Məhkəmə qərarları › İş №2(003)-3783/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3783/2021

14.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3783/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evindən payının naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-3539/2019 saylı 06.11.2019-cu il tarixli qətnaməsi ilə onun övladları ilə birlikdə Zirə qəsəbəsində yeni sahədə yerləşən fərdi yaşayış evinə köçürülməyi qət edilmişdir. Hazırda fərdi yaşayış evindən istifadə zamanı cavabdehlə aralarında mütəmadi olaraq gərginlik yaranır. Cavabdeh fərdi yaşayış evindən istifadəsinə maneə yaradır. Bu səbəbdən evin bölünməsinə ehtiyac yaranmışdır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evindən payının naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, evin heç bir sənədi yoxdur. Sadəcə sərəncamı və qiymətləndirmə kağızı vardır. Evin naturada bölünməsinə razı deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3539/2019 saylı 06.11.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 29 iyun 2004-cü il təvəllüdlü X1, 31 mart 2006-cı il təvəllüdlü X2 və 15 aprel 2008-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. İşin araşdırılan halları ilə təsdiq olunur ki, mübahisə predmeti olan fərdi yaşayış evi müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlakın hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından, tərəflər arasında paylar üzrə naturada ayrılması mümkün deyildir. Beləliklə, məhkəmə iclasında tədqiq olunanlara və qanunvericiliyin qeyd olunan normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı payın naturada bölünməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar