Məhkəmə qərarları › İş №2(003)-2790/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2790/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2790/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhəməyə müraciət edərək, “xxxxxxx” MMC-yə məxsus və İddiaçı Sığorta Şirkəti ASC-də əmlak sığortası üzrə sığortalanmış əmlaka dəymiş zərərə görə 846 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.4 manat dövlət rüsumunun cəmi 876.4 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən marketin şüşəsini sındıraraq marketə daxil olmuş, “xxxxxxx” MMC-yə məxsus və İddiaçı Sığorta Şirkəti ASCdə əmlak sığortası üzrə sığortalanmış “eManat” ödəmə terminalını sındrılmış və eyni zamanda aparatın içərisində olan pul əskinazları oğurlamışlar. Hadisə nəticəsində “xxxxxxx” MMC-yə maddi ziyan dəymişdir. Baş vermiş hadisədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 təqsirli olması Xəzər rayon məhkəməsinin 1(003)- 211/215 saylı, xx.xx.2015-ci il tarixli hökmündə öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli hadisə nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “xxxxxxx” MMC-yə 946 manat ziyan dəymişdir. FİC-1403498-U55 saylı sığorta müqaviləsinin 018/2015 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 100 manat azadolma məbləği çıxılmaqla 846 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan mümkün hesab etmişdir. Sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini etiraf etməyərək, izahatında bildirmişdir ki, ibtidai istintaq zamanı 950 manat onlar tərəfindən ödənilmiş, daha sonra onlar məhkum olunmuşlar. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(003)-211/2015 saylı qanuni qüvvəyə minmiş hökmünün surətindən görünür ki, Cavabdeh2 və X5Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azaldılaraq məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmdə həmçinin göstərilmişdir ki, Cavabdeh2 təkrarən tanışları X3 və Cavabdeh3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə keçən gecə Qurbanov Ədail Zöhrab oğluna məxsus ünvan 2 ünvanında yerləşən «Ədail» marketin dəmir jalüzinin qıfılını sındırmaqla marketin içərisinə qanunsuz daxil olub taxtı rəflərin üzərindən 20 ədəd qalın, göy «Viceroy» markalı, 20 ədəd «İmperial-blues markalı, 10 ədəd «Sobranie-Blues» markalı, 10 ədəd «West» markalı, 10 ədəd a «Kent-8» markalı, 10 ədəd qara «Winston» markalı, 5 ədəd «İmperialklassik»xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx«xx xxxxx MMC»-y məxsus «e-Manat» ödəmə terminalını sındırmaqla kassa aparatının içərisində ola 334 manat pulu gizli yolla talayaraq zərərçəkmiş şəxslər Ə.Z.Qurbanov ümumilikidə 100 manat və «xxxxxxx MMC»-yə isə 334 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İş materiallarında olan “xxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktlardan görünür ki, MMC-nin maliyyə direktoru R.Bayramov, baş mühasibi İ.Əyyubov, texnik qrup rəhbəri A.İsmayılov, direktor müavini V.Süleymanov və təhlükəsizlik şöbəsinin rəisi V.Cəfərov qiyməti 88 manat olan oğurlanmış 1 ədəd kaset, qiyməti 344 manat olan yararsız hala salınmış 1 ədəd printer Custom VKP-80 İİ, qiyməti 6 manat olan olan yararsız hala salınmış 1 ədəd printer korpusunun hərəkət hissəsi, qiyməti 20 manat olan yararsız hala salınmış 1 ədəd çöl qapısının kilidi, qiyməti 5 manat olan yararsız hala salınmış 1 ədəd seyf qapısının kilidi, dəyəri 150 manat olan təmir olunmalı yararsız hala salınmış 1 ədəd terminal korpusunun üz hissəsində çilingər və malyar işlərinin ümumi dəyəri 612 manat təşkil etməsini həmçinin nağd oğurlanmış 334 manatın ödəmə terminalından oğurlanmasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Texniki ekspertizalar şöbəsinin rəisi tərəfindən tərtib edilmiş hadisə nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2015-ci il tarixli hesabatdan görünür ki, “xxxxxxx” MMC-yə 946 manat zərər dəymişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 018/2015 saylı sığorta aktından görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək sığortalanmış “xxxxxxx” MMC-yə məxsus “eManat” ödəmə terminalı xx.xx.2014-cü il tarixdə üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri nəticəsində zədələnməklə nağd pul ödənilmişdir. xx.xx.2015-ci il tarixli hadisə nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 946 manat vurulmuş ziyan hesablanmışdır. Dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat azadolma məbləği çıxılmaqla sığorta ödənişi 846 manat “xxxxxxx” MMC-nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, xx.xx.2015-ci il tarixdə 846 manat “xxxxxxx” MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziyaların surətindən görünür ki, onlara 846 manat məbləğində pulun 10 iş gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarından müəyyən olunur ki, cavabdehlər İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış subyektə məxsus obyektdə oğurluq etməklə ona ümumilikdə 946 manat zərər vurmuşlar, onların təqsirli olmaları barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcuddur, dəymiş zərərin ödənilməsi məsələsi hökmdə yer almamış, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkənə 846 manat ödənilmiş və bununlada onun cavabdehlərə qarşı həmin pulun əvəzinin tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə hesab edir ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərəçəkmiş şəxs qismində tanınmış “xxxxxxx” MMC-yə zərərin dəyməsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi ilə əlaqədar yaranması qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(003)-211/2015 saylı hökmü ilə müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “xxxxxxx” MMC-yə dəymiş zərərə görə 846 məbləğ reqres qaydada ödənilən məbləğ həcmində cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 xidmət haqqının da cavabdehlərdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 846 manat dəymiş zərərə, 30 manat dövlət rüsumuna və 0.40 manat xidmət haqqına görə ödənilmişcəmi 876.4 (səkkiz yüz yetmiş altı manat qırx qəpik) manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar