Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2785/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən iddiaçının xeyrinə vurulmuş maddi və mənəvi ziyana görə 5200 manat pul vəsaitinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-dən maddi zərərə görə 2800 manat pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqına görə 2800 manat və mənəvi zərərə görə 4000 manat pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2000-ci il təvəllüdlüdür. Hazırda Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ödənişli əsaslarla, qiyabi təhsil alır. Cavabdeh və “İpek Group” şirkətlərinin direktoru Sadiq Nəcəfov və onun işçisi Məharət adında şəxs onun əmək hüquqlarını dəfələrlə pozmuş, dəfələrlə iş vaxtı şəxsiyyətinə təhqir etmiş və müəssisədaxili hadisələrə laqeyd yanaşmışlar. Cavabdeh müəssisənin direktoru X5 adında şəxsi qanunvericiliyin tələblərinə zidd olaraq əmək müqaviləsi rəsmiləşdirmədən işə götürdüyünə görə onun barəsində heç bir məlumat yoxdur. Məharət adında şəxs müəssisədaxili qaydaları pozaraq dəfələrlə onun şəxsiyyətini təhqir etmiş, hədə-qorxu gələrək, aqressiv vəziyyətdə üstünə gəlmiş, iş vaxtı bitdikdən sonra isə yaşadığı ünvana kimi izləyərək onu narahat etmişdir. Cavabdeh müəssisənin direktoru Sadiq Nəcəfova dəfələrlə bu barədə müraciət elməyinə baxmayaraq, bütün bu hadisələrə laqeyd yanaşaraq göz yummuşlar. xx.xx.2023-cü ildə ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC-də Məharət adlı həmin şəxs birbaşa müdiriyyətin yanında şəxsiyyətini təhqir edib və aqressiv vəziyyətdə üstünə gəlmişdir. Buna baxmayaraq, müdiriyyət tərəfindən həmin şəxs barəsində heç bir tədbir görülməmiş, əksinə baş verən hadisələrə biganə münasibət sərgilənmişdir. Bu səbəbdən də, qorxusundan işdən çıxmağa məcbur olmuşdur. Həmin şəxs o, işdən çıxdıqdan sonra faktiki yaşadığı ünvana kimi onu təqib edib narahat etdiyinə və faktiki yaşadığı ünvanı bildiyinə görə, məcburən Bakı şəhərini tərk etmişdir. Hadisədən sonra heç bir kompensasiya ödənilmədiyi halda, əksinə cavabdeh "xxxx" MMC-nin mühasibi əmək müqaviləsi qüvvədə olduğu halda ona yüklənilmiş rəsmi əməkhaqqını naməlum karta geri ödəməyini tələb etmişdir. Belə ki, əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü ilə qədər qüvvədə olmasına baxmayaraq, "esosial” tətbiqində müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyi qeyd olunmuşdur. xx.xx.2023-cü ildə əmək haqqsı kartına yüklənilmişdir. Əlavə olaraq, qeyd etmişdir ki, guya ki, o bu məbləği səhvən vurub. Əksinə, müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyi haqqında heç bir məlumat verməmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixində əmək müqaviləsi qüvvədə idi və buna aid video-sübutu da var. Bütün bunlara baxmayaraq, cavabdeh müəssisənin direktoru Sadiq Nəcəfov müraciətlərinə baxmır, ona dəymiş maddi və mənəvi ziyana görə heç bir kompensasiya ödəmir, olan hadisəni inkar edir, yalan danışır, Məharət adlı şəxsi qeyri-rəsmi işlədir. Halbuki, Məharət adında şəxsi onun tanıdığına və hadisənin xx.xx.2023-cü il tarixində qeyd olunan müəssisədə olduğunu sübut edən Sadiq Nəcəfovun həyat yoldaşı və köməkçisi Ruqiyyə Nəcəfovann səsli və yazılı mesajları mövcuddur. Məharət adında şəxs müdiriyyət və kollektiv arasında qeyd etmişdi ki, o, dini təriqətə qoşulduğuna görə həbs cəzası alıb. Bundan əlavə cavabdeh müəssisənin direktoru Sadiq Nəcəfov müəssisənin fəaliyyətini düzgün təşkil etmir, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərini kobud şəkildə pozur. Cavabdeh müəssisənin direktoru eyni zamanda əmək qanunvericiliyinin normalarını da pozur, işçilərin təhlükəsizliyini təmin edə bilmir, işçilərin hüquqlarını qoruya bilmir, hətta özü işçilərin hüquqlarını birbaşa pozur. Bu barədə xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında DOST Mərkəzinda izahat vermişdir. Məsələ ilə bağlı sonradan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məktubla məsələ aidiyyatı üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə göndərildi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixində göndərilmiş məktubda qeyd edilmişdir ki, müraciətlə əlaqədar tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən onlarla Cəmiyyət rəhbərliyi arasında xx.xx.2023-cü il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verildiyi məlum olmuşdur. Eyni zamanda Xidmətə təqdim olunmuş bank hesabı çıxarışından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) pozularaq son haqq-hesabınızın gecikdirilərək xx.xx.2023-cü il tarixində ödənildiyi məlum olmuşdur. Nəticədə Azərbaycan Respublikasınlın İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq inzibati xəta halı yaranmışdır. Bu səbəbdən Cəmiyyətin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarınn, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin bildirilmişdir ki, ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi üçün Cəmiyyətin ünvanında tərəflərindən xx.xx.2024-cü ildə məktub göndərilmiş, lakin tələb olunan sənədlər Xidmətə təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinə qədər dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırması mümkün deyildir. Bununla yanaşı, ona məxsus sənədlərin Cəmiyyət rəhbərliyi tərəfindən Xidmətə təqdim edilmədiyi üçün tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət olunduğu və sənədlər təqdim olunduğu halda müraciətə yenidən baxılaraq cavab veriləcəyi bildirilmişdir. Eyni zamanda məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu da qeyd edilmişdir. xx.xx.2024-cü il tarixində ona X3 Xidmətindən zəng edilmişdir. Bildirilmişdir ki, guya ki, o, ərizə yazıb işdən çıxmışdır (Həmin ərizənin onlarda olduğunu qeyd etmişlər). Halbuki, o, heç bir sənəd yazmamış və imzalamamışdır. Həmin hadisənin baş verdiyi vaxt hətta əşyalarını götürmədən iş vaxtı bitməmiş qorxub müəssisəni tərk etmişdir. Hətta hadisənin sabahı günü ona niyə gəlmədiyi soruşulmuşdur. onlar onun adına saxta ərizə yazaraq şəxsən iştirakı olmadan onun adına imza çəkmişlər. Cavabdeh tərəfindən vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair Bakı 13 saylı Mediasiya Təşkilatına da müraciət etmiş və həmin qurum tərəfindən xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Hələ də əmək kitabçası ona təhvil verilməmişdir. Əgər işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilibsə, ƏM-nin 70-ci maddəsinin hansı bəndinin tələbi ilə müqaviləsinə xitam verilməsi barədə məlumatı yoxdur. Hazırda işsiz qaldığı üçün təhsil haqqını və borclarını ödəyə bilmir. Göründüyü kimi, həm mənəvi həm maddi ziyan dəymişdir. 3 ay cavabdehin təqsiri ucbatından işsiz qalmış, aylıq əmək haqqının 400 manat olduğunu nəzərə alınsa 1200 manat maddi zərərə uğramışdır. Həmçinin ona dəyən mənəvi ziyanı 4000 manat olaraq qiymətləndirir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Məharət adlı şəxs əmək müqaviləsi olmadan müəssisədə işlədilmişdir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuşdur. Müəssisə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmışdır. İddiaçı ilə müqaviləyə xitam verilərkən öz xahişi ilə işdən çıxması qeyd edilmişdir. Daha sonra cavabdeh müəssisənin direktorunun əmri ləğv edilmişdir. İddiaçı hazırda tələbədir. İddiaçı müəssisədə təhqir olunduğuna görə ona mənəvi zərər də dəymişdir. Hazırda iddiaçı müəssisədə işləmir. Məharət adlı şəxs müəssisədə iddiaçını təhqir etmişdir. Mənəvi ziyan həmin təhqirlərlə bağlıdır. Son dəfə dekabr ayında əmək haqqı almışdır. Əmr ıəğv edildiyindən xx.xx.2024-vü il tarixədək olan aylartın əmək haqqısını tələb edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, son haqqhesabın ödənilmədiyi hissədə iddiaçı ilə razıdırlar. Mənəvi zərər hissəsində isə razı deyillər. İddiaçıya 2000 manat verilməsi təklif edilmişdir. Bu təklif əmrin ləğv edilməsi ilə bağlı olmuşdur. Bu məsələdə həm cavabdehin həm də iddiaçının təqsiri olduğuna görə bu məbləğ təklif edilmişdir. İşdən çıxma barədə əmr ləğv olunduğundan dekabr ayından iyun ayınadək olan 06 ayın əmək haqqısı ödənilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə 2022-ci ildən bəri əməkdaşlıqları mövcud olmuş və 2023-cü ilin dekabrından işdən ayrılmışdır. İşçi tərəfindən cəmiyyətə hər hansı əmək kitabçası təqdim olunmamışdır. Cəmiyyət ilə işçi arasndakı əmək münasibətləri, o cümlədən işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınmışdır. İşçinin xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra işçinin son haqq hesabı ödənilmişdir. İddiaçının cəmiyyətə qarşı təqdim etdiyi iddia tələbini aşağıda qeyd olunanlara əsasən əsassız və qanunsuz hesab edirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.-ci maddəsinə əsasən “İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda”. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır. İddiaçı iddia tələbində 3 ay cavabdehin təqsiri ucbatından işsiz qaldığını qeyd etmişdir. Bununla bağlı hər hansı mötəbər sübut təqdim etmədiyi üçün iddiaçının bu tələbi əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 290.-cı maddəsinin qeyd hissəsində Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Bildiririk ki, cəmiyyətimizin rəhbərliyi və onun tabeçiliyində olan vəzifəli şəxsləri tərəfindən iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər edilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığı üçün bu iddia tələbi əsassız hesab edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC-nin direktoru X4 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, müqavilə müddətsiz bağlanmışdır. İddiaçı aylıq əmək haqqı 400 manat müəyyən edilmişdir. Əmək haqqı ayda bir dəfə olmaqla ödənilir. - Əmək müqaviləsinin 9.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. - "xxxx" ASC tərəfindən verilmiş 5103-07**-****-0622 saylı əmək haqqı kartı üzrə çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə 364 manat ödəniş edilmişdir. - 26 fevral 2024-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024-cü il tarixə saat 11:00a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin onlar prosesin davam etdirilməsinə razılıq verməmişlər. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir (Mediator: P.İ.Əhmədova). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, onlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən onunla Cəmiyyət rəhbərliyi arasında xx.xx.2023-cü il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verildiyi müəyyən edilmişdir. Onlar tərəfindən Xidmətə təqdim olunmuş əmək haqqına dair bank hesabı çıxarışından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) pozularaq son haqq-hesabınızın gecikdirilərək xx.xx.2023-cü il tarixində ödənildiyi məlum olmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq inzibati xəta halı yaranmışdır. Bu səbəbdən Cəmiyyətin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə onlar tərəfindən Cəmiyyətin ünvanına 3-17-5/2- 12064/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin tələb olunan sənədlər Xidmətə təqdim edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması mümkün deyildir. Ona aid olan sənədlər Cəmiyyətin rəhbərliyi tərəfindən Xidmətə təqdim edilmədiyi üçün bununla bağlı tədbir görülməsi məqsədilə onlar tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət olunmuşdur. Sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, onunla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 1512/2023K saylı xitam əmri, X1 3-17-5/2-S-33453/4/2024 saylı xx.xx.2024-cü il tarixli icrası məcburi göstəriş sənədinə əsasən ləğv olunmuşdur. Bu səbəbdən, onun yenidən öz vəzifəsinə qayıtması və əmək kitabçasını düzəliş edilməsi üçün təqdim etməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə-Əmək Məcəlləsi) 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək münasibətləri sahəsində işçinin əsas hüquqlarındandır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilə bilər. İşin hallarından göründüyü kimi İddiaçı ilə -Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə İddiaçı xx.xx.2023-cü il tarixdən satış meneceri vəzifəsində işləmiş və iddiaçının təşəbbüsü əsasında əmək müqaviləsinə xitam verilmişdir. Lakin, iddiaçı işdən azad edildikdən sonra X2 etmiş olduğu şikayətlər nəticəsində sonuncu orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə cavabdeh Cəmiyyət İddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli əmri ləğv etmişdir. Bu barədə İddiaçı xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. Belə olan halda müəyyən edilir ki, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında olan əmək müqaviləsinin xitamı ilə bağlı olan əmr ləğv edildiyindən, o, rəsmi olaraq işdə olduğu 6 ayın (2024-cü ilin yanvar-iyun ayları) əmək haqqısını almamışdır. Bu səbəbdən 2400 manat məbləğində ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (400*6=2400). Əmək Məcəlləsinin 69.1 və 69.2-ci maddələrinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə iddia tələbinin 4000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı həmin hissədə mənəvi sarsıntılar keçirməsini, stress, əzab və əziyyətlər çəkməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı mənəvi zərəri müəssisənin əməkdaşının onu təhqir etməsi ilə bağlı istədiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Həmçinin, hazırda mənəvi zərər müəssisədən tələb edilsə də, onu təhqir etdiyini bildirdiyi şəxs müəssisənin əməkdaşı olmuşdur. İddiaçı mənəvi zərərin ödənilməsi ilə bağlı həmin əməkdaşın özünə qarşı iddia ilə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində əsassızdır. Yuxarıda qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh MMC-dən 2024-cü ilin yanvar ayından iyun ayınadək iddiaçıya ödənilməmiş olan 2400 manat əmək haqqı məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 2024-cü ilin yanvar ayından iyun ayınadək iddiaçıya ödənilməmiş olan əmək haqqı 2400 (iki min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2785/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2785/2024
31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver