Məhkəmə qərarları › İş №2(003)-2966/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-2966/2022

19.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-2966/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı Cavabdeh İB-nə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan görə 20000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə nəzər yetirdikdə müəyyən olunur ki, imzalanmamaqla məhkəməyə təqdim olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbindən və iddia tələbinin əsasını təşkil edən hallardan görünür ki, tələb istehlakçının hüququnun müdafiəsi ilə bağlı olmamaqla cavabdehin əsassız hesab olunan hərəkətləri nəticəsinə dəymiş maddi və mənəvi ziyanın ödənilməsindən ibarətdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş aidiyyət qaydalarının tələblərini pozmaqla Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsində ad və soyad, faktiki ünvanı-Türkan Üzümçülük sovxozu kimi göstərməklə şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin surəti iddia ərizəsinə əlavə edilməməklə), ünvanı ilə bağlı dəqiq məlumatlar göstərilməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya dövlət rüsumunun ödənilməsindən azad olunmasına dair sənəd də iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan əsaslarla iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar