Məhkəmə qərarları › İş №2(003)-321/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-321/2020

27.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-321/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı qeyri-yaşayış sahəsi və torpaq sahəsindən çıxarma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yaşayış massivində yolun qarşısında qoyulmuş darvaza çıxarılaraq, yolun açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, öz ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yaşayış massivində yerləşən özünə məxsus yaşayış evində yaşayır. Cavabdehlər onun qonşuluğunda yerləşən ayrı-ayrı evlərdə yaşayırlar. Cavabdehlərin yaşadığı evlərin həyəti ilə onun yaşadığı evin həyəti hasarla ayrılmışdır. Cavabdeh1 öz evində, onun bacısı olan digər Cavabdeh2 isə öz evində yaşayır. Cavabdehlərin və digər qonşuların yaşadığı yaşayış evlərinin yolu ayrı, onun evinə gələn yol isə ayrı dalandadır. Onun evi dalanda yerləşir və evinə gələn bir avtomobil yolu var, lakin evinin arxa tərəfindən də avtomobil yolu olmuş, həmin yoldan birbaşa onun həyətinə qapı açılmasa da, o həmin yoldan daimi istifadə etməsə də, qeyd edilən yol ümumi istifadədə olan yol kimi onun üçün ehtiyat yol olmuş, hər hansı bir fövqəladə hadisə zamanı həmin yoldan istifadə imkanı olmuşdur. Lakin Cavabdeh1 həmin yolu bağlayıb, qanunsuz olaraq yolda qapı quraşdırmış və yolu öz həyətinə daxil edərək, onların həmin yoldan istifadələrini məhdudlaşdırmışdır. Yəni hər hansı bir fövqəladə hadisə zamanı onların həmin yoldan istifadə etməkləri mümkünsüz olmuşdur. Cavabdeh tərəfindən bağlanılan yol təkcə həmin ərazidə olan qonşular tərəfindən deyil, digər şəxslər, o cümlədən onun tərəfindən də istifadə edildiyinə görə onun bir vətəndaş kimi həmin yolun açılmasını tələb etmək hüququ vardır. Eyni zamanda, cavabdehlər həmin yolu bağladıqdan sonra Cavabdeh2 onu məhkəməyə verərək, küçəyə çıxışı üçün yolunun olmadığını bildirib, onun hasarının sökülməsini və yol açılmasını tələb etmişdir. Bu hal özü də göstərir ki, cavabdehlərin yolu bağlamaqda xüsusi marağı olmuş, bu yolla onun həyətinin hasarını sökdürüb özlərinə yeni yol açmaq və öz həyətlərini yol hesabına artırmaq məqsədi güdmüşlər. Qeyd olunanlara əsasən, cavabdehlər tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yaşayış massivində yolun qarşısında qoyulmuş darvaza çıxarılaraq, yolun açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 vəkili X3 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, cavabdehə məxsus darvazanın qoyulmasında heç bir qanunsuzluğa yol verilməmişdir. İddiaçının həyəti başqadır, cavabdehinki başqa. İddiaçının başqa giriş qapısı və yolu var, sözügedən darvaza onlara maneə deyil. Bundan əlavə, iddiaçının evinə dair sənədi yoxdur, yəni iddia qaldırmağa subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3070 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiq olunan yaşayış evlərinə, eləcə də yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinə dair heç bir hüquqmüəyyənedici və texniki sənədlər (ayrıc aktı, torpaq sahəsinin koordinatlarını göstərən plan ölçü sənədi, texniki pasport, ərazi üzrə bölgü planı və s.) olmadığından, Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yaşayış massivində Cavabdeh1 ilə Cavabdeh2 tərəfindən quraşdırılmış darvazanın tikinti norma və qaydalarına uyğun qoyulub-qoyulmamasını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məxsus yaşayış evlərinə giriş-çıxış üçün ayrı-ayrılıqda keçid yolları olduğu müəyyən edilmişdir. Lakin tədqiq olunan yaşayış evlərinə, eləcə də yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinə dair heç bir hüquqmüəyyənedici və texniki sənədlər olmadığından, Cavabdeh1 və Cavabdeh2 tərəfindən quraşdırılmış darvazanın ümumi istifadə üçün nəzərdə tutulan yolun üzərində olub-olmamasını və İddiaçı və digər şəxslərin ümumi istifadədə olan yoldan istifadəsinə maneə törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının öz tələbini əsaslandırdığı halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, bununla bağlı məhkəmə ekspertizası təyin edilmiş, lakin mübahisə predmeti olan əmlaklara dair hüquq müəyyənedici sənədlər olmadığından, həmin halların mövcudluğunu müəyyən etmək ümumiyyətlə mümkün olmamışdır. Müəyyən olunmuşdur ki, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məxsus yaşayış evlərinə giriş-çıxış üçün ayrı-ayrılıqda keçid yolları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məcəllənin 178.1-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yaşayış massivində yaşadığı fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqlarını müəyyən edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlaka dair hüquqları olmadığından, onun həmin ünvanda yerləşən darvazanın sökülməsini tələb etməyə də subyektiv hüququ yoxdur. Göründüyü kimi, İddiaçı cavabdehlər tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yaşayış massivində qoyulmuş darvazanın çıxarılmasına dair iddiası əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4cü maddələrində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, AzərbaycanRespublikasınınMülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri qismində məhkəmə xərci İddiaçı aid edilməlidir Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “qeyri-yaşayış sahəsi və torpaq sahəsindən çıxarma " tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “qeyri-yaşayış sahəsi və torpaq sahəsindən çıxarma " tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar