Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3488/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsi, yaşayış sahəsi 62.1 kv.m yardımçı sahəsi 54.3 kv.m ümumi sahəsi 116.4 kv.m olan 191 saylı bağ evinə köçürülməsi, həmçinin hüquqi yardıma görə 350 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, yaşayış sahəsi 62.1 kv.m, yardımçı sahəsi 54.3 kv.m - ümumi sahəsi 116.4 kv.m olan 191 saylı bağ evi və həmin evin yerləşdiyi 0.1962 kv.m olan torpaq sahəsinin 1/3 hissəsi onun, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə X1 paylar məlum olan ümumi mülkiyyətindədir. Həmin bağ evinin göstərilən şəxslərin paylı mülkiyyətlərində olması DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən verilmiş 13.08.2014-cü il qeydiyyat tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla təsdiq olunur. Göstərilənlərə əsasən ünvan 1 ünvanda 0.1962 kv.m torpaq sahəsinin 1/3 hissəsi üzərində mülkiyyət hüququna malikdir. ünvan 1 ünvanda 0.1962 kv.m torpaq sahəsinin 1/3 hissəsi üzərində mülkiyyət hüququna malik olsa da, cavabdehlər onu yaşamaq üçün evə buraxmırlar. Ona görə də məcbur olub həyətdə olan dəmir konteynerdə yaşamaq məcburiyyətindədir. Onun da həmin evdə yaşamaq hüququnun olmasını bildirdikdə Cavabdeh1 məhkəmə sənədi gətirməsini tələb edir. Ona görə də mülkiyyətçi olaraq göstərilən bağ evinə dair malik olduğu hüquqlarından, yəni sahiblik, istifadə və sərəncam hüququndan qanunsuz olaraq cavabdeh olan qardaşı tərəfindən faktiki məhrum olunmuşdur. İddia tələbi üzrə digər cavabdeh olan anası Cavabdeh2 həmin bağ evində qeydiyyatda olaraq yaşadığına görə qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh qismində məhkəməyə cəlb edilir. Əslində o, digər cavabdeh olan qardaşı Cavabdeh1 təzyiqi altındadır və müstəqil olaraq fikir bildirməyə ehtiyat edir. Anasını həmin bağ evinə səxsən özü qeydiyyata saldırmışdır. Bağ evinə və torpaq sahəsinə 1/3 hissədə mülkiyyət hüququna malik olsa da qardaşı Hənifə həmin evdə yaşamır. O, faktiki olaraq Əmircan qəsəbəsində ailə ilə birlikdə yaşayır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər evin naturada bölündüyü halda iddiaçının evdə yaşamasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 191 saylı bağ evi 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 191 saylı bağ evi iddiaçının paylı mülkiyyətində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, iddiaçının həmin evə köçməsi üçün hüquqi əsası vardır. Lakin, iddiaçı cavabdehlərin onu mübahisəli evə buraxmaması nəticəsində mülkiyyətində olan evə köçə bilmir. Odur ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Məhkəmə iddiaçının hüquqi yardıma görə 350 manatın və dövlət rüsumuna görə ödənilən 10 manatın Cavabdeh1 tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu və 350 manat hüquqi xidmətlərə görə ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 191 saylı bağ evinə köçürülməli, Cavabdeh1 hüquqi yardımın göstərilməsi ilə bağlı 350 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 191 saylı bağ evinə köçürülsün. Cavabdeh1 hüquqi yardımın göstərilməsi ilə bağlı 350 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3488/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3488/2021
16.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver