Məhkəmə qərarları › İş №2(003)-3125/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3125/2025

09.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3125/2025 09.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə ona verəcək 1100,0 manatın, gecikdirilən günlər üçün 1000,0 manatın, mənəvi zərərə görə ona dəymiş 500,0 manat mənəvi ziyanın, vəkil xidməti üçün ödədiyi 250,0 manatın və ödədiyi 50,0 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı hal-hazırda ünvan 1 ünvanda yaşayır. O bildirir ki, ünvan 2 qeydiyyatda olan Cavabdeh xx.xx.2025-ci il tarixdən tanıyır. 2025-ci ilin əvvəllərində iddiaçıya məxsus ASUS TUF GAMİNG F15 markalı noutbuku 1.100 (bir min yüz) manat məbləğinə satmaq qərarına gəlinmiş və bu məqsədlə Tap.az saytında elan yerləşdirilmişdir. Cavabdeh həmin elan vasitəsilə iddiaçı ilə əlaqə saxlamış və noutbuku 1.100 manat qarşılığında almaq istədiyini bildirmişdir. Görüş zamanı cavabdeh noutbuku almaq istədiyini, lakin həmin vaxt tam ödəniş etməyə imkanının olmadığını, məbləği iki hissə şəklində ödəmək istədiyini qeyd etmişdir. İddiaçı cavabdehə inanaraq bununla razılaşmış və tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı noutbuku cavabdehə təhvil vermiş, cavabdeh isə ümumi məbləğin 550 manatını xx.xx.2025-ci il tarixində, qalan 550 manatını isə xx.xx.2025-ci il tarixində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, cavabdeh ödənişi vaxtında etmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün ödənilməli məbləğin 1 faizi həcmində cərimə ödəməli idi. Həmçinin müqaviləyə görə, ödəniş 15 gündən artıq gecikdirildiyi halda cavabdeh noutbuku iddiaçıya geri qaytarmalı idi. Lakin müqavilədə göstərilən tarixlərdə cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, nə ödəniş etmiş, nə də noutbuku geri qaytarmışdır. Bu hal iddiaçıya cavabdehin ilkin niyyətinin onu aldatmaq olduğu qənaətinə gəlməsinə səbəb olmuşdur. İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlayaraq borcun ödənilməsini tələb etmişdir. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək ödənişi edə bilmədiyini bildirmişdir. Cavabdeh özünü iş adamı kimi təqdim etdiyindən iddiaçının ona etibarı yaranmış və bu etibardan sui-istifadə edilərək 1.100 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdeh hər dəfə ödənişin bir neçə gün ərzində ediləcəyini bildirsə də, verdiyi vədlərə əməl etməmiş, nə pulu, nə də noutbuku qaytarmamışdır. Cavabdeh iddiaçıya 1.100 manat borcu olduğunu etiraf etməsinə baxmayaraq, hazırda həmin məbləği qəsdən qaytarmaqdan boyun qaçırır. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş lakin İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Sadə əlyazma müqavilənin sürətindən görünür ki, İddiaçı ASUS TUF GAMİNG F15 markalı noutbuku 1.100 (bir min yüz) manat məbləğinə Cavabdeh satmışdır. Whatsapp yazışmalaından görünür ki, Cavabdeh həqiqətən malı almış və ödəniş etməkdən imtina etmişdir. Tətbiq edilən hüquq 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə toplanmış sübutlardan, tərəflərin izahatlarından, iş materiallarına əlavə edilmiş sadə əlyazma alqı-satqı müqaviləsindən və elektron yazışmalardan görünür ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan noutbukun alqı-satqısına dair müqavilə münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək noutbuku cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş məbləği və müddətdə ödəniş etməyi öhdəsinə götürmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödənişi razılaşdırılmış tarixlərdə etməmiş, həmçinin noutbuku iddiaçıya geri qaytarmamışdır. Bu hal cavabdehin müqavilə öhdəliklərini pozduğunu təsdiq edir. İş materiallarında olan yazışmalardan cavabdehin borcun mövcudluğunu etiraf etməsi də aydın görünür. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bu baxımdan, Məhkəmə hesab edir ki, iddiaçının əsas borc məbləğinin – 1.100 manatın cavabdehdən tutulması tələbi əsaslıdır və iş üzrə sübutlarla təsdiq olunmuşdur. Müqavilədə gecikdirilmiş günlər üçün cərimə nəzərdə tutulsa da, məhkəmə gecikmənin müddətini, işin faktiki hallarını və tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, cərimə məbləğinin 100 manat həcmində müəyyən edilməsini ədalətli və mütənasib hesab edir. Bundan başqa məhkəmə iddia tələbinin dəymiş mənəvi zərərin 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. İddiaçı iddia ərizəsində ona maddi və mənəvi zərərin vurulduğunu göstərsələr də, zərərin nədən ibarət olması və bu zərərin nədən ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən məbləğdə zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişlər. Buna görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranmasıəsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansışəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən, ədalətlilik və ağlabatanlıq prinsiplərini, habelə zərərin xarakterini, cavabdehin əməlinin ağırlıq dərəcəsini və işin konkret hallarını nəzərə alır. Bu baxımdan, iddiaçının tələb etdiyi 500 manat məbləğində mənəvi zərərin əvəzi məhkəmə tərəfindən həddən artıq hesab edilir və mənəvi zərərin 50 manat məbləğində müəyyən edilməsi daha məqsədəuyğun sayılır. Məhkəmə həmçinin iddianın 50,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Buna görə də, iddianın əsas hissəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin “250,0 manat hüququ yardım göstərilməsi ilə bağlı pulun” tutulması hissəsinə də qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə iddiaya məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1100,0 manat pul, 100,0 manat cərimə, 50,0 manat mənəvi ziyan əvəzi, 50,0 manat dövlət rüsumunun əvəzi və hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 250,0 manat xərc olmaqla, cəmi 1550,0 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehnndan 1100,0 manat pul, 100,0 manat cərimə, 50,0 manat mənəvi ziyan əvəzi, 50,0 manat dövlət rüsumunun əvəzi və hüquqi yardımın göstərilməsi üçün çəkilmiş 250,0 manat xərc olmaqla, cəmi 1550,0 (min beş yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar