Məhkəmə qərarları › İş №2(003)-3038/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3038/2020

22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3038/2020 22.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh nümayəndəsi Cəfərli Hüseyn Məhərrəm oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borca görə ödənilmiş 174.98 manat və ərizənin yazılmasına görə ödənilmiş 50 manatın, 2016-cı ilin yanvar ayından 2020-ci ilin avqust ayına qədər 1755.12 manat məbləğində istifadə edilmiş elektrik enerjisinin dəyərinin 50 faizi, yəni 877.56 manat məbləğində pulun cavabdehdən İddiaçı1 xeyrinə, mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən iddiaçılara müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh ASC tərəfindən yaşadıqları ünvan olan ünvan 1 saylı evin 8 saylı mənzilinə 927,2 manat məbləğində borc hesablanmışdır. Həmin vaxtdan qanunsuz olaraq smart karta yüklənmiş pul məbləğinin 70-80 faizi tutulduğuna görə yaşadıqları evdə təbii qazdan ailələri istifadə edə bilməmişdir. Ona görə qanunsuz və əsassız hesablanmış borcun silinməsinə dair tələblə Xəzər Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə abonent hesabına hesablanmış 927,2 manat məbləğində borc silinmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh ASC-nın apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra isə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə icra vərəqəsi verilərək borcun silinməsi tələb edilmişdir. Borc məbləği hesabdan silinsə də borca görə tutulmuş 174,98 manat geri qaytarılmamışdır. Həmçinin cavabdehin təqsirindən o, 2016-cı ilin yanvar ayından 2020-ci ilin avqust ayına qədər 1755,12 manat məbləğində elektrik enerjisindən istifadə etməli olmuşdur. Nəzərə alınsa ki, qanunsuz və əsassız borca görə istifadə etdiyi təbii qazın verilməsi kəsilməzdisə, elektrik enerjisinə yüksək məbləğlərdə ödəniş etməzdi. İddia ərizəsinə əlavə olunan elektrik enerjisinin bildirişlərindən görünür ki, qazın kəsilməsindən sonra tərəfindən hər ay yüksək məbləğlərdə borclar ödənilmişdir. Bundan başqa təbii qazın kəsildiyi müddət ərzində qış aylarında bir neçə dəfə xəstəlik keçirilmiş, həkim müayinəsinə və müalicəsinə, dərmanların alınmasına pullar xərcləmişdir. Evdə yaşayanlar, o cümlədən körpə uşaqlar qazın qanunsuz kəsilməsinə görə çox əziyyət çəkmişdir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət edilməsi, məhkəmə iclaslarında iştirak edilməsi zamanı stres, əsəb, gərginlik keçirilmiş və cavabdehin hərəkətləri mənəvi ziyana səbəb olmuşdur. Qeyd olunanlara əsasən, borca görə ödənilmiş 174.98 manat və ərizənin yazılmasına görə ödənilmiş 50 manatın, 2016-cı ilin yanvar ayından 2020ci ilin avqust ayına qədər 1755.12 manat məbləğində istifadə edilmiş elektrik enerjisinin dəyərinin 50 faizi, yəni 877.56 manat məbləğində pulun cavabdehdən İddiaçı1 xeyrinə, mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən iddiaçılara müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı1 və Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, İddiaçı1 verilən qaz xətti üzrə abonent kodu **********00080 sayla qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh İB arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli 03/2455 saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, İddiaçı1 verilmiş qaz xətti üzrə ödənişlərdən borca görə 174.98 manat tutulma həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-472/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1 **********00080 saylı abonent koduna hesablanmış 927.2 manat məbləğində borcun silinməsi qərara alınmışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək, ondan əsassız olaraq tutulmuş 174.98 manat pulun Cavabdehndən onun xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 174.98 manat pulun tutulması əsassız olmuş, odur ki, həmin pul vəsaiti cavabdehdən tutularaq istehlakçı İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bununla yanaşı, iddiaçılar məhkəməyə “xxxxxxxx”ASC tərəfindən onlara məxsus ünvana yazılmış xeyli miqdarda borca dair bildirişləri təqdim edərək, həmin borcun təbii qazdan istifadədən məhrum olduqları üçün normadan artıq istifadə ilə əlaqədar yarandığını bildirmiş, işıq enerjisindən istifadəyə görə hesablanmış 877.56 manat pulun Cavabdeh İB-dən tutulmasını xahiş etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf öz tələbini həmin hissədə əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, 2016- 2020-ci illərdə iddiaçının təbii qazdan istifadə etməməsi, işığa görə yazılmış borc məbləğinin məhz təbii qazdan istifadənin mümkün olmaması ilə əlaqədar yaranması kimi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, iddiaçılar tibbi müayinə və müalicəyə dair sənədlər təqdim edərək, cavabdeh tərəfindən hesablanmış əsassız borcun onları təbii qazdan məhrum etməsi, pozulmuş hüquqların bərpası üçün həyata keçirilmiş proseslərin onlara stress və gərginlik yaşadaraq mənəvi zərər vurmasını irəli sürərək, cavabdehdən onların xeyrinə 3000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə, iddiaçıların vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçıların vurulmuş maddi zərəri tələb etməklə yanaşı, bununla bağlı mənəvi sarsıntı keçirməsi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdırlar və həmin tələb işin faktiki halları nəzərə alınmaqla qismən təmin edilməli, 200 manat məbləğində mənəvi ziyan cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 8 saylı Hüquq Məsləhətxanasının hesabına xx.xx.2020-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin tərtib edilməsi ilə bağlı ödənilmiş 50 manat cavabdehdən tutularaq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdehndən İddiaçı1 xeyrinə 174.98 manat və 50 manat olmaqla cəmi 224.98 manat pul vəsaiti, eyni zamanda mənəvi zərərə görə cavabdehdən iddiaçıların xeyrinə 200 manat pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə habelə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən İddiaçı1 xeyrinə 224.98 (iki yüz iyirmi dörd manat doxsan səkkiz qəpik) pul vəsaiti tutulsun. Cavabdehndən mənəvi ziyana görə iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 200 (iki yüz) manat pul vəsaiti tutulsun. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar