Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2915/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona dəymiş 2963 manat maddi ziyanın, müalicə üçün çəkdiyi 1500 manat xərcin və 3000 manat mənəvi ziyanın, 31 manat dövlət rüsumunun, cəmi 7494 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Mülki Prosessual Məcəllənni 53cü maddəsinə əsasən, iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək, cavabdehdən avtomobilə dəymiş ziyana görə 1700 manat pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini azaldılmış həcmdə müdafiə edərək, onunla əsaslandırmışdır ki, 11.05.2021-ci il tarixdə təxminən saat 15:30 radələrində idarə etdiyi özünə məxsus olan MERSEDES-BENZ markalı **-RE-*** dövlət qeydiyyatlı nişanlı avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində mərkəzi yol ilə hərəkət edərək yolayrıcında dönmə işığını yandıraraq sağ və sol yoldan gələn nəqliyyat vasitələrini buraxdığı, yəni dayandığı vəziyyətdə olarkən Cavabdeh idarə etdiyi Kamaz markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtomobilinin sol tərəfindən vurmuş və zərbə nəticəsində avtomobili fırlanaraq yolun kənarında olan tikiliyə dəyib dayanmışdır. Xoşbəxtlikdən avtomobildə tək olsa da, hadisə zamanı ağır xəsarət almış, həmçinin böyük sarsıntı keçirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 2963 (iki min doqquz yüz altmış üç) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Xəzər rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin polis mayoru Azər Səmədovun qəbul etdiyi cinayət işinin rədd edilməsi haqqında Qərarında həmin fakt öz əksini tapmışdır. Günahkar sürücü, yəni Cavabdeh əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkibi yarandığı üçün barəsində inzibati təsir tədbiri görülməsi məqsədilə qərarın surəti icra edilməsi üçün Xəzər DYPŞ-nə göndərilməsi və avtomobilimə 2963 (iki min doqquz yüz altmış üç) manat məbləğində maddi ziyan dəydiyi üçün məhkəməyə müraciət etməyi qərara alınmışdır. Bundan əlavə, hadisə zamanı xəsarət aldığından həm ambulator, həm də stasionar müalicə almışdır. Bu gün də aldığı xəsarətdən və keçirdiyi sarsıntıdan ev şəraitində müalicə alır. Evdə ailə başçısı olaraq yeganə qazanc gətirəndir. Hadisə baş verdiyi vaxtdan, yəni 11.05.2021-ci il tarixdən bu günədək işləyə bilmir. Halbuki, işlədiyi dövr ərzində minimum yaşayış tələbatımı ödəyə bilirdi. Lakin avtomobilinin yararsız hala düşməsi, özünün böyük sarsıntı keçirməyi səhhətinə çox pis təsir edib. Artıq avtomobil sürməyə böyük qorxu yaranmışdır. Cavabdeh borcundan ödəniş etmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən avtomobilə dəymiş ziyana görə 1700 manat pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmiş və izahatını onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsində təqsirli hərəkəti ucbatından iddiaçıya maddi ziyan dəymişdir. O, ziyanın çox hissəsini ödəmişdir. Cəmi 1700 manat borcu qalmışdır. Həmin pulun ondan tutulmasına etiraz etmir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 11.05.2021-ci il tarixdə təxminən saat 15:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı şikayət ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 14.05.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, MERSEDES-BENZ markalı **-RE-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəymiş ziyan 2963 manat hesablanmışdır. İddia tələbindən və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın 1700 manatı ödənilməmiş qalmış, iddiaçı həmin pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddia tələbini 1700 manat hissədə etiraf edərək, həmin pul məbləğinin ondan tutulmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, qeyd olunanları və Cavabdeh iddianı etiraf etməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh oğlu 11.05.2021-ci il tarixdə, avtomobili idarə edən zaman yol hərəkəti qaydalarını pozaraq iddiaçıya maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu işin halları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh oğlu tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı oğluna maddi zərər yetirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində MERCEDES BENZ markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və həmin avtomobilin əvvəlki işlək vəziyyətinin bərpa edilməsi üçün əzilmiş və sıradan çıxmış detalların yenisi ilə əvəz edilməsi zərurəti yaranmışdır. Göstərilən detalların siyahısı və həmin detalları dəyişmək üçün tələb olunan maliyyə vəsaiti qüsur aktında qeyd edilmiş, cavabdeh həmin məbləğə etiraz etməmişdir. Bununla əlaqədar olaraq, həmçinin, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyandan ödənilməmiş qalan 1700 manat məbləğdə pul vəsaitinin Cavabdeh oğlundan tutularaq İddiaçı oğluna verilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək Cavabdeh oğlundan İddiaçı xeyrinə 1700 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan İddiaçı oğlunun xeyrinə 1700 (bir min yeddi yüz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2915/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2915/2021
27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver