Məhkəmə qərarları › İş №2(003)-34/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-34/2022

28.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-34/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Xəzər rayonunun Xaşa-Xuna ərazisində 0,25 ha. sahəsi olan 272 nömrəli bağ sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,03 ha. hissəsindən çıxarılması, orada cavabdeh tərəfindən tikilmiş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrufatının İnkişafı və İstismarı Birliyinin 4017 saylı, 12 fevral 2003-cü il tarixli müqaviləsinə əsasən anası X3 Əzizbəyov rayonunun, Xoşa-Xuna ərazisində 0,25 ha sahəsi olan 272 nömrəli bağ sahəsi verilmişdir. Anası 22 yanvar 2005-cı ıl tarixində ölmüşdür və onun vərəsəsi kimi tanınmış, anası öldükdən sonra həmin bağ sahəsi onun istifadəsində olmuşdur. Qeyd edir ki, cavabdeh onun dayısıoğludur. Sonradan ona məlum olmuşdur ki, cavabdeh X9 həmin torpaq sahəsinin 3 sot hissəsini qanunsuz olaraq zəbt etmiş, orada tikinti işləri aparmışdır. Cavabdeh oraya daş tökərək hasar hördürmüşdür. Bununla bağlı Xəzər Rayon Polis İdarəsinə müraciət etsə də, nəticəsiz olmuş, cavabdeh barəsində cinayət işi başlanmamışdır. Cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsində hasar hörülməsi nəticəsində o öz hüququndan istifadə etmək hüququndan məhrum edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdehin adının İqor, ata adının Nubalayeviç kimi qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 bildirdi ki, onun bağ sahəsi mübahisəli torpaq sahəsindən kənarda yerləşir. İddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərfələrinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri ərazi idarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli 697 nömrəli məktubdan görünür ki, İddiaçı 22 yanvar 2205ci il tarixdə ölmüş anası X2 adına vərəsəlik işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 4017 nömrəli müqaviləsindən görünür ki, Bakı şəhəri Xaşa-Xuna bağları ərazisində 0,25 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********67 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən bağ sahəsi sənəd üzrə 2500 m2 olsa da, faktiki olaraq 2197 m2 təşkil edir. Ümumi ərazinin böyük bir hissəsi yüksək gərginlikli (110 kVt) elektrik xəttinin mühafizəsi zolağinda yerləşir. Göstərilən bağ sahəsi sənəd üzrə 2500 m2 olsa da, faktiki olaraq 2197 m2 təşkil edir. Eskizdən göründüyü kimi şimal hissədə yerləşən 303 m2 torpaq sahəsi qonşu bağ sahəsinin ərazisindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 4017 nömrəli müqaviləsindən görünür ki, Bakı şəhəri Xaşa- Xuna bağları ərazisində 0,25 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı 22 yanvar 2205-ci il tarixdə ölmüş anası X2 adına vərəsəlik işi açılmışdır. Həmçinin iş üzrə təyin edilmiş ekspertiza üzrə mütəxəssis rəyində əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********67 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən bağ sahəsi sənəd üzrə 2500 m2 olsa da, faktiki olaraq 2197 m2 təşkil edir. Ümumi ərazinin böyük bir hissəsi yüksək gərginlikli (110 kVt) elektrik xəttinin mühafizəsi zolağinda yerləşir. Göstərilən bağ sahəsi sənəd üzrə 2500 m2 olsa da, faktiki olaraq 2197 m2 təşkil edir. Eskizdən göründüyü kimi şimal hissədə yerləşən 303 m2 torpaq sahəsi qonşu bağ sahəsinin ərazisindədir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi Bakı şəhəri İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 4017 nömrəli müqaviləsinə əsasən Bakı şəhəri Xaşa-Xuna bağları ərazisində 0,25 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinin zəbt edilməsi mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Bu da özlüyündə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmiş olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Xəzər rayonunun Xaşa-Xuna ərazisində 0,25 ha. sahəsi olan 272 nömrəli bağ sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,03 ha. hissəsindən çıxarılmalı, cavabdeh tərəfindən tikilmiş hasar onun hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna ərazisində 0,25 ha. sahəsi olan 272 nömrəli bağ sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0,03 ha. hissəsindən çıxarılsın. Cavabdeh tərəfindən (mübahisəli torpaq sahəsində) tikilmiş hasar onun hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar