Məhkəmə qərarları › İş №2(003)-33/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-33/2021

05.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-33/2021 05.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdən öz payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdən öz payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, döngə 1, 25 saylı sahənin iddiaçıya düşən hissəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, döngə 1, 25 saylı sahə ümumi mülkiyyət hüququ əsasında tərəflərə mənsubdur. Sahənin 2/4 hissəsi iddiaçının adına dövlət reyestrində qeydiyyata alınaraq onun adına seriya RX № ******* reyestrindən çıxarış verilmişdir.Həmin əmlak tərəflərə atalarından miras qalmışdır.Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onlara düşən payı qəbul etməmişlər və bu səbəbdən 1/4 hissə açıq qalmışdır.Cavabdehlər arasında mülkin naturada paylara uyğun bölünməsi ilə əlaqədar tam razılaşma olmadığına görə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsinin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xəbərdar olunmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə АR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, döngə 1, 25 saylı sahənin 2/4 hissəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına, 1/4 hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. X2 adına qeydiyyata alınmış həmin torpaq sahəsinin 1/4 hissəsi isə açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, döngə 1, 25 saylı sahənin 1/4 hissəsinə (mərhumun adına açıq paya) vərəsəlik şəhadətnaməsi verildikdən sonra aparılması məqsədəmüvafiq olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 24189 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, döngə 1, 25 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 506,0 kv.m olan torpaq sahəsinin naturada tərəflərin paylarına uyğun şəkildə bölünməsi texniki cəhətdən mümkün deyildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/70 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu. Bilnə qəsəbəsi, döngə 1 ünvanda yerləşən 25 saylı torpaq sahəsində yaşayış evi və köməkçi tikililər nəzərə alınmadan 2/4 paya uyğun sahənin ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin daxilində, sol tərəfdəki sərhəd hasarından 10,0 metr aralı (küçə tərəfdəki sərhəd hasarından arxa sərhəd hasarına qədər) sərhəd hasarı hörülməli və bölünmüş torpaq sahəsinə giriş üçün əlavə giriş-çıxı;i qapısı açılmalıdır.Təklif olunan bölgü zamanı tərəflərə istifadə üçün ayrı-ayrılıqda torpaq sahələri və həmin sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları nəzərdə tutulmuşdur. Lakin torpaq sahəsinin bölünməsinin tərəflərin normal yaşayış şərtlərini və standartlarını pozulmasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilən bu hüquq sahəvi qanunvericilik aktı olan Mülki Məcəllədə də öz əksini tapmışdır. Belə ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1ci maddəsi). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Qanunverici fərdi mülkiyyət halından fərqli olaraq paylı mülkiyyətçilərin ümumi paylı mülkiyyətdə olan əmlaka və öz pay hüququna sərəncam səlahiyyətinin reallaşdırılması, habelə payın ayrılmasının tələb edilməsi və həyata keçirilməsi qaydalarını müəyyən etmişdir. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2, 220.3 və 220.4-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, qanuni mexanizm payın ayrılmasının mərhələli şəkildə həyata keçirilməsini tələb edir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən məsələ ilə bağlı mövqeyini əsas götürür. Belə ki, Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil ”. Məhkəmə, Mülki Məcəllənin 220-ci maddəsini və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutub, eləcə də iddia ərizəsində “mübahisəli daşınmaz əşyaların paylara uyğun naturada bölünməsi” tələbinin olduğunu nəzərə alaraq, ilk növbədə mübahisəli torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədi ilə məhkəmətorpaqşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-ci il tarixli, 24189 saylı ekspert rəyində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, döngə 1, 25 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 506,0 kv.m olan torpaq sahəsinin naturada tərəflərin paylarına uyğun şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmaması öz əksini tapmışdır. Məhkəmə, bu halın xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspertizanın rəyi ilə razılaşaraq bu nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan torpaq sahəsindən payın naturada ayrılması mümkün deyil. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdən öz payının naturada ayrılması” tələbinə dair mülki iş üzrə, iddiaçının cavabdehlərlə ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, döngə 1, 25 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 506,0 kv.m olan torpaq sahəsinin naturada tərəflərin paylarına uyğun şəkildə bölünməsi mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilmədiyi üçün keçirilmiş məhkəmə-torpaqşünaslıq ekspertizalərının xərci olaraq 200 manat məbləğində pul vəsaiti İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdən öz payının naturada ayrılması” tələbinə dair iddia ərizəlsi rədd edilsin. Keçirilmiş məhkəmə-torpaqşünaslıq ekspertizalarının xərci olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar