Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3411/2025 13.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Daşınmaz əmlakın qeydiyyata alınmasına dair sərəncam verilməsi” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Daşınmaz əmlakın qeydiyyata alınmasına dair sərəncam verilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən 6085.0 kv.metr boş torpaq sahəsində inşa edilən və yaşayış üçün yararlı olan 2 mərtəbədən ibarət yaşadığı fərdi yaşayış evinin Reyestr Xidmətində qeydiyyata alınmasına dair sərəncam vermək öhdəliyinin cavabdeh İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, S.Ə.Şirvani küçəsində yerləşən 6085.0 kv.metr boş torpaq sahəsində lazımi təmizlik işləri apararaq 1990-cı ildən istifadə etmiş, sonradan həmin torpaq sahəsində 2 mərtəbədən ibarət fərdi yaşayış evi tikərək 2000-ci ildən orada yaşayır, həmin ünvanda təbii qaz, elektrik enerjisi, su və sair kommunal xidmətlərlə təchiz olunmuş, torpaq sahəsinin cizgisi və koordinatları müəyyənləşdirilmiş və yaşayış üçün tam yararlıdır. Həmçinin qeyd olunur ki, iddiaçı tərəfindən İcra Hakimiyyətinə müraciət edilərək həmin torpaq sahəsinin və evin onun adına sənədləşdirilməsi üçün müvafiq sərəncam qəbul etməsi xahiş edilmiş, lakin cavabdeh xx.xx.2025-ci il tarixli məktubla daşınmaz əmlakın dövlət qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirildiyi üçün ona aidiyyəti üzrə həmin quruma müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh İcra Hakimiyyəti həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müvafiq sərəncam verməli olduğu halda bundan imtina etməsi əsassızdır. Ona görə hazırki iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ilk növbədə ərizələrin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsinə və buna uyğun olaraq onun icraata qəbul edilib-edilməməsinə qiymət verməlidir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkün hesab edilir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə görə də, əgər ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddiadan imtina edilməsi barədə qərardad qəbul etməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Çünki, iddiaçı məhkəməyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan məsələ ilə bağlı müraciət etmişdir Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il Qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndində qeyd edilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli Qərarına (Siyahı, İİİ, 1.) əsasən, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqan sayılır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Yuxarıda qeyd olunan qanunvericilik normalarını və Ali Məhkəmənin Penumunun hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə qeyd edir ki, Cavabdeh inzibati orqandır. Fiziki şəxslər dövlətin mülkiyyətində olan torpağın onların mülkiyyətinə verilməsi, bu məqsədlə müvafiq Sərəncam verilməsi ilə bağlı inzibati orqanın qərar və hərəkətlərini mübahisələndirmək hüququna malikdir. Belə mübahisələrə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçı torpaq sahəsinin və evin uzun müddət onun sahibliyində və istifadəsində olduğunu əsas gətirərək həmin daşınmaz əmlakın onun mülkiyyətinə verilməsi və dövlət qeydiyyatına alınması üçün icra hakimiyyəti orqanı tərəfindən Sərəncam verilməsini istəyir. Bu məqsədlə o, Cavabdehnə müraciət etmiş, lakin İcra Hakimiyyəti bundan imtina edərək onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı da hazırda İcra Hakimiyyətinin imtinasını mübahisələndirməklə yanaşı, müvafiq Sərəncamın verilməsi vəzifəsinin İcra Hakimiyyəti orqanının üzərinə qoyulması tələbilə ümumi məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan məsələ ilə bağlı iddiaçı mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. MPM-in 153-cü maddəsinin tələbinə əsasən, iddianın yolverilməzliyinə görə iddiadan imtina edilməsi barədə əsaslandırılmış qərardad çıxarılır, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilir və bu, ərizəçiyə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa (ərizə verməyə) mane olur. Qərardaddan şikayət verilə bilər. Bununla yanaşı, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, qərardadda iddiaçının hansı məhkəməyə müraciət etməli olması göstərilməlidir. MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalı və qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Bunula yanaşı, iddiaçıya izah olunur ki, yuxarıda qeyd olunanlara uyğun olaraq müvafiq iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı X1 Bakı şəhəri Cavabdehnə qarşı “daşınmaz əmlakın qeydiyyata alınmasına dair sərəncam verilməsi” tələbi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı X2 tərəfindən xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3411/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3411/2025
13.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver