Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-3678/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh Sultanğa oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh Sultanğa oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ondan nisyə götürdüyü kənd məhsullarına görə borclu olduğu 870 (səkkiz yüz yetmiş) manat və həmin pulun tələb edilməsi ilə bağlı taksi ilə dəfələrlə cavabdehin yaşadığı ünvana getməyi ilə bağlı çəkdiyi 300 (üç yüz) manat, eləcə də Lambarddan götürdüyü 1400 manata görə ödədiyi 450 manat məbləğində pulun – ümumilikdə 1620 (bir min yüz səksən) manat pulun tutlaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 149.2.2-ci maddəsinə görə, iddia ərizəsində ... cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməlidir. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göründüyü kimi, qanunverici, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünü onun MPM-in tələblərinə riayət edilməsi ilə şərtləndirmişdir. Həmin Məcəllədə iddia ərizəsində göstərilməli olan hallar sırasında cavabdehin soyadı, adı, atasının adı ilə yanaşı onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatların (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi), yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) mütləq göstərilməli olduğu təsbit olunmuşdur. Bu məlumatlar həm məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsinə, həm cavabdehin işdə iştirakının təmin edilməklə məhkəmə müdafiəsi hüququnun təmin edilməsinə, həm də ağlabatan müddətdə işin ədalətli həllinə xidmət edir. İddia ərizəsindən görünür ki, iddiaçı qanunvericiliyin tələbinə əməl etməyərək, iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi şəxsin (Cavabdeh Sultanğa oğlu) şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları qeyd etməmiş, həmin şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar Elektron Məhkəmə İnformasiya Sistemindən də müəyyən edilməmişdir. Bu hal isə iddia ərizəsinin forma və məzmun tələblərinə riayət olunmadığına dəlalət etməklə, iddia ərizəsinin geri qaytarılması üçün əsasdır MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmunla bağlı tələblərinə riayət olunmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi qaytarıldığından, İddiaçı tərəfindən xx.xx.2025ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 36.60 AZN (otuz altı manat altmış qəpik) ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Habelə məhkəmə diqqətə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh Sultanğa oğluna qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 36.60 (otuz altı manat altmış qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №2(003)-3678/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-3678/2025
22.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver