Məhkəmə qərarları › İş №2(003)-3363/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3363/2023

11.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3363/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru (üçüncü şəxs "xxxx" ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru (üçüncü şəxs "xxxx" ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisinin 3298 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi, ödədiyi 101 manat dövlət rüsumunun əvəzinin cavabdeh Bakı şəhəri 25 saylı Notariat ofisindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Nəsimi” filialı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********94 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla, 6700 manat məbləğində kredit verilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir. xx.xx.2023cü il tarixdə Şuşa rayon icra və probasiya şöbəsi tərəfindən təqdim olunmuş tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən ona məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixli BPM**********94 saylı kredit müqaviləsi üzrə öhdəliyini böyük hissədə (kreditin qaytarılması üzrə 4000 manatdan artıq ödəniş etmiş) icra etməyinə və müqavilənin qüvvədə olma müddəti hələ başa çatmadığı halda cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən 3298 saylı xx.xx.2022-ci il tarixli icra qeydi verilmişdir və həmin icra qeydinə əsasən ondan "xxxx" ASC-nin xeyrinə 6485,57 manat borc və 25 manat dövlət rüsumu tutulmalıdır. Hesab edirəm ki, cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən aparılmış 3298 saylı xx.xx.2022-ci il tarixli icra qeydi qanunsuz olduğundan ləğv edilməlidir. İlk öncə onun olduğu yer Bakı şəhəri, Ramana qəsəbəsi sayılsa da, icra qeydi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən notarius tərəfindən aparılmışdır. Bundan başqa, təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etmədiyindən icra qeydinin aparılması qanunsuz olmuşdur. Eyni zamanda "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə öhdəliklərin icrasını tələb etmək hüququ olmadığından icra qeydinin aparılması qanunsuz olmuşdur. Həmçinin "xxxx" ASC notariat ofisinə müraciət etməzdən əvvəl ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməmişdir. Əlavə olaraq bildirmişdir ki, Baki şəhəri 25 saylı Notariat Ofisinin 3238 saylı xx.xx.2022-ci il tarixli icra qeydinin surəti ona təqdim edilmədiyindən, onun məzmununun Qanunun 77-ci maddəsinə uyğun tərtib olunub-olunmadığı da ona bəlli deyil. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 454 nömrəli qaçqın düşərgəsində yaşayır. Buna baxmayaraq icra qeydi onun yaşadığı ərazi üzrə notariat orqanı tərəfindən verilməmişdir. Bundan başqa ona icra qeydinin aparılması ilə bağlı bildiriş təqdim edilməmişdir. Həmçinin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, 4000 manata yaxın borcu ödəmişdir. Buna baxmayaraq ondan tələb olunan borc şişirdilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, icra qeydinin aparılması barədə müvafiq bildiriş iddiaçının Ramana qəsəbəsində olan ünvanına göndərilmişdir. Həmçinin icra qeydinin verilməsi barədə müvafiq sənədləri Sabunçu rayonunda olan notariat orqanına göndərilmişdir. Sənədlər elektron qaydada göndərilmişdir. Lakin notariat orqanı tərəfindən yanlışlığa yol verilərək icra qeydinin verilməsi barədə sənədlər digər Xəzər rayonu ərazisində olan notariusa göndərilmişdir. Lakin bununla bağlı hər hansı bir sənəd təqdim edə bilmir. Həmçinin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, İddiaçı tərəfindən kredit üzrə 4000 manat ödəniş olmuş, lakin xx.xx.2022-ci il tarixdən sonra ödəniş olmamışdır. Ona görə də şişirdilmiş məbləğdə faiz borcu yoxdur. Cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi məhkəməyə müraciət edərək, mülki işin məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2022-ci il tarixli 8İ-3298 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "xxxx" ASC-nin xeyrinə İddiaçı BPM**********94 nömrəli müqavilə əsasında müddət üçün vaxtında ödənilməmiş 6485 manat 57 qəpik, həmçinin ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 6510 manat 57 qəpik pul tutulmalıdır. -"xxxx" ASC-nin Nəsimi filialı ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Bank tərəfindən İddiaçı 48 ay müddətinə, illik 24 % ödəmək şərtilə 6700 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. -maliyyə arayışının surətindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-yə 5010,39 manat ödənilməmiş əsas, 1474,78 manat ödənilməmiş faiz borcu olmaqla cəmi 6485,17 manat məbləğində borcu və ödənilmiş dövlət rüsumu üzrə 25,4 manat borcu vardır. -xx.xx.2022-ci il tarixli 22-9643/2022 saylı bildirişdən və həmin bildirişin çatdırıla bilməməsi barədə "xxxx" MMC tərəfindən tətib edilmiş 293128 nömrəli qəbzdən və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tələb olunması, borcun 20 gün müddətində ödənilməyəcəyi təqdirdə həmin borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş və sonuncunun ünvanı Bakı şəhəri, Ramana qəsəbəsi, 450 kimi qeyd edilmişdir. Göndərilən ünvan natamam olduğundan, həmçinin İddiaçı edilmiş telefon zənglərinə cavab verilmədiyindən ona bildirişin çatdırılması mümkün olmamışdır. - Şuşa rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən kiçik ədliyyə müşaviri Ayaz Nuqaylı tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3298 nömrəli icra qeydi üzrə icraat başlanmışdır. -tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, həmin bildiriş rsmi qaydada xx.xx.2023-cü il tarixdə İddiaçı təqdim edilmişdir. -********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. -seriya AA, 199073 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkün olmaqla Bakı şəhəri, Sabunçu rayonunda məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilirki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin təlimatın 162-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdiyi hallarda icra qeydləri aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İşin araşdırılmış halların görünür ki, İddiaçı "xxxx" ASC-nin Nəsimi filialı ilə bağladığı xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtıvaxtında yerinə yetirmədiyinə görə yaranmış borcun ödənilməsinin ondan tələb edilməsi və ödənilməyəcəyi təqdirdə həmin borcun qaytarılması üçün icra qeydinin verilməsinə dair notariat ofisinə müraciət olunacağı barədə müvafiq bildiriş onun yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanına göndərilmiş lakin, ünvan natamam olduğundan bildirişin çatdırılması mümkün olmamışdır. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən borcun tutulması barədə xx.xx.2022-ci il tarixli 8İ-3298 reyestr nömrəli icra qeydi verilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun İddiaçı tələb olunması üçün əsasların mövcud olmasına baxmayaraq həmin borcun tutulması üçün sonuncunun olduğu yer üzrə notarius tərəfindən icra qeydi verilmədiyindən qanunvericiliyin müvafiq tələbləri pozulmuşdur. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən borcludan pul məbləğlərini tutması barədə icra qeydi borclunun olduğu yer üzrə notarius tərəfindən aparmalıdır. Ona görə də məhkəmə hesab edir ki, icra qeydi müvafiq notarius tərəfindən verilmədiyindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Bu səbəbdən iddia əsaslı hesab edilərək təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edi ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ-3298 reyestr nömrəli icra qeydi ləğv edilməli və Bakı şəhəri 25 saylı Notariat ofisindən ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri 25 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8İ-3298 reyestr nömrəli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul Bakı şəhəri 25 saylı Notariat ofisindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar