Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-330/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “iribuynuzlu heyvanların yaşayış sahəsindən çıxarılması və heyvan saxlamaq hüququndan məhrum edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəliyinə qarşı “qeyri-qanuni iribuynuzlu heyvanların yaşayış sahəsindən çıxarılması və cavabdehin heyvanları saxlamaq hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 153 saylı bağ evində yaşayan Cavabdeh məxsus olan 10 ədəd iribuynuzlu heyvanların cavabdehə məxsus olan yaşayış sahədən çıxarılmaqla cavabdehə heyvanları saxlamaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 154 saylı bağ evində öz ailə üzvləri ilə birgə yaşayır. Cavabdeh onun ilə hasar qonşusu olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 153 saylı bağ evində öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh 1 ildir ki, yaşadığı bağ evinin həyatyanı sahəsində iddiaçının yaşadığı bağ evinin hasarına bitişik 12x5 kv.m ölçüdə tövlə tikərək 10 baş iribuynuzlu heyvanlar saxlayır. Cavabdehin 10 baş iribuynuzlu saxladığı inəklərdən əmələ gələn çirkab tullantıların axdığı çirkab su quyusundan gələn ağır qoxuları nəticəsində o, ailə üzvləri və qonşular çox ağır vəziyyətdə üfunət iyinin içərisində yaşayırlar. O dəfələrlə Cavabdeh rəsmi olaraq müraciət etmiş ki, o öz həyətində saxladığı idiaçının hasarına bitişik tövlədə 10 baş iribuynuzlu heyvanları başqa yerə köçürsün, belə ki, heyvanlardan və çirkab axıntılardan gələn iydən o və ailə üzvləri evdə yaşaya bilmirlər. Cavabdeh isə onun sözlərinə məhəl qoymayaraq bildirmişdir ki, istəmirsə heyvanlardan gələn qoxu iyini hiss edə ona ayda 500 manat pul versin cavabdeh də əvəzində hevanları çıxartsın. Bundan sonra o, cavabdehin bu hərəkətləri barədə Bakı şəhəri Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdi. Oradan isə cavabdehə yaşayış məntəqələrində ev heyvanlarının, saxlanılması haqqında qaydalarını pozduğuna görə dəfələrlə xəbərdarlıq edilməsi bildirildi və bu barədə ona məhkəməyə müraciət etmək məsləhət görüldü. Eyni zamanda o, bu bərədə Bakı şəhəri Xəzər RİH-nin Mərdəkan qəsəbə Nümayəndəliyinə də müraciət etmişdir. Nümayəndəlik tərəfindən də cavabdehə dəfələrlə xəbərdarlıq edilməklə müvafiq akt tərtib edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X1 iddia tələbini müdafiə edərək bildirdi ki, həmin tövlə iddiaçının evi ilə 2 metr məsafədə yerləşir və pis qoxu olduğu üçün iddiaçı öz həyətinə çıxa bilmir. Həmçinin bildirdi ki, iddiaçı cavabdehə maddi köməklik edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Bu barədə iddiaçı bir çox yerlərə müraciət etmişdir, lakin cavabdeh yenə o heyvanları həyətində saxlamağa davam etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun torpağı 3 hissəyə ayrılmışdır (özü, oğlu və qızı). Həmçinin bildirdi ki, onun maddi imkanı çox zəyifdir və sözügedən iribuynuzlu heyvanları saxlayaraq o çörək pulu qazanır. Ona təmizliyə riayət edilməsinə dair müvafiq orqandan müraciət olmuş və o, tövləni bir az təmizləmişdir. O, iddiaçının iddiasının əsassız olduğunu hesab etmiş, ona görə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 izahatında bildirdi ki, o bir neçə dəfə həmin ünvanda olub və orada iribuynuzlu ev heyvanlarının saxlandığını görüb. Bununla bağlı Cavabdeh xəbərdarlıq edib. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 154 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 153 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən aydın olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 153 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 24 iyun 2022-ci il tarixli aktdan görünür ki, 153 saylı bağ ünvanında Cavabdeh həyətyanı sahəsinə keçirilən baxış zamanı antisanitariya şəraitində çoxlu sayda iribuynuzlu heyvanların saxlanılması müəyyən edilmişdir. Vətəndaş Cavabdeh qısa zamanda heyvanların sayını üçə qədər azaldaraq mövcud olan tövlələrdə təmizlik işləri həyata keçirməsi və sanitariya normalarına riayət etməsi tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəzər rayon Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 01-824/15 saylı xx.xx.2022-ci il tarixli məktubun sürətindən görünür ki, Cavabdeh qurum tərəfindən ona ünvanlanmış məktubda ona verilmiş tapşırıq və təklifləri tam icra etməmiş və nöqsanları aradan qaldırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə hasar qonşusudur. Cavabdehin saxladığı iribuynuzli heyvanların saxlandığı tövlədən gələn qoxu iddiaçının evindən 2 metr aralı yerləşdiyindən onu və ailə üzvlərini narahat edir. Həmçinin cavabdehə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəzər rayon Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən heçbir tədbir görülməmişdir və bunun nəticəsi kimi iddiaçının hüququqları pozulmuşdur. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə görə yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya, gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmçinin həmin şəxslər inzibati məsuliyyətə də cəlb oluna bilərlər. Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarının təstiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarına əsasən ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalıdır. Heyvanların saxlanmasına dövlət sanitariya nəzarəti orqanları nəzarət etdikləri ərazi üzrə ev heyvanlarının saxlanması zamanı sanitariya-gigiyena norma və qaydalarının pozulmasına səbəb olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 153 saylı bağ evində yaşayan Cavabdeh məxsus olan iribuynuzlu heyvanların cavabdehə məxsus olan yaşayış sahədən çıxarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehin heyvanları saxlamaq hüququndan məhrum edilməsi hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik), dövlət sanitariya nəzarəti, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin bu Qaydalara əməl etmələrinə nəzarəti həyata keçirirlər. Həmin Qaydaların 9-cu bəndinə əsasən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya nəzarəti orqanının və Agentliyin regional bölməsinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edir. Beləliklə qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının cavabdehin heyvanları saxlamaq hüququndan məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik deyildir. Ona görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh məxsus olan iribuynuzlu heyvanlar həmin şəxsə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan bağ massivi, 153 saylı bağ evindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh məxsus olan iribuynuzlu heyvanlar həmin şəxsə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan bağ massivi, 153 saylı bağ evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsindən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-330/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-330/2023
08.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver