Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-264/2021 24.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, cavabdehdən ödənilməmiş qalan 6057 manat məbləğində pulun, 6102.58 manat məbləğində kredit götürüb verdiyi pulun, mənəvi ziyana görə 15000 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 27189.58 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin fevral ayının axırlarında oğlu X13 Səbinədən boşanmışdır. Onlar evli olduqları müddətdə oğlu Şairə məxsus Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən evdə yaşamışlar. Onlar boşandıqdan sonra onlar qərar vermişdilər ki, Səbinə və onun anası Südabəni həmin evdən çıxarsınlar. Bunun üçün də oğlu Şairin tanışı olan Əbilfət Şairə köməklik göstərəcəyini bildirmişdir. Əbilfət oğlu Şairə bildirmişdir ki, əvvəllər Buzovna bələdiyyəsində işləyib və hal-hazırda da vəkil kimi fəaliyyət göstərir. Bundan sonra oğlu Şair ilə birlikdə Əbilfət onun Astara rayonu, Vaqo kəndində yerləşən evinə gəlmiş, həmin vaxtı ilk dəfə Əbilfəti yaşadığı evində görmüşdür. Bundan sonra oğlu Əbilfətlə Səbinə və Südabənin evdən çıxarılması məsələsini danışmış və Əbilfət ona və oğlu Şairə bildirmişdir ki, belə işləri çox görmüş və bunun üçün çox pul çıxacaq. Sözügedən ev oğlu Şairə məxsusdur, belə ki, Şair 2007-ci ildə Rasimdən 2,5 sot torpaq sahəsi alıb və 2 il ərzində orada 1 mərtəbəli, 3 otaq, mətbəx və sanitar qovşağından ibarət ev tikmişdir. Lakin həmin evin sənədi yoxdur. Torpağın sənədi isə Rasimin adına olmuşdur. Onlar Əbilfətlə razılaşmışlar ki, işi həll etsin və onlar da lazım olan pulu verəcəklər. İlkin olaraq Əbilfət işin həlli üçün 1200 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Əbilfət onun evində 2 gün qalmışdır. Təxminən 2018-ci ilin yanvar ayının axırlarında Əbilfət onun yaşadığı evinə gəlmiş, həmin vaxt Əbilfətə oğlu Şairin və baldızının oğlu Zaurun iştirakı ilə 1200 manat pul vermişdir. Orada Əbilfət ona bildirmişdir ki, bu ev Rasimin adına olduğu üçün gərək məhkəməyə müraciəti Rasim özü etsin, onlar da məhkəməyə bildirər ki, həmin evdə kirayədə qalmışlar. Həmin vaxtı Əbilfət onlara bildirmişdir ki, 1200 manat pulu işin həlli üçün hakimə verəcəkdir. Bundan sonra Əbilfət ona sənədləri məhkəməyə verdiyini və tezliklə məhkəmə olacağını bildirmişdir. Sonra Əbilfət ona zəng edərək bildirmişdir ki, məhkəmədə işə baxan hakim Zeynəb xanım ilə danışıb və onların xeyrinə qərar çıxarılmasından ötrü 3000 manat pul istənilib və həmin məbləği 2500 manata endirmişdir. Həmin məhkəmə prosesinə kimi Əbilfət təklif edib ki, Rasimlə danışsın və Rasim bildirsin ki, ev onundur, Şair və Səbinə həmin evdə kirayədə yaşayıblar. Bu barədə Rasim ilə danışıb və Rasimdə Əbilfət ilə razılaşıb və oğlu da işin həll olunması üçün buna razılıq vermişdir. Bundan sonra məhkəmə olub və oğlu bildirib ki, həmin evdə kirayədə yaşayıb və hal-hazırda evdən çıxmağa razıdır. Lakin həmin məhkəmədə Səbinə iştirak etməmişdir. Bundan sonra sonuncu məhkəmə zamanı o, da məhkəməyə gəlmiş və Əbilfətin ondan məhkəmə üçün istəmiş olduğu 2500 manat pulu və onun özü üçün 50 manat pulu Xəzər Rayon Məhkəməsinin qarşısında iclasdan qabaq oğlu Şairin və böyük oğlu Şahinin iştirakları ilə Əbilfətin maşınında vermişdir. Bundan sonra məhkəmə olmuş və qətnamə çıxmışdır. Dəqiq tarixlər yadında qalmadığından 2018-ci ilin aprel ayının 13-dən avqust ayının ortalarına kimi Əbilfətə istəyi ilə etibarnamə üçün 232 manat, icraçının özünə vermək üçün 220 manat, etibarnamə üçün 2 dəfə 250 manat olmaqla ümumillikdə 500 manat, etibarnaməni dəyişmək üçün 240 manat, bundan başqa Əbilfətin onlara bildirdiyi yemək pulu, yol pulu, benzin pulu, çay pulu, siqaret pulu, taksi pulu ilə ümumilikdə çıxan xərci olaraq 1500 manat pulu, ən son icraçıların məhkəmə qətnaməsini icra etməklərindən ötrü 2500 manat pulu Əbilfətə vermişdir. Hətta Əbilfət ona bildirmişdir ki, həmin 2500 manatı icraçıların arasında paylayacaqdır. O, Əbilfətə pulu olmadığını bildirib. Təxminən 2018-ci ilin iyul ayında Əbilfət onu məcbur etmişdir ki, pensiya kartını qoyub xxxxdan kredit götürə bilər. O da Əbilfətin sözündən sonra 4.000 manat kredit götürmüş, hal-hazırda 6102,58 manat borcu vardır. Həmin puldan da 2.500 manatını götürdüyü gün Əbilfətə vermişdir. Bundan başqa, Əbilfət arvadı X2 adına Astara rayonu, Vaqo kəndindən göndərdiyi sənədlərə çəkdiyi xərc üçün 365 manat pulu 16.04.2018-ci il tarixdə, sənədləri qabağa atmaq üçün 400 manat pulu 12.05.2018-ci il tarixdə, icranın rəisinə verilməsi üçün 150 manat pulu 23.05.2018-ci il tarixdə, sənədlərin poçt ilə göndərilməsi üçün çıxan xərcə görə 200 manat pulu 26.05.2018-ci il tarixdə poçtdan göndərmişdir. Lakin sonradan Səbinə və Südabə evdən çıxarılmamış və Əbilfət də gördüyü işi söz verdiyi kimi yekunlaşdıra bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Rasim ərizə verərək bildirib ki, Səbinənin həmin evdə yaşamağına etirazı yoxdur. Əbilfətdən ona vermiş olduğu pulları tələb etdikdə Əbilfət pulu qaytarmayacağını, ancaq 2500 manatını qaytara biləcəyini və ona vermiş olduğu digər pulları isə bildirdiyi şəxslərə verdiyini demişdir. Bundan sonra o, Əbilfətdən pulunu tələb etsə də, Əbilfət pulları geri qaytarmamış və ona qarşı dələduzluq etmişdir. Bu barədə Xəzər Rayon Polis İdarəsinə müraciət etmiş, sonda müstəntiq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdeh ümumillikdə 10.057 manat pul vermiş, lakin ona xeyli miqdarda ziyan vurduğundan, yəni həmin işlə bağlı dəfələrlə Astara rayonundan Bakı şəhərinə gedib-gəldiyini, Bakı şəhərində qaldığını, Əbilfətə vermiş olduğu pullardan əlavə ondan bu işə görə çəkmiş olduğu yol xərcini və cəkdiyi digər xərcləri və bankdan götürmüş olduğu 4000 manat pula görə həmin pulun üstünə gəlmiş faizləri də hesablayıb ondan ümumillikdə 15.000 manat pul tələb etmişdir. Həmin puldan 4.000 manatını Əbilfət istintaq vaxtı qaytarmış, digər pulları da hissə-hissə qaytaracağını bildirsə də, lakin heç bir məbləğdə ona geri qaytarmamışdır. Bir neçə dəfə cavabdehlə arasında olan məsələni nizama salınmasına çalışsa da, cavabdeh telefon zənglərinə cavab verməkdən yayınmışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi Xəzər RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24.11.2018-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması üçün kifayət qədər əsas olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddia ərizəyə əlavə etdiyi Xəzər RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18.03.2019-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması üçün kifayət qədər əsas olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddia ərizəsinə əlavə etdiyi “xxxx” MMC-nin Astara poçt filialından aldığı 11.10.2019-cu il tarixli məktubdan və qəbzlərin surətindən görünür ki, o, 365 manat pulu 16.04.2018-ci il tarixdə, 400 manat pulu 12.05.2018-ci il tarixdə, 150 manat pulu 23.05.2018-ci il tarixdə, 200 manat pulu 26.05.2018-ci il tarixdə poçtdan göndərmişdir. Təcili kredit xətti müqaviləsinin, kredit müqaviləsinin və kredit müqaviləsinə əlavə olunmuş 09.07.2018-ci il tarixli sənədlərdən görünür ki, 09.07.2018-ci il tarixdə “xxxx” ASC-nin Astara rayon filialından ona 4.000 (dörd min) manat məbləğində 36 ay müddətində, 29,84% olmaqla kredit verilmiş, həmin məbləğin üzərinə 2102,58 faiz pul gəlmiş, ümumillikdə 6102,58 manat Əbilfət onu ziyana salmışdır. 2018-ci ildən Cavabdehona mənəvi ziyan çəkdirib, belə ki, ona mənəvi sarsıntı və iztirab yaşatmışdır. Hazırda da banka olan borcunu ödəyə bilmir. Bakı səhərinə gedib-gəlməkdən, aidiyyəti orqanlara ərizə və şikayət yazmaqdan yorulmuşdur. Təqaüdçüdür. Bir oğlunu da hərbi xidmətdə itirmiş atadır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir. Cavabdehin vəkili X8 ərizə ilə məhkəməyə müraciət edərək, işə cavabdeh tərəfin iştirakı olmadan baxılaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısının yoldaşıdır. Əlif onun yanında Əbilfət adlı şəxsə 1200 manat vermişdir. Pulu verərkən Əlif Əbilfətə iş düzəlməsə pulu geri alacağını demişdir. Onlar sonradan bilmişlər ki, cavabdehə əlavə pullar da verilmişdir. Digər şahid X10 ifadəsində bildirmişdir ki, iddiaçı ilə ailəvi dost və qohumdurlar. O, cavabdehi 6 dəfə görmüşdür. İddiaçı Əbilfət adlı şəxsə onun yanında hüquqi kömək göstərməsi üçün 2500 manat pul verib, 50 manat da özü cibindən aparıb verib, həmin 50 manatı iddiaçı ona qaytarıb. Onlar Xəzər rayonunda kafedə oturmuşlar, pul həmin kafedə cavabdehə verilib. Məhkəmə, proses iştirakçılarını dinləyib, şahid ifadələrini, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 noyabr 2018-ci il və 18 mart 2019-cu tarixli qərarların surətindən görünür ki, İddiaçı şikayətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC Astara poçt filialının 11.10.2019-cu il tarixli məktubundan görünür ki, X12 tərəfindən X1 26.05.2018-ci il tarixdə 200 manat pul göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı ilə “xxxx” ASC arasında 09.07.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İş materiallarına iddiaçı tərəfindən aktın surəti əlavə olunmuş, həmin aktda Xəzər RPİ-nin polis kapitanı Müşfiq Qocayev tərəfindən tərtib edildiyi, Şair Babayevin səs yazılarının yazılmış olduğu mobil telefonu ekspertizaya təqdim etməkdən imtina etdiyi qeyd edilmişdir. X6 imzalamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pül ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.1. maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2. maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1. maddəsindən görünür ki, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən İddiaçı iddiasını onunla Cavabdeh arasında bağlanmış tapşırıq müqaviləsinə əsasən sonuncuya müxtəlif vaxtlarda xeyli miqdarda pul verməsi, cavabdehin isə müqavilə üzrə öhdəlik tam yerinə yetirilməzsə həmin pulu qaytarmağı öhdəsinə götürməsi, cavabdehin göstərilən öhdəliyi icra etməyərək hal-hazıradək pulun 12159.58 manat məbləğini ona qaytarmaması ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları, yəni tərəflər arasında sözügedən müqavilənin bağlanması, iddia edilən hüquq münasibətlərinin yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. İddiaçının dəlilini yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş qohumları təsdiq etmiş, lakin məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan, iddiaçının maraq və mənafeyinə uyğun verilən şahid ifadəsini inandırıcı və iddianın təmin olunması üçün kifayət saymamışdır. Bundan əlavə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və cavabdeh tərəfin məhkəməyə göndərmiş olduğu ərizədən görünür ki, cavabdeh iddiaçıya 4000 manat pul qaytarmış, qalan borcunun olmadığını bildirmişdir. İddiaçı cavabdehin ona 12159.58 manat qaytarmlı olduğunu bildirsə də, buna dair əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi pul vəsaitinin qaytarılması hissəsində əsassız hesab olunaraq rədd edilməlidir. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-264/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-264/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver