Məhkəmə qərarları › İş №2(003)-323/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-323/2023

26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-323/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Notariat ofisinə və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Bakı şəhəri 25 saylı Notariat ofisinə və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 25 saylı Notariat ofisinin 4992 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 25 saylı Notariat ofisinin xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə istinad edərək ondan 621 manat 46 qəpik borcun və 20 manat məbəğində dövlət rüsumunun tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qərar qəbul etmişdir. Hesab edir ki, Bakı şəhəri 25 saylı Notariat Kontorunun 4992 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. O, bununla bağlı 25 saylı Notariat ofisində olmuş və oradan bu qərarın qəbul olunmasına əsas olan sənədləri tələb etdikdə ona heç bir sənədin olmadığını və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd etmişdir ki, həmin borcun nə üçün yarandığı ona məlum deyil, ona görə də qeyd edilən qərarın hansı sənədə əsasən qəbul edildiyinin bildirməməsi onda şübhə yararanmasına əsas verir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, nə Cavabdeh2 MMC, nə də notarius tərəfindən icra qeydinin aparılacağı barədə müvafiq bildiriş ona təqdim edilməmişdir. Eyni zamanda qeyd etdi ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qızının yanında Fransa Respublikasında olmuş, pandemiya ilə əlaqədar Azərbaycan Respublikasına qayıda bilməmişdir. Göründüyü kimi icra qeydi üzrə bildiriş ona çatdırılmamışdır. Cavabdeh2 MMC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş üzrə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarından görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında abunə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncunun istifadəsinə müqavilə şərtləri çərçivəsində ********* nömrə verilmişdir. İş materiallarında olan cari hesab arayışından görünür ki, İddiaçı 621,46 manat məbləğində borcu vardır. İş materiallarında olan Cavabdeh2 MMC-nin İddiaçı ünvanladığı icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, abunə müqaviləsi üzrə yaranmış 621,46 manat borcun 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən barəsində notarius tərəfindən icra qeydinin aparılcağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 8İ-4992 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh2 MMC-nin xeyrinə İddiaçı ödənilməmiş 621,46 manat, ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 641,46 manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan PS AZE S00007618 saylı Azərbaycan Respublikasının Xidməti Pasportunun surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikasının ərazisinin hüdudlarından kənarda olmuşdur. İş materiallarında olan Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə dair etiraz ərizəsindən görünür ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında abunə müqaviləsi bağlanmış, muqavilə şərtlərinə görə ********* nömrəsi abunəçinin istifadəsinə verilmişdir. xx.xx.2017-ci il tarixli Abunə Müqaviləsinə əsasən fakturalı xətt sistemində İddiaçı istifadəsinə verilmiş 050 *** ** ** nömrədə rominq xidməti çərçivəsində xx.xx.2020-ci il tarixində Fransanın “SFR” operatoruna məxsus mobil rabitə şəbəkəsindən istifadə olunmuşdur. Araşdırmalar zamanı, Rominq xidməti ilə bağlı Cavabdeh2 MMC-nin mobil rabitə şəbəkəsində hər hansı çətinlik aşkar edilməmişdir. 050 *** ** ** nömrənin xx.xx.2020-ci il tarixli izahlı fakturasında əks olunan bütün zənglər (digər xidmətlərdən istifadə və rominq xidməti çərçivəsində internet xidmətindən istifadə də daxil olmaqla) məhz həmin nömrədən həyata keçirilmişdir. 050 *** ** ** nömrədə xx.xx.2020-ci il tarixi saat 12:48-dən saat 17:25-dək Fransanın “SFR” operatorunun şəbəkəsində Mobil İnternet xidmətindən (1715 MB həcmində) istifadə edilmiş və tariflərə müvafiq olaraq haqq (600,26 manat) hesablanaraq xx.xx.2020-ci il tarixli fakturada öz əksini tapmışdır. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış abunə müqaviləsi üzrə yaranmış 621,46 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə Cavabdeh2 MMC tərəfindən icra qeydinin verilməsi üçün Bakı şəhəri 25 saylı notariat ofisinə müraciət olunmuş və həmin notariat orqanı tərəfindən "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmışdır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Sadalanan qanunvericilik aktı normalarından görünür ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən icra qeydinin verilməsi üçün müəyyən edilmiş sənədlər tam olmamışdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, icra qeydinin aparılması barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildirişin İddiaçı (icra qeydi üzrə borcluya) çatdırıldığını təsdiq edən sənəd icra qeydinin verilməsi üçün müəyyən edilmiş sənədlərə əlavə edilməmişdir. Bu barədə Cavabdeh2 MMC (icra qeydi üzrə tələbkar) tərəfindən də işin baxılması zamanı müvafiq sənəd məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 8İ-4992 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 8İ-4992 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar