Məhkəmə qərarları › İş №2(003)-2696/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2696/2020

05.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2696/2020 05.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh X5 iştirakı ilə İddiaçı cavabdeh X6 qarşı evdə yaşamağa maneçilik törədilməsinin cavabdehə qadağan edilməsinə və torpaq sahəsinin cavabdehlə aralarında bərabər bölünməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən 24 saylı evə və evin həyətyanı sahəsinə nəzarət etməyə, evdə yaşamağa maneçilik törədilməsinin cavabdeh X6 qadağan edilməsi və sözügedən ünvanın həyətyanı sahəsinin cavabdehlə aralarında bərabər surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşıdır. X1 qalmış Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi ev 24-də hər ikisi ailə üzvlərilə yaşayırlar. Lakin qardaşı onu orada yaşamasına imkan vermir. Atasından qalmış miras əmlakın qəbulu üçün 7 saylı notariat kontorunda ərizə vermişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. İzahatında bildirdi ki, iddiaçı birinci ailəsindən boşandıqdan sonra mübahisəli evə gəlmişdir. Hazırda evin hər şəraitindən istifadə edir və ona heç bir maneçilik törətmir. Köhnə evdə qardaşı qalır o isə özünə həyətdə yeni ev tikmişdir. Hazırda 2 bacı və 2 qardaşdırlar. Evin vərəsələr arasında bölünməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır, buna görə də iddia təmin edilməməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X7, anası X3r. İş materiallarında qeydiyyat vəsiqəsinn surətindən görünür ki, Şüvəlan qəsəbəsi, M.Qorki küçəsi ev 24 X4 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları ilə məhkəmə iclasında məyyən edilmişdir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi 24 saylı fərdi yaşayış ev daşınmaz əmlakın dövlət reyestrində hər hansı tərəfin adına qeydə alınmamışdır. Tərəflər ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı evdə yaşamağa cavabdehə maneənin qadağan edilməsini tələb etsə də, buna dair hər hansı sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda iddianın “və sözügedən ünvanın həyətyanı sahəsinin cavabdehlə aralarında bərabər surətdə bölünməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Ona görə ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi tərəflərin mərhum atalarına məxsus olmuş və hazırda vərəsəlik müəyyən edilməməklə miras əmlak kimi həmin əmlaka paylar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iş üzrə tərəflərdən başqa bacılarının da olması müəyyən edilmişdir. Belə olan halda vərəsəlik qaydasında sözügedən daşınmaz əmlaka dair vərəsələrin dairəsi müəyyən edilməklə paylar müəyyən edilmədiyindən əmlakın iddianın iş üzrə tərəflər arasında naturada bərabər paylar şəklində bölünməsi hissəsi də təmin edilə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X6 qarşı evdə yaşamağa maneçilik törədilməsinin cavabdehə qadağan edilməsinə və torpaq sahəsinin cavabdehlə aralarında bərabər bölünməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar