Məhkəmə qərarları › İş №2(003)-270/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-270/2025

14.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-270/2025 14.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) ona məxsus Mərdəkan qəsəbəsində R.Qasımov ev 26 mənzil 3-ə olan istifadə hüquqlarının itirilməsinə və həmin şəxslərin bu mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı ş Xəzər (Əzizbəyov) rayonu R.Qasımov küçəsindəki 26 saylı evin 3 saylı mənzili mülkiyyət hüquqları əsasında ona məxsusdur. Bu barədə ona Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ÖM seriyalı, 177127 saylı çıxarış verilmişdir. Mənzil iki otaqlı olub sahəsi 29,26 kv.m.- ə bərabərdir. Mənzildə o, Sevinc, Nuranə, Vüsalə adlı övladları, habelə cavabdehlər, iki uşağı ilə yaşayır. Mənzildə birgə yaşayış qaydaları cavabdehlərdən Sevinc adlı şəxsin-gəlininin təqsirli hərəkətləri ucbatından pozulmuşdur. Belə ki o, tez-tez onunla heç bir əsaslı səbəb olmadan dava salır, onun və digərlərinin bu mənzildə sakit yaşamasına imkan vermir. Özü şəkər xəstəliyindən əziyyət çəkir. Mülkiyyət haqqında qanunun tələbinə görə əmlakdan sahiblik, istifadə və sərəncam hüquqları mülkiyyətçi kimi ona məxsusdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, ev onun ikinci ərinə məxsus olmuşdur. İkinci əri öləndən sonra ev ona miras qalmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və etiraz ərizəsində qeyd edilənlərin izahatı kimi nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, 1993-cü il tarixdən etibarən həmin evdə yaşayır. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq orada göstərmişdir ki, o, Cavabdeh2 ilə "10" sentyabr 2011-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra həyat yoldaşının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 26, mənzilinə köçərək orada birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların istifadə hüquqlarının itirilməsinə və onların həmin mənzildən çıxarılmaqlarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddiaçı yaranmış mübahisə ilə əlaqədar məhkəməyə tam, hərtərəfli və obyektiv məlumat verməmişdir. Belə ki, onlar faktiki olaraq onunla eyni evdə yaşamır, bir həyətdə olan fərqli evlərdə yaşayırlar və həmin həyət onun qaynatasına məxsus olmuş, sonradan iddiaçının yəni qaynanasının adına rəsmləşdirilmişdir. Belə ki, o, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, ev 26, mənzilinə gəlin olaraq gəlmişdir. Gəlin olaraq gəldiyi mənzil iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi iki otaqlı olmaqla 29, 26 kv.m olduğundan, orada yerləşmək və yaşamaq mümkün olmadı və onları həyətdə yerləşən heç bir sənədi olmayan tikiliyə yerləşdirdilər. Həmin tikili uzun müddət istifadə olunmadığından, yaşamaq üçün yararsız vəziyyətdə idi. O, xəstəxanadan qazandığı vəsait hesabına həmin tikilini yenidən təmir etdirərək, girişə dəmir (seyf) qapı qoydurmuş, otaqları aboylatdırmış, pəncərələri yenisi ilə (plastik) dəyişdirmiş, otaqlara qapılar qoydurmuş, döşəməni laminatla əvəzləmiş, əvvəllər olmadığı halda mətbəx tikdirdib, tam təmir etdirmiş və içərisini avadanlıq, mebellə doldurmuş, evin dam örtüyünü tam yenisi ilə əvəzləmiş, otaqları, girişi təmir etdirmiş, su kanalizasiya-sistemləri çəkdirmişdir. Qaynanası onları heç bir əsas olmadan öz vəsaitləri hesabına təmir-tikinti etdirdikləri evdən məhrum etməyə çalışır. İddia əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir, belə ki, iddiaçının da qeyd etdiyi kimi onların həmin mənzilə istifadə hüquqları var, lakin iddiaçı həmin mənzilə dair istifadə hüquqlarının itirilməsini xahiş etmişdir, hesab edirlər ki, qanunvericilikdə həmin hüququn itirilməsinə dair müddəa olmadığından iddia təmin edilə bilməz. İstifadə hüquqlarının itirilməsinə dair tələb rədd edilməli olduğundan həmin mənzildən çıxarılmaqlarına dair ikinci tələb də təmin edilə bilməz. Əlavə olaraq qanunvericilikdə yalnız istifadə hüququna xitam verilməsi nəzərdə tutulmuşdur ki, bu da iki halda mümkündür, 1-ci halda onların həmin mənzilə ehtiyaclarının aradan qalxdığı halda, digəri isə iddiaçının onlara kompensasiya verilməsi halında. İddia ərizəsindən görsənir ki, həmin mənzilə ehtiyaclarının olmamasını təsdiqləyən hər hansı sübutlar işə əlavə edilməmiş və eyni zamanda kompensasiya təklif edilmir, buna baxmayaraq istifadə hüquqlarının itirilməsini xahiş edir. Odur ki, iddia tələbinin 1-ci hissəsi təmin edilə bilməz və 2-ci hissə onunla əlaqəli olduğundan təmin edilməməlidir və ümumiyyətlə qanunvericilidkə bu cür tələbin irəli sürülməsi, mübahisənin bu cür həll edilməsi nəzərdə tutulmur. Məhkəmə işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 177127 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 26 saylı evin 29, 26 kv.m-dən ibarət 2 otaqlı 3 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur. Bu barədə xx.xx.2003-cü il tarixdə 1303 sasylı reyestr kitabında 195605-ci səhifədə qeydə alınma nömrəsi 30/1956050 olmaqla qeyd aparılmışdır. -4 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən ünvan 1-də qeydiyyatdadır. -Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon VVADQ şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ seriyalı 394822 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X3 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 54 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. -5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən ünvan 1-də qeydiyyatdadır. -5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2005-ci il tarixdən ünvan 1-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə İddiaçı (evlənməzdən əvvəl soyadı Mirzəyeva) məxsusdur. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 mübahisə predmeti olan mənzilə 1993-cü il tarixində köçmüşdür. Ona münasibətdə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi tətbiq edilməlidir. Cavabdeh2 mənzildən istifadə hüququ vardır və mülki iş araşdırılan zaman onun hazırda yaşadığı mənzilə həqiqətən də ehtiyacı olması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 mübahisə predmeti olan mənzilə 2011-ci ildə gəlin köçmüş, 2015-ci il tarixdən isə mənzilə qeydiyyata düşmüşdür. Ona münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri tətbiq edilməlidir. Yəni bu o deməkdir ki, Cavabdeh1 mənzilin mülkiyyətçisi ilə notariat qaydasında bağlanmış razılaşması olmadığına görə onun ümumiyyətlə mənzildən istifadə hüququ yoxdur. Mənzildən istifadə hüququ olmayan birinin mənzildən istifadə hüququnun itirilməsi barədə qərar qəbul edilə bilməz. Lakin, Cavabdeh1 mənzilə istifadə hüququ olmadığından, onun həmin mənzildə qeydiyyatda olmaqla yaşaması mənzilin sahibinin mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göstərilənlərə əsasən məhkəmə hesab hesab edir ki, Cavabdeh1 mübahisə predmeti olan mənzildən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədi olmadığından və həmin yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, cavabdehin həmin mənzildən çıxarılması barədə iddia tələbi əsaslıdır. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar