin qərardadı ilə sonuncunun hüquq varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçının keçmiş həyat yoldaşı X1 və qızı X2 xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə təqdim edərək iddiaçının prosessual hüquq varisi kimi işdə iştiraka maraqlı olmadıqlarını bildirmişlər. Belə olan halda, iddiaçının digər hüquqi varisi oğlu Cavabdeh1dur. Lakin, o da hazırkı iş üzrə cavabdeh olduğundan iddiaçının hüquqi varisi kimi işdə iştiraka cəlb edilə bilməz. Bununla da müəyyən edilir ki, iddiaçının ölümü ilə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən cavabdehin mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1094A saylı bağ evinin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına zərurət aradan qalxır, bu səbəbdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1094A saylı bağ evinin özgəninkiləşdirilməsinə qoyulan qadağa götürülməlidir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər öz qüvvəsini saxlayır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-995/2020 saylı qərardadı ləğv edilsin və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi bağ evi 1094A ünvanında yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-26/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-26/2023
16.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver